Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt Azərbaycanın davamlı inkişafının və etibarlı gələcəyinin möhkəm təməlidir
Tarixin gedişatını dəyişən, xalqların taleyində silinməz iz qoyan elə şəxsiyyətlər var ki, onların həyatı və fəaliyyəti yaşadıqları dövrün hüdudlarını aşaraq gələcək nəsillər üçün örnəyə çevrilir. Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyev məhz belə müstəsna şəxsiyyət, xilaskar və qurucu dövlət xadimi kimi əbədi yer tutur. Təsadüfi deyil ki, Ulu Öndərin adı ilə bağlı dövlətçilik salnaməmizə həkk olunmuş hər bir əlamətdar tarix xalqımız tərəfindən dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə qeyd edilir.
Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə ali siyasi rəhbərliyə gəlməsinin 57-ci ildönümüdür. 1969-cu il 14 iyul tarixində Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması respublikamızın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Məhz həmin gündən etibarən Azərbaycanı intibaha, hərtərəfli inkişafa və milli oyanışa aparan fundamental islahatların əsası qoyuldu, ölkənin sosial-iqtisadi, elmi, mədəni və mənəvi yüksəlişini təmin edən genişmiqyaslı dəyişikliklər həyata keçirilməyə başlandı. 1969-cu il 14 iyul tarixi təkcə Heydər Əliyevin siyasi fəaliyyətinin başlanğıcı deyil, həm də Azərbaycanın müasir inkişaf konsepsiyasının formalaşdığı, milli dövlətçilik təfəkkürünün möhkəmləndiyi və gələcək müstəqilliyimizin siyasi, iqtisadi və ideoloji təməllərinin yaradıldığı dönüş nöqtəsi kimi tariximizə həkk olunub. Bu baxımdan xalqımız həmin tarixin 57-ci ildönümünü böyük ehtiram, qürur və qədirbilənlik hissi ilə qeyd edir.
14 iyul 1969-cu il tarixi Azərbaycanın yüksəlişinə xidmət edən Heydər Əliyev siyasətinin başlandığı gündür. Ulu Öndərin ilk gündən fəaliyyətinin əsas qayələrindən biri Azərbaycanın ittifaq miqyasındakı iqtisadi geriliyinin aradan qaldırılması oldu. Ötən əsrin 60-cı illərində Azərbaycanın iqtisadi göstəriciləri ümumittifaq səviyyəsindən əhəmiyyətli dərəcədə, sənaye istehsalına, milli gəlirin artımına görə Azərbaycan ittifaq respublikaları arasında çox geri qalırdı. Mövcud potensialdan səmərəli istifadə olunmaması, idarəetmədəki nöqsanlar və iqtisadi fəallığın zəifləməsi respublikanın inkişafına ciddi maneələr yaradırdı. Heydər Əliyev dühasının məqsədyönlü iqtisadi siyasəti sayəsində qısa müddətdə respublikamız qabaqcıl sənaye ölkəsinə və elmi-texniki tərəqqinin mərkəzinə çevrildi. Reallaşdırılan tədbirlər nəticəsində respublikamızda tarixi boyu görünməmiş sənaye və iqtisadi sıçrayış baş verdi. 1969-1982-ci illəri əhatə edən dövrdə ümumilikdə 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verildi. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə yüksəldi, milli gəlirin ümumi həcmi isə 2,5 dəfə artdı. İstehsalat sahələrində elmi-texniki tərəqqinin tətbiqi genişləndirildi. 581 adda yeni tipli maşın, avadanlıq və cihaz nümunələri yaradıldı, 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanıldı. Zavod və fabriklərdə mexanikləşdirmə prosesi sürətləndi, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verildi. Bunun nəticəsi olaraq Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılması geniş vüsət aldı, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmağa başlandı. 1969-1982-ci illərdə Azərbaycanda milli gəlirin ümumi həcmi 2,5 dəfə, xalq istehlakı mallarının istehsalı 3 dəfə, sənaye istehsalı 2,7 dəfə artmışdı.
Azərbaycanda sovet hakimiyyəti dövründə yol-nəqliyyat infrastrukturunun genişlənməsi də Heydər Əliyevin rəhbərliyi illərinə təsadüf edir. Həmin dövrdə respublikamızda avtomobil yollarının uzunluğu 1,2 dəfə artmış, hərəkət intensivliyi dəfələrlə yüksəlmişdi.
