Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin və Fələstin Dövlətində Təmsilçilik ofisinin təsis edilməsi Yaxın Şərq və Şimali Afrika regionunda yeni reallıqlar kontekstində qiymətləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı çıxış edən ərəb ölkələri və İsrail politoloqları Azərbaycanın bu addımını yeni regional reallıqlar fonunda şərh edirlər. Onlar qeyd edirlər ki, əvvəllər antisemit meyilli bəzi Qərb qüvvələri və onların qızışdırdıqları ərəb liderlərinin barışmaz mövqeyi artıq arxada qalıb. İndi İsrailin ərəb dövlətləri - Birləşmiş Ərəb Əmirlikləri, Misir, İordaniya, Mərakeş, Bəhreyn, Omanla münasibətləri normallaşıb, müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir. Bu baxımdan, rəsmi Bakının Təl-Əviv və ərəb ölkələri ilə daha sıx əlaqələri üçün də yeni perspektiv yaranıb. Məsələn, Frakofoniya siyasəti fonunda Yaxın Şərq və Şimali Afrika regionunda hakim mövqeyini itirən Fransa kimi keçmiş imperiyalar artıq ərəb ölkələri üçün sıradan bir tərəfdaşa çevrilib, ərəb liderləri istər neft hasilatı, istərsə də hərbi sənaye sahəsində əməkdaşlıq istiqamətlərini heç kimdən asılı olmayaraq müəyyən edirlər. Hazırda Azərbaycan həm onlar, həm də İsrail üçün ən mühüm strateji əhəmiyyətə malik olan ölkədir. Səudiyyə Ərəbistanı, BƏƏ şirkətlərinin ölkəmizdə həyata keçirdikləri irimiqyaslı layihələr bunu deməyə əsas verir.
Ərəb politoloqları hesab edirlər ki, Qoşulmama Hərəkatına uğurlu sədrlik edən rəsmi Bakı Fələstin probleminin həllinə daha böyük töhfə verə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının Zirvə Görüşündəki çıxışı dövlətimizin başçısının və ölkəmizin Yaxın Şərqdə nüfuzunu daha da artırıb.
Balanslaşdırılmış və təmkinli xarici siyasət yürüdən Azərbaycan Fələstin probleminin həllinə də diqqətlə yanaşır. 2018-ci ildə Fələstin Dövlətinin xarici işlər naziri Riad əl-Malikini qəbul edən Prezident İlham Əliyev rəsmi Bakının bu problemin həllində həmrəylik nümayiş etdirdiyini və Azərbaycanın Fələstinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu bildirib. Dövlət başçısı, həmçinin 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısındakı çıxışında da bu dəstəyini bildirib. Bundan başqa, 2017-ci ildə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib. Ölkəmiz Fələstin xalqına dəfələrlə humanitar yardımlar göndərib. Prezident İlham Əliyev Fələstin Dövləti ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bu ilin aprelində öz həmkarı Mahmud Abbasa ünvanlandığı məktubda Bakının Fələstinlə bağlı bir sıra mühüm tədbirlərə ev sahibliyi edərək regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verdiyini qeyd edib.
Digər tərəfdən, İsrail Türkiyə münasibətlərinin normallaşması da regional əməkdaşlıq üçün mühüm zəmin yaradıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə yenidən qələbə qazanmış Binyamin Netanyahunu təbrik edərək iki ölkə arasında əlaqələrin möhkəmlənməsinin zəruriliyini vurğulayıb. İsrail də, öz növbəsində, Ankara ilə əməkdaşlığın inkişafında maraqlıdır. Bu normallaşma prosesi Azərbaycanın İsrail və Türkiyə ilə birlikdə regional sabitliyə və təhlükəsizliyə xidmət edən yeni layihələr həyata keçirməsinə şərait yaradır.
İsrailin “The Jerusalem Post” qəzeti özünün baş məqaləsində bildirib ki, İsrailin 1993-cü ildən Bakıda səfirliyi, Azərbaycanın isə Təl-Əvivdə Turizm ofisi və Ticarət nümayəndəlikləri fəaliyyət göstərir, səfirliyin açılması isə əlaqələrdə yeni mərhələnin başlanğıcıdır. Qəzet Baş nazir Yair Lapidin sözlərini sitat gətirib: “Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və böyük yəhudi icmasının vətənidir”.