"Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yaratdığı xarici siyasət kursunu uğurla davam etdirir. Eyni zamanda çox sürətlə dəyişən dünyamızın reallıqlarına adekvat cavab verir, buna innovativlik, kreativlik, çeviklik gətirir".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat bildirib ki, xarici siyasətimizin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər yüksək səviyyədə olanda üçtərəfli, bütövlükdə çoxtərəfli münasibətlər formalaşır və inkişaf edir. Bu nöqteyi-nəzərdən Yaxın Şərq regionu və bu regionun müsəlman ölkələri ilə əlaqələrimiz dinamik inkişaf tempinə malikdir və Azərbaycanın xarici siyasət kursunda əsas istiqamətlərdən biridir.
"Xüsusilə Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etdiyi zamanda bu region ölkələri ilə əlaqələrimiz yeni müstəviyə keçdi. Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də Azərbaycanın Yaxın Şərq ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətləri dinamik inkişaf edir. Məhz bunun sayəsində Azərbaycan Yaxın Şərq regionunda da etibarlı tərəfdaş hesab edilir və dövlətimizin sözünün məna və çəkisi bu regionda da kifayət qədər böyükdür. Regionun dövlətləri arasında ixtilaflar olduqda Azərbaycan dövlətinin mövqeyi və proseslərə təsir imkanlarının genişliyi diqqətdən yayınmır. Bunu Türkiyə-İsrail arasındakı gərginliyin aradan qaldırılması proseslərində də görmək olar", - deyə o əlavə edib.
Siyasətçi qeyd edib ki, yaxın keçmişdə ikinci dəfədir ki, Türkiyə-İsrail münasibətləri böhran dövrünə daxil olub. Birinci dəfə bu böhran yaşanarkən Azərbaycanın vasitəçilik missiyası öz müsbət nəticəsini verdi. Türkiyə ilə İsrail arasında gərginlik aradan qalxdı. Bunun da səbəbi o idi ki, Azərbaycan Türkiyə ilə müttəfiq, İsrail ilə dost dövlətdir. İki dövlət ilə xüsusi münasibətlərimiz nəticə etibarilə Türkiyə-İsrail münasibətlərinin normallaşmasına səbəb oldu. Yenə oxşar situasiya yaranıb. İki dövlət arasında strateji məsələlərdə gərginlik yaranıb və bu gərginlik yüksələn xətt üzrə inkişaf edir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda bu məsələlərə diqqəti cəlb etdi və vurğuladı ki, Azərbaycan bir dəfə öz barışdırıcı missiyasını yerinə yetirib və real nəticələr əldə edib. İndiki vəziyyətdə də bizim Türkiyə ilə 2021-ci il tarixli Şuşa Bəyannaməsinə əsasən strateji və hərbi müttəfiqlik, İsraillə isə ənənəvi dostluq münasibətlərimiz var. Bu reallıq fonunda növbəti dəfə öz vasitəçilik mövqeyimizi ortaya qoyub dost və müttəfiq dövlətlər arasında münasibətlərin normallaşmasına kömək edə bilərik.
Deputat vurğulayıb ki, bu iki dövlət arasında münasibətlərin gərginləşməsi təkcə onlar arasında gərginliklə yekunlaşmır, bütövlükdə regional təhlükəsizliyə ciddi təhdid yaradır: "Ona görə də bu məsələdə vasitəçilik missiyamızı təklif edirik. Qısa zaman ərzində paytaxt Bakıda Türkiyə və İsrailin xüsusi xidmət orqanlarının görüşü keçirildi. Bu Azərbaycanın vasitəçilik missiyasıdır və inanırıq ki, müsbət nəticələri olacaq".
E.Nəsirov Azərbaycan-Suriya münasibətlərinin də inkişaf etməyə başladığını qeyd edərək xatırladıb ki, Bəşər Əsəd dövründə rəsmi Dəməşq birmənalı şəkildə Ermənistanı müdafiə edib, antiazərbaycançı siyasət yürüdüb. Buna görə də Azərbaycanın Suriyada səfirliyinin fəaliyyəti mümkünsüz olub və fəaliyyətini dayandırıb. İndi isə Suriyada yeni reallıq, yeni hakimiyyət formalaşır və Azərbaycan da bundan məmnundur. Xüsusilə qardaş Türkiyənin Suriyada gedən proseslərə ciddi təsir imkanları var və bu, sevindirici haldır. Türkiyə ilə birlikdə Azərbaycan da Suriyaya humanitar yardım göstərir. Artıq səfirliyimiz fəaliyyətini bərpa edib.
Ermənistanda siyasi hakimiyyət əsas dayaqlarından birini itirib. Daha Bəşər Əsəd rejimi yoxdur, Ermənistan da bundan çox məyusdur. "Prezident İlham Əliyev beynəlxalq forumda bu məqamlara da diqqəti cəlb etdi. Dövlətimizin başçısının Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi görüşlərin sırasında Suriyanın keçid dövrü üçün prezidenti Əhməd Əş-Şaraa ilə də görüşü oldu. Bu görüş yüksək səviyyədə keçdi, qarşılıqlı etimad əsasında baş tutdu. Prezident İlham Əliyev suriyalı həmkarını ölkəmizə rəsmi səfərə dəvət etdi və bu dəvət məmnunluqla qarşılandı. Göründüyü kimi, Azərbaycanın Yaxın Şərq, Orta Şərq regionu ölkələri ilə münasibətlərinin inkişafı nəticə etibarilə həm ölkəmizin mövqelərini beynəlxalq aləmdə və regionda gücləndirir, həm də bu ölkələrin strateji maraqlarına tam cavab verib", - deyə deputat əlavə edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"