Heydər Əliyevin Azərbaycana birinci dövr rəhbərliyinin əsas mühüm göstəricilərindən biri idarəetməyə azərbaycanlı kadrların irəli çəkilməsidir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə milli kadr hazırlığı məsələləri daim ön planda olub. Ulu Öndərin təşəbbüsləri ilə təhsil müəssisələrinin zəngin şəbəkəsi yaradıldı və onların maddi-texniki bazası möhkəmləndirildi. Konkret desək, 6 yeni ali məktəb və 12 orta ixtisas məktəbi yaradıldı. Respublikanın ali məktəblərində 100-dən artıq yeni ixtisas açıldı.
Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin ən parlaq göstəricisi isə azərbaycanlı gənclərin ittifaq miqyasında təhsilə cəlb olunması idi. Ulu Öndərin şəxsi təşəbbüsü ilə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu və aparıcı elm və təhsil ocağına azərbaycanlı tələbələr göndərildi. Bu proqram çərçivəsində ilkin mərhələdə 10 minə yaxın, ümumilikdə isə respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc yüksək ali təhsil alaraq vətənə qayıtdı. Bu addım gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial formalaşdırdı.
Heydər Əliyev dühasının bu müstəvidə gələcəyə hesablanmış uzaqgörən strateji gedişlərindən biri milli hərbi kadr hazırlığı idi. Ümummilli Lider bu məqsədlə respublika gənclərinin bilavasitə Bakıda, doğma vətən torpağında peşəkar hərbi təhsil alması üçün o zamanlar SSRİ daxilində qeyri-mümkün görünən bütün addımları atdı. Kremlin hər vəchlə yaratdığı maneələrə, Moskvadan gələn ciddi etirazlara və sovet hərbi elitasının təzyiqlərinə cəsarətlə sinə gərərək, 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Respublika İxtisaslaşdırılmış İnternat Məktəbinin (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey) açılmasına nail oldu. Bu, gələcək müstəqil Azərbaycan Ordusunun zabit korpusunun formalaşdırıldığı ilk ali hərbi mərkəz idi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövründə həyata keçirdiyi məqsədyönlü siyasət təkcə respublikanın sosial-iqtisadi inkişafını təmin etmədi, eyni zamanda xalqımızın milli oyanışına və milli özünüdərk prosesinin güclənməsinə mühüm təkan verdi. Sovet ideoloji sisteminin mahiyyətini dərindən bilən, milli-mənəvi dəyərlərimizin müxtəlif vasitələrlə sıxışdırıldığını aydın görən Ulu Öndər böyük cəsarətlə bütün siyasi və ideoloji maneələrə sinə gərdi. Onun həyata keçirdiyi uzaqgörən siyasət milli şüurun möhkəmlənməsinə, ana dilinə, tariximizə, mədəniyyətimizə və milli-mənəvi irsimizə bağlılığın güclənməsinə xidmət etdi. Məhz buna görə də Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsi tariximizə milli özünüdərk və milli oyanış dövrü kimi daxil oldu, sonrakı illərdə dövlət müstəqilliyimizin bərpasını və möhkəmləndirilməsini şərtləndirən siyasi və mənəvi təməlin formalaşmasına zəmin yaratdı.
Ümummilli Lider Heydər Əliyev milli kimliyimizi yaşadan ana dilimizin inkişafını və qorunmasını daim diqqət mərkəzində saxlayırdı. Ulu Öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə tarixdə misli görünməmiş cəsarət və siyasi müdriklik nümayiş etdirdi. Bakı Dövlət Universitetinin ( ovaxtkı Azərbaycan Dövlət Universiteti) 50 illiyinə həsr olunan təntənəli toplantıda rəsmi protokoldan kənara çıxaraq Azərbaycan dilində çıxış etdi. Bu tarixi hadisə Ulu Öndərin ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını açıq şəkildə göstərməklə, xalq arasında Heydər Əliyevə sonsuz bir hörmət və məhəbbət qazandırdı. Bu siyasətin hüquqi zirvəsi olaraq, bütün təzyiqlərə rəğmən Ulu Öndərin cəsarətli mübarizəsi nəticəsində respublikanın yeni Konstitusiyasının 73-cü maddəsinə dövlət dili statusu daxil edildi.
