Prezident İlham Əliyevin "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasındakı çıxışı Azərbaycanın enerji strategiyasının ardıcıl, uzaqgörən və praqmatik mahiyyətini bir daha nümayiş etdirdi.
Dövlət başçısının vurğuladığı kimi, son on iki ilin təcrübəsi göstərir ki, enerji təhlükəsizliyi məsələləri yalnız qarşılıqlı etimad, açıq dialoq və birgə planlaşdırma əsasında effektiv həll edilə bilər və məhz birlikdə toplaşmaqla mühüm məsələlərin müzakirə yolu ilə həllinin əhəmiyyəti bu gün daha aydın görünür. "Cənub qaz dəhlizi" təşəbbüsünün artıq on ildən çox davamlı fəaliyyət göstərməsi təkcə irimiqyaslı infrastruktur layihəsinin uğuru deyil, həm də çoxtərəfli əməkdaşlıq modelinin özünü doğrultmasının bariz nümunəsidir. Çətin geosiyasi proseslərə və regionda baş verən mürəkkəb hadisələrə baxmayaraq, Azərbaycan istehsalçı, tranzit və istehlakçı ölkələr arasında etibarlı körpü rolunu gücləndirərək enerji təhlükəsizliyini real nəticələrlə təmin edə bilib.
Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 12-dən 16-ya çatdırılması və boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə dünyada birinci yerə yüksəlməsi ölkənin enerji diplomatiyasının yüksək səviyyədə qurulduğunu göstərir. Artıq Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Almaniya və Avstriya kimi böyük iqtisadiyyatlara malik dövlətlərə qaz tədarükünün başlanması isə Azərbaycanın Avropanın enerji bazarında mövqeyini daha da möhkəmləndirir. Bununla yanaşı, Avropa hüdudlarından kənara çıxaraq Suriyaya 1,5 milyard kubmetr həcmində qaz çatdırılması Azərbaycanın enerji siyasətinin humanitar və regional sabitliyə xidmət edən tərəfini də ortaya qoyur. Elektrik enerjisinin inkişaf üçün əsas şərt olduğunu nəzərə alsaq, bu addımın sosial-iqtisadi əhəmiyyəti xüsusilə diqqətəlayiqdir.
Yeni yataqlar və mərhələlər üzrə planlaşdırılan qaz hasilatı artımı Azərbaycanın uzunmüddətli enerji strategiyasının sistemli şəkildə qurulduğunu göstərir. "Azəri-Çıraq-Günəşli" yatağının dərin qaz layları, "Abşeron" yatağının tammiqyaslı işlənməsi, "Ümid" yatağının ikinci mərhələsi və "Şahdəniz" yatağı üzrə 2028-ci ildə gözlənilən yeni mərhələ ölkəyə yaxın illərdə əlavə 10-15 milyard kubmetr qaz hasil etmək imkanı verəcək. Bununla belə, "Cənub qaz dəhlizi"nin tam yüklənmiş vəziyyətdə olması yeni interkonnektorların və nəqliyyat infrastrukturunun genişləndirilməsini zəruri edir ki, bu da strateji planlaşdırmanın real bazar tələbatına uyğun aparıldığını göstərir.
"Yaşıl enerji" istiqamətində əldə olunan nəticələr isə Azərbaycanın enerji siyasətində balanslı və praqmatik yanaşmanı əks etdirir. 240 meqavat gücündə külək-elektrik stansiyasının və 230 meqavatlıq günəş-elektrik stansiyasının istifadəyə verilməsi, eləcə də icra mərhələsində olan digər layihələr ölkənin alternativ enerji sahəsində ciddi irəliləyişə nail olduğunu sübut edir. 2032-ci ilə qədər 6-8 giqavat həcmində bərpaolunan enerji gücünün əldə olunması planı isə Azərbaycanın regionda "yaşıl enerji" mərkəzinə çevrilmək niyyətini ortaya qoyur. Xüsusilə qeyd olunmalıdır ki, bu layihələr memorandum deyil, konkret müqavilələr əsasında həyata keçirilir və bu da öhdəliklərin real icrasına təminat verir.
Prezident İlham Əliyevin qazıntı yanacağı ilə bərpaolunan enerji arasında balansın qorunmasına dair fikirləri enerji keçidinə ideoloji deyil, praqmatik və realist yanaşmanın göstəricisidir. Azərbaycan öz qaz ehtiyatlarının uzunmüddətli potensialına baxmayaraq, paralel şəkildə "yaşıl enerji"yə milyardlarla sərmayə yatırmaqla həm ekoloji məsuliyyət nümayiş etdirir, həm də artan daxili tələbatı və sənayeləşməni təmin etməyə hazırlaşır. Hidroelektrik stansiyaların gücünün artırılması, işğaldan azad edilmiş ərazilərdə 307 meqavatlıq potensialın artıq sistemə qoşulması və yaxın illərdə bunun ikiqat artırılması planı enerji balansının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası enerji, süni intellekt, bağlılıq və digər sahələrdə yeni imkanlar açaraq Azərbaycanın qlobal əməkdaşlıq şəbəkəsini daha da genişləndirir. Eyni zamanda Türkiyədə 870 meqavatlıq elektrik stansiyasının əldə olunması, Serbiyada 500 meqavatlıq stansiyanın inşasına dair müqavilə və İtaliya ilə Türkiyədə ümumilikdə 22 milyon tonluq neftayırma potensialı Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsinin artıq geniş beynəlxalq miqyas aldığını göstərir.
Bütün bunların fonunda Prezident İlham Əliyevin çıxışı bir daha sübut edir ki, Azərbaycan yalnız enerji resurslarına malik ölkə deyil, həm də enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, tranzit mərkəzi və "yaşıl enerji" transformasiyasını həyata keçirən strateji aktordur. Bu siyasət həm milli maraqlara xidmət edir, həm də regional və qlobal sabitliyə real və davamlı töhfə verir.
Vasif QAFAROV,
Milli Məclisin deputatı