Qələbəmizi təmin edən amillərdəndir
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 30 ilə yaxın davam edən işğala, qəsbə son qoydu. Azərbaycan Silahlı Qüvvələrinin döyüşlər zamanı həyata keçirdiyi “Qisas”, “Qətiyyətli cavab” və 19-20 sentyabr 2023-cü ildəki antiterror əməliyyatları nəticəsində Qarabağ Ermənistan silahlı qüvvələrinin tör-töküntülərindən və erməni sepatarçılarından təmizləndi. Qazanılmış Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Haqq-ədalət gec də olsa, yerini tapdı. Bu gün də şanlı Azərbaycan Ordusu ölkəmizə qarşı olacaq bütün təxribatların qarşısını almaq gücündə və qətiyyətindədir.
Təbbidir ki, düşmən üzərində uğurlar asanlıqla qazanılmır. Ordu nə qədər müasir silahlarla təmin edilərsə, o qədər güclü və qüdrətli olur. Cəbhədə döyüşən əsgər düşməni daha tez məğlub edir. İkinci Qarabağ müharibəsində də erməni işğalçıları üzərində Zəfər zabit və əsgərlərimizin igidliyi və qəhrəmanlığı ilə yanaşı, həm də ən müasir silahlarla silahlanmalarının hesabına əldə olundu. Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən islahatlar nəticəsində dövlətimizin iqtisadi və maliyyə imkanları artdıqca ordumuzun maddi-texniki bazası da möhkəmlənir. Ordumuz ən müasir silah və avadanlıqlarla, zirehli texnikalarla, müxtəlif döyüş vasitələri ilə təmin olunur. Elə bu yüksək təminatın nəticəsidir ki, bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları ilə bir sırada dayanır.
Ordumuzu daha da gücləndirmək, ən müasir silah-sursatlarla, döyüş vasitələri təmin etmək məqsədi ilə ölkəmzizin müdafiə sənayesi də daim inkişaf etdirilir. Bu sahədə uğurlu islahatlar həyata keçirilir. Son illər qlobal iqtisadi çağırışlara cavab olaraq bu sahədə həyata keçirilmiş, konkret hədəflərə hesablanmış məqsədyönlü tədbirlər nəticəsində ölkədə iqtisadiyyatın digər sektorları kimi sənaye infrastrukturu da xeyli təkmilləşdirilmiş və inkişaf etdirilmişdir. Müdafiə sənayesinin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilmişdir.
Ölkəmizin müdafiəsini təmin etmək, ordumuzun maddi-texniki bazasını daha da gücləndirmək məqsədilə 2003-cü ildə Prezident Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı" təsdiq edilib. Bu proqramda hərbi sahədə kənardan asılılığın azaldılması və Silahlı Qüvvələrimizin yeni məhsullarla təminatı nəzərdə tutulurdu. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilib və onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından sonra ölkəmizdə bu sahənin inkişafı demək olar ki, yeni mərhələyə qədəm qoydu. Bu sahənin inkişaf etdirilməsi üçün yeni perspektivlər açıldı. Müdafiə Sənayesi Nazirliyi qəbul edilmiş strateji proqram və planlar üzrə Silahlı Qüvvələrin imkan və qabiliyyətinin qarşıda dyanan mühüm vəzifələrə uyğun inkişaf etdirilməsi üçün zəruri silah, hərbi və xüsusia texnika növlərinin tətbiqinə, onların yerli istehsalına başladı. Nazirliyin
“İqlim" Elmi İstehsalat, "Telemexanika", "Peyk", "Azon", "Alov", Elektron Hesablayıcı Maşınlar və "Radioquraşdırma" , "Dalğa", "Araz" , "Avia-Aqreqat, "Sənayecihaz" kimi müəssisə və zavodlarında Silahlı Qüvvələrimizi müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin etmək üçün onlarca yeni istehsalat sahələri yaradıldı.
Hər şeydən əvvəl Azərbaycan Ordusunu atıcı silahlara olan tələbatı nəzərə alınaraq, piyada və tank əleyhinə minaların, qumbaraatanların, minaatanların, müxtəlif çaplı tapança, avtomat, pulemyot, snayper tüfəngləri və patronların istehsalına başlanıldı. "Zəfər", "Zəfər-K", "İnam" tapançaları, PKT, PKM, pulemyotları, "Mübariz", "İstiqlal", "Yalquzaq", "Yırtıcı" snayper tüfəngləri, "Boran" artilleriya qurğusu, "Qaya" tank əleyhinə əl qumbaraatanları, "Komando" tipli "Aşırım" minaatanları, "Matador" və "Marauder" zirehli hərbi texnikaları hazırlandı.
Azərbaycanın iqtisadi imkanları ilbəil artdıqca güc strukturlarının müasir standartlar səviyyəsində və özündə yeni texnologiyaları cəmləşdirən silah sistemləri ilə təchiz edilməsi, bununla yanaşı, XXI əsr müharibələrinin müqəddəratını həll edən kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının - PUA-ların yerli istehsalı sahəsində də mühüm addımlar atılıb. "Zərbə" , "Orbiter 1", "Orbiter 1 KM" (İti qovan), "Orbiter 2", "Orbiter 3" kimi PUA-lar məhz milli müdafiə sənayemizin uğurlarıdır.
Müntəzəm olaraq Bakı-Ekspo Mərkəzində təşkil olunan silah sərgilərində ölkəmizdə istehsal olunan döyüş vasitələri, silah-sursat, optik cihazlar, zirehli tenikalar, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları da nümayiş etdirilir. İftixarla qeyd etmək olar ki, müdafiə sənayemizin son nailiyyətləri keçirilən sərgilərdə böyük maraqla qarşılanır, mütəxəssislərin diqqətini cəlb edir. Bu, bir daha göstərir ki, ölkəmizdə müdafiə sənayesi daim inkişaf edir, təkmilləşir. Müdafiə sənayemiz dünyanın ən aparıcı dövlətlərinin istehsalından geri qalmır, hələ bir ölkələri də qabaqlayır.
Bu gün Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilir. Sərgidə ölkəmizin müdafiə sənayesinin məhsulları da nümayiş etdirilir. Belə sərgilərin keçirilməsi müdafiə sənayesinin inkişafına, yeni istehsal sahələrinin yaradılmasına, qarşlıqlı əməkdaşlığa müsbət töhfələr verir.
Prezident İlham Əliyev “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə bu vacib sahəyə diqqət yetirərək demişdir: “Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. “ADEX” sərgisi həm ölkəmizin müdafiə-sənaye kompleksinin gücünün və potensialının, o cümlədən innovativ texnologiyalarının, həm də tərəfdaşlarımızın müdafiə sənayesi müəssisələrinin müasir məhsullarının və yeni nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır”.
İnanırıq ki, əvvəlki sərgilərdə olduğu kimi bu dəfə də ölkəmizin müdafiə sənayesinin məhsulları hərbi ekspertlər, peşəkar mütəxəssilər və bu sahənin şirkətləri tərəfindən yüksək qiymətləndiriləcək. Müdafiə sənayemizin inkişafı ölkəmizin adına böyük uğurlar qazandıracaq.
Vahid MƏHƏRRƏMOV,
“Azərbaycan”