Respublikamızda əldə olunan möhtəşəm nəticələr Heydər Əliyevin SSRİ rəhbərliyində daha yüksək vəzifəyə irəli çəkilməsini şərtləndirdi. 1982-ci ildə onun Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi Ulu Öndərin yüksək idarəçilik bacarığına və qazandığı nüfuza verilən ən böyük qiymət idi. Həmin dövrdə Azərbaycan artıq ittifaqın ən dinamik inkişaf edən qabaqcıl respublikalarından biri kimi tanınırdı. Respublikanın sənaye potensialı əhəmiyyətli dərəcədə güclənmiş, çoxsaylı yeni sənaye müəssisələri istifadəyə verilmiş, neft sənayesinin müxtəlif sahələri müasir tələblərə uyğun yenidən qurulmuş, Azərbaycanın SSRİ-nin iqtisadi həyatındakı rolu və strateji əhəmiyyəti xeyli artmışdı.
1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindəki fəaliyyəti də Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin SSRİ miqyasında bir daha təsdiq olunduğu, Azərbaycanın dünya səviyyəsində tanıdıldığı dövr kimi tarixə yazıldı.
Heydər Əliyev həm Azərbaycanın rəhbəri, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışdığı illərdə ölkəmizin və xalqımızın milli mənafelərini uğurla təmin etmiş, Ermənistanın respublikamıza qarşı ərazi iddialarının qarşısını qətiyyətlə almışdı. O illərdə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı İrəvandan Kremlə göndərilən müraciətlər məhz Heydər Əliyevə görə nəticəsiz qalmış, ermənilər öz məkrli niyyətlərinə çata bilməmişdilər. Ona görə həm ermənilər, həm də onların maraqlarının müdafiəçisi olan M.Qorbaçov Heydər Əliyevi özlərinə qarşı ən böyük maneə kimi görürdülər. Yalnız Heydər Əliyev SSRİ rəhbərliyinin yürütdüyü siyasətə etiraz edərək bütün vəzifələrindən istefa verdikdən sonra ermənilər M.Qorbaçovun havadarlığı ilə Azərbaycana qarşı ərazi iddialarını açıq müstəviyə keçirdilər. Yüzminlərlə azərbaycanlı Ermənistandan deportasiya edildi, Qarabağda erməni separatizmi başladı. Daha sonra Sumqayıt hadisələri, 20 Yanvar faciəsi və digər bu kimi qanlı hadisələr baş verdi. Təəssüflə qeyd edilməlidir ki, bu hadisələrin baş verməsində o dövrdə Azərbaycana rəhbərlik edənlər böyük məsuliyyət daşıyırdılar. Çünki onlar qətiyyətsizlik nümayiş etdirir, ermənilərin Azərbaycana ərazi iddialarına qarşı demək olar ki, susur, Kremldən gələn direktivlərlə hərəkət edirdilər.
Heydər Əliyev o dövrdə heç bir vəzifə tutmasa belə öz xarizması ilə xalqımızın maraqları uğrunda cəsarətlə mübarizə aparırdı. Məsələn, 20 Yanvar faciəsinə ilk olaraq kəskin etirazını bildirən məhz Heydər Əliyev olmuşdu.
Heydər Əliyevin 1990-cı ilin iyulunda Azərbaycana qayıdışı xalqımızın milli azadlıq mübarizəsinə böyük təkan verdi. Bu baxımdan Ulu Öndərin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü Azərbaycan xalqının müstəqillik mübarizəsi salnaməsinin və müasir dövlətçilik tarixinin mühüm mərhələsini təşkil edir. Naxçıvan Ali Məclisinə sədr seçilən Heydər Əliyevin təşəbbüsləri ilə Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərarlar xalqımızın müstəqillik yolunun ən cəsarətli və ilk siyasi-hüquqi addımları idi.
Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını rəsmi bayraq elan etməsi, muxtar respublikanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması xalqımızın müstəqillik mübarizəsini daha gücləndirdi. Bu barədə qərarların qəbul edilməsi birbaşa sovet dövlətinə qarşı meydan oxumaq idi. Bunu isə yalnız Heydər Əliyev kimi cəsarətli siyasi lider edə bilərdi.
