Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və çoxşaxəli xarici siyasətin nəticəsidir. Bu siyasətin mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, müxtəlif siyasi və mədəni məkanlar arasında əməkdaşlığın genişlənməsinə töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib.
“Azərbaycanın xarici siyasətinin gücü onun yalnız bir istiqamətə söykənməməsindədir. Azərbaycan Avropa ilə siyasi və iqtisadi əməkdaşlığını inkişaf etdirir, eyni zamanda, Türk dünyasının birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verir. Ölkəmiz İslam dünyasının ayrılmaz hissəsi olaraq İslam həmrəyliyinə və onun mənəvi-mədəni dəyərlərinə sadiqliyini də ardıcıl şəkildə nümayiş etdirir. Bu istiqamətlər bir-birinə zidd deyil. Əksinə, Azərbaycanın müxtəlif coğrafiyaları, siyasi platformaları və sivilizasiyaları bir araya gətirə bilən dövlət kimi beynəlxalq çəkisini artırır”, – deyə Umud Mirzəyev vurğulayıb.
BAMF prezidenti bildirib ki, Azərbaycanın multilateralizmə verdiyi önəm də bu siyasətin mühüm tərkib hissəsidir. BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalarda fəal iştirak, eləcə də qlobal əhəmiyyətli təşəbbüslərin irəli sürülməsi Azərbaycanın artıq yalnız regional proseslərin iştirakçısı deyil, daha geniş beynəlxalq gündəliyə təsir göstərmək imkanlarına malik dövlət olduğunu göstərir.
Onun sözlərinə görə, Azərbaycanın bu gün həm Avropa siyasi məkanında, həm Türk və İslam dünyasında, həm də qlobal çoxtərəfli diplomatiyada fəal mövqe tutması təsadüfi deyil. Bunun arxasında uzun illər ərzində formalaşdırılmış siyasi etimad, iqtisadi imkanlar, müstəqil qərarvermə qabiliyyəti və Prezident İlham Əliyevin ardıcıl diplomatik xətti dayanır.
“Dünyada geosiyasi qarşıdurmaların dərinləşdiyi, beynəlxalq münasibətlər sistemində etimad böhranının yaşandığı bir dövrdə Azərbaycan qarşıdurma deyil, əməkdaşlıq; təcrid deyil, dialoq; birtərəfli yanaşma deyil, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq təklif edir. Azərbaycanın artan beynəlxalq nüfuzunun əsas səbəblərindən biri də məhz budur. Bu gün Azərbaycan müxtəlif siyasi qütblərlə danışa bilən, Şərqlə Qərb, Şimalla Cənub arasında körpülər yaradan və öz milli maraqlarını qorumaqla qlobal əməkdaşlığa real töhfə verən dövlət kimi qəbul olunur”, – deyə BAMF prezidenti fikrini yekunlaşdırıb.