30 Mart 2024 08:00
22536
SİYASƏT
A- A+

Azərbaycandan Avropaya "yaşıl xətt" də uzanacaq

 

Bunun üçün dənizin dibi ilə 1100 kilometr kabel çəkiləcək

 

Dünyada neft-qaz diyarı kimi tanınan Azərbaycan zəngin alternativ enerji resurslarına da malikdir. Bu səbəbdən də ölkəmizin enerji siyasətinin növbəti reallığı "yaşıl enerji"nin inkişafı ilə bağlıdır. 
Bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını dövlət tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul olunan "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" təşkil edir. Beş milli prioritetdən biri - təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur. Bundan başqa, "Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası"nda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması  nəzərdə tutulur.
İndi bu hədəflərə doğru inamla irəliləyirik. Keçən il oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətilə tikilən "Qaradağ" Günəş-Elektrik Stansiyasının müvəffəqiyyətlə istismara daxil olması sözügedən istiqamətdə uğurlu start götürüldüyünə bariz misaldır. "Qaradağ" Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk günəş-elektrik stansiyasıdır.
Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.
Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti ilə birgə tikilməkdə olan "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası da xüsusi əhəmiyyət daşıyır. Stansiyanın təməli 2022-ci il yanvarın 13-də Xızı rayonunun ərazisində qoyulub. Bu, ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçirilən ilk sənaye həcmli bərpaolunan enerji layihəsidir. Eyni zamanda stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. "Xızı-Abşeron" stansiyasında ildə 1 milyard kilovat/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır ki, bu da təxminən 300 min evin elektrik enerjisi ilə təmin edilməsi deməkdir.
Növbədə Cəbrayıl rayonunda BP ilə tikiləcək "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməlinin qoyulmasıdır. Bu enerji obyektinin bir önəmi də ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərimizdə tikiləcək. Məlumdur ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindəki Zəfərdən az sonra bu əraziləri - 10 min kvadratkilometr sahəni "yaşıl enerji" zonası elan edib. Odur ki, "Şəfəq"in tikintisi həm bu məqsədin gerçəkləşməsində əhəmiyyətli rol oynayacaq, həm də ümumən Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm quruculuğun bir hissəsinə çevriləcək. 
Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Hər iki bölgənin ərazisi ilə axan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas və digər kiçik çayların böyük hidroenerji potensialı var. 
Bir neçə ay əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclasında təsis edilməsinə qərar verilən "SOCAR Green" MMC şirkətinin yaxın gələcəkdə bir sıra önəmli layihələr həyata keçirməsi gözlənilir. Belə ki, "SOCAR Green"in "Masdar" şirkəti ilə birgə "Meqa" layihəsinin ilkin mərhələsində quruda 1 QVt gücündə külək və günəş enerjisi layihələrinin icrası nəzərdə tutulur. "SOCAR Green" həmçinin "ACWA Power", "Masdar" və "Energy China" şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələri gerçəkləşdirəcək. Vurğulayaq ki, sözügedən sahədəki zəngin ehtiyatlarına görə Naxçıvan da "yaşıl enerji" zonası elan olunub.
Bir sözlə, Azərbaycan bərpaolunan enerji istehsalını getdikcə artıracaq və bu enerjinin böyük hissəsini ixrac etməyi planlaşdırır. Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu saziş Avropanı "yaşıl enerji" ilə təmin edən əsas kanal kimi Qara dənizin dibi ilə 1100 kilometr uzunluğunda sualtı kabelin çəkilməsini nəzərdə tutur. Yəni Azərbaycan Avropaya "yaşıl enerji" körpüsü salmağı hədəfləyib. Görülən işlər, keçirilən tədbirlər də ölkəmizin inamlı addımlarla bu məqsədə doğru irəlilədiyini göstərir. 
"Yaşıl enerji" məsələsi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Çinin "Phoenix" telekanalına müsahibəsində də geniş yer alıb. Qeyd olunub ki, Çinlə də Azərbaycan arasında enerji sahəsində sıx əməkdaşlıq mövcuddur. Çin şirkətləri ölkəmizin neft və təbii qaz layihələrində iştirak edirlər. "Yaşıl keçid" Azərbaycan üçün prioritet sahəyə çevrildiyinə görə Çin şirkətləri ölkəmizin iqtisadiyyatının şaxələndirilməsində yaxşı tərəfdaşdırlar. Biz COP29 və ondan sonrakı mərhələdə çinli dostlarımızla fəal işləməyi səbirsizliklə gözləyirik.
Prezident İlham Əliyev cari il martın 1-də "Gülüstan" sarayında keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 10-cu, "Yaşıl Enerji" Məşvərət Şurasının 2-ci iclaslarında çıxış edərkən deyib: "Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng potensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bildiyimiz kimi, biz "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya "yaşıl enerji"nin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq. Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə, bunlar bizim planlardır. Əlbəttə ki, bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq".
"Yaşıl dünya naminə həmrəylik ili", eləcə də Azərbaycanın evsahibliyi edəcəyi COP29 ölkəmizi bu sahədə qarşıya qoyduğu hədəflərə çatmağa daha da yaxınlaşdırır. Beləliklə, planlar geniş, hədəflər böyük, işlər çoxşaxəlidir. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video