Bu mühüm qərarların hər biri xalqımızın dövlət müstəqilliyini bərpa etməsi üçün əsas siyasi və ideoloji amillər idi. Heydər Əliyevin cəsarəti həm də müstəqillik mübarizəsinin iştirakçısı olan bütün insanlara böyük ruh və stimul verir, onları bu yolda daha mübariz olmağa sövq edirdi. Məhz Ulu Öndərin təkan verdiyi azadlıq mücadiləsi milli dirçəlişin respublikamızda aparıcı hərəkata çevrilməsinə, müstəqilliyimizin bərpası ilə bağlı qəti və konkret addımların atılmasına gətirib çıxardı.
Heydər Əliyev muxtar respublikanın Ermənistan tərəfindən işğal edilməsinə imkan verməmiş, blokada vəziyyətində olmasına baxmayaraq, Naxçıvanın Ermənistanın təcavüzkarlığı qarşısında qətiyyətlə mübarizə aparmasına nail olmuşdu. Heydər Əliyev təcrübəli siyasətçi olmaqla yanaşı, həm də hərbçi idi. Ona görə Ermənistanın artan təxribatlarının fonunda baş verə biləcək daha böyük hərbi təcavüzü əvvəldən görürdü. Odur ki, Ulu Öndərin Naxçıvan Ali Məclisinin sədri kimi verdiyi ilk qərarlardan biri 1991-ci il sentyabr ayının 7-də muxtar respublikanın Dövlət Milli Müdafiə Komitəsinin yaradılması olmuşdur.
Naxçıvan, sadəcə, Ermənistanın işğalçılığına görə blokada vəziyyətinə düşməmişdi. Naxçıvanı həm də o dövrdəki Azərbaycan hakimiyyəti blokada vəziyyətinə salmışdı. Muxtar respublikadakı iqtisadi və sosial çətinliklərdə mərkəzi hakimiyyət orqanlarının Naxçıvana ögey və laqeyd münasibəti böyük rol oynayırdı. Lakin təcrübəli dövlət xadimi Heydər Əliyevin həmin vaxtlar qardaş Türkiyə və qonşu İranla yaratdığı əlaqələr Naxçıvandakı mövcud sosial-iqtisadi çətinliklərin azaldılmasında mühüm amil olmuşdu. Ulu Öndərin qətiyyətli siyasəti nəticəsində 1992-ci il mayın 28-də Azərbaycanla qardaş Türkiyə arasındakı "Ümid" körpüsünün istifadəyə verilməsi və digər tədbirlər enerji çatışmazlığından, nəqliyyat blokadasından, sosial-iqtisadi böhrandan əziyyət çəkən muxtar respublikanı bütün labüd fəlakətlərdən xilas etmişdi.
1991-ci ilin oktyabrında Ulu Öndərin vaxtilə misilsiz xidmətləri sayəsində müstəqillik qazanmaq kimi tarixi fürsət əldə edən Azərbaycanın müstəqilliyi ozamankı naşı rəhbərliyin səriştəsizliyi və xəyanəti ucbatından qısa zamanda sual altına düşmüşdü. Ölkədə dərin xaos, özbaşınalıq yaranmış, torpaqlarımız düşmən işğalına məruz qalmışdı. Bu səbəbdən xalqımız müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ keçirmiş siyasi dəllalların yaratdıqları dərin problemlərdən çıxış yolunu, müstəqilliyimizin qurtuluşunu, dövlətçiliyimizin xilasını məhz Heydər Əliyevin Bakıya, yəni siyasi hakimiyyətə qayıdışında görürdü. Azərbaycan ziyalılarının, müxtəlif təbəqəni təmsil edən şəxslərin Naxçıvana, Heydər Əliyevə ünvanlanan saysız-hesabsız məktubları, müraciətləri də bu arzudan qaynaqlanırdı. Lakin həmin dövrdə hakimiyyətdə olanlar Ulu Öndərin Naxçıvana rəhbərliyini həzm edə bilmir, onun ölkədəki yüksək siyasi nüfuzundan narahatlıq keçirirdilər.
Bütün təzyiqlərə rəğmən Azərbaycanı fəlakətə sürükləyən AXC-Müsavat hakimiyyəti 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının qarşısını ala bilmədi. YAP-ın yaradılması Azərbaycanın gələcək taleyində xüsusi yeri olan ümumrespublika səviyyəli sosial-siyasi hadisəyə çevrildi, ölkənin gələcəyini düşünən hər kəsin siyasi istinadgahı oldu.
Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüş, müstəqilliyimizin taleyi sual altına düşmüşdü. Məhz Heydər Əliyevin həmin ağır günlərdə xalqın istək və arzusu ilə Naxçıvandan Bakıya gəlməsi vəziyyəti dəyişdi. 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyevin bundan 5 gün sonra Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Heydər Əliyevin qətiyyətli rəhbərliyi sayəsində ölkədə hökm sürən hərbi-siyasi böhran, xaos və özbaşınalıq aradan qaldırıldı, dövlətçiliyimizə qarşı yönəlmiş dağıdıcı cəhdlərin qarşısı qətiyyətlə alındı, müstəqil Azərbaycanın parçalanmasına hesablanmış planlar iflasa uğradıldı. Həmin ilin oktyabrında Azərbaycan Prezidenti seçilən Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən dövlətçilik kursu müstəqilliyimizin dönməzliyini təmin etdi, hüquqi dövlət quruculuğunun möhkəm təməllərini formalaşdırdı və ölkəmizi davamlı inkişaf yoluna çıxardı. Xalqına və dövlətinə misilsiz xidmətləri ilə Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri kimi tarixdə əbədi yerini tutdu.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən dövlətin və xalqın mənafeyi naminə səmərəli istifadə edilməsinə başlanılması, 1994-cü ildə tarixi "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyaların, müasir texnologiyaların, qabaqcıl idarəetmə təcrübəsinin cəlb edilməsinə rəvac verdi.
İqtisadi dirçəliş prosesi ilə paralel olaraq, ölkədə hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirildi. Dövlət idarəçiliyinin müasir prinsiplər əsasında yenidən formalaşdırılması, qanunun aliliyinin təmin olunması, hakimiyyət bölgüsü prinsipinin təsbit edilməsi bu islahatların əsas istiqamətlərini təşkil edirdi. Həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq, 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Yeni Konstitusiya Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının möhkəm hüquqi əsaslarını müəyyənləşdirdi.
Ümummilli Lider nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin fundamental əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. "Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub" deyən Ulu Öndər bütün dövrlərdə qüdrətli Azərbaycan uğrunda çalışıb.
Bu gün müstəqil və müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edir, yeni-yeni tarixi nailiyyətlər qazanır. Azərbaycanın bütün uğurlarında Heydər Əliyevin siyasi kursu, dəst-xəti, müdrikliyi, uzaqgörənliyi aydın görünür. Azərbaycanın nüfuzlu və etibarlı tərəfdaşa çevrilməsinin, beynəlxalq tədbirlərə evsahibliyi etməsinin təməli də Ulu Öndər tərəfindən qoyulan düzgün siyasətə əsaslanır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğurumuz göstərir ki, Heydər Əliyevin şah əsəri və əmanəti olan Azərbaycan etibarlı əllərdədir.
Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi və tarixi ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənlik və sarsılmaz inamla deyirdi: "Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun".
İlk dəfə 2003-cü ildə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir, bu siyasəti zamanın çağırışlarından irəli gələrək daha da zənginləşdirir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Ümummilli Liderin qoyduğu möhkəm dövlətçilik təməli əsasında Azərbaycan ildən-ilə iqtisadi cəhətdən gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, ordusunu ən müasir standartlar əsasında modernləşdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi həm də Heydər Əliyev ideyalarının təntənəsinə çevrildi. Bununla Prezident İlham Əliyev Ulu Öndərin ən böyük arzusunun həyata keçməsini təmin etdi.
Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə, Qarabağda erməni separatçılığına son qoyulması və ərazi bütövlüyümüzün bərpa edilməsi regionumuzda yeni reallıqlar yaradıb. Bu reallıqlardan ən önəmlisi odur ki, Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Bu gün Azərbaycanın tarixi uğurlarını, işğalçı Ermənistan üzərində qazanılmış şanlı Zəfəri, o cümlədən Qarabağa qayıdışı qürurla qeyd etdikcə bir daha Ulu Öndər Heydər Əliyevi ehtiramla anırıq. Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin xatirəsini daim yaşadacaq, Ulu Öndərin müəyyənləşdirdiyi yolla yeni uğurlara doğru inamla addımlayacaq.
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı