05 Aprel 2025 08:25
364
SİYASƏT
A- A+
Azərbaycan xalqına qarşı cinayət törədənlər layiqli cəzalarını alacaqlar

Azərbaycan xalqına qarşı cinayət törədənlər layiqli cəzalarını alacaqlar


Ermənistanın və havadarlarının Bakıdakı ədalət mühakiməsinə qarşı apardıqları kampaniya iflasa məhkumdur


Azərbaycan xalqına qarşı saysız cinayət əməlləri törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin Bakıda keçirilən məhkəməsi əleyhinə təcavüzkar Ermənistan və ona havadarlıq edən qərəzli ölkə və qurumlar tərəfindən davamlı fəaliyyət həyata keçirilir, manipulyasiyalar, kampaniyalar aparılır. 

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan, eyni zamanda erməni mətbuatı həmin təqsirləndirilən şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsi barədə sərsəmləmlər etmişdi. Həmçinin hərbi cinayətkar Robert Koçaryan erməniəsilli şəxslərin Bakıda keçirilən məhkəməsi ilə bağlı cəfəng fikirlər səsləndirmişdi. Fevralın sonunda Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanda erməni məhbusların və müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesi ilə bağlı əsassız bəyanat vermişdi. 

Təbii ki, bu manipulyasiyalarla təcavüzkar və işğalçı Ermənistan onilliklər boyu həyata keçirdiyi hərbi cinayətlərlə bağlı məhkəmədə ortaya qoyulan faktlardan diqqətləri yayındırmağa çalışır. İrəvan bilir ki, törətdiyi hərbi cinayətlərə görə beynəlxalq hüquq müstəvisində mütləq cavab verəcək.

Təqsirləndirilən keçmiş separatçı rejimin başçısı Arayik Harutyunyan da məhkəmə prosesində verdiyi sərbəst ifadəsi zamanı etiraf edib ki, qondarma rejim bütün əmrləri rəsmi İrəvandan alıb, Ermənistanın uydurduğu "Qarabağ müdafiə ordusu" birbaşa bu ölkənin Müdafiə Nazirliyinin tabeliyində olub. 

Arayikin bu ifadəsi də göstərir ki, nə üçün Ermənistan Bakıda keçirilən məhkəmə ilə bağlı bu qədər təlaşa düşüb.   


Riyakarlığın təzahürü


Digər yandan başda müstəmləkəçi Fransa və korrupsiya yuvasına çevrilmiş Avropa Parlamenti olmaqla, ermənipərəst ölkə və qurumların adıçəkilən məhkəmə prosesinə də qərəzli yanaşması xüsusi diqqət çəkir. 

"Ədalət keşikçisi" Avropa Parlamenti martın 13-də "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnamə qəbul edib. 

Aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı erməniəsilli şəxslərin məhkəmə işi ilə bağlı əsassız iddialar səsləndirib. Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuş erməniəsilli şəxslərin azadlığa buraxılmasına çağırışlar edib. 

Bu yaxınlarda Birləşmiş Krallıq parlamentinin Ermənistan üzrə parlament qrupu da Birləşmiş Krallıq hökumətinə etdiyi müraciətində hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi ilə bağlı əsassız ittihamlar irəli sürüb, bu insanları "hərbi əsir" adlandırıb və azadlığa buraxılmasına çağırışlar edib. 

Yuxarıda bir neçə nümunəsini göstərdiyimiz kimi, bəzi ölkə və riyakar qurumlar tərəfindən Bakıda keçirilən ədalət mühakiməsi əleyhinə absurd fikirlər səsləndirilir, qərəzli qətnamələr qəbul edilir. Ən dəhşətlisi isə odur ki, hərbi cinayətləri faktlarla ortaya qoyulan şəxslərə azadlıq istənilir. 

Təkcə bir fakta diqqət edək. Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunur ki, 1988-2024-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində 3 min 493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürülüb. 4 min 435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib. 

Bu baxımdan Ermənistan rəsmilərinin və beynəlxalq ermənipərəst dairələrin sərgilədikləri qərəzli çirkin fəaliyyət sözün əsl mənasında alçaqlıq və haqqın, ədalətin, hüququn ayaqlar altına atılaraq tapdanması deməkdir. 


Müharibə cinayətlərini özləri etiraf edirlər


Təqsirləndirilən erməniəsilli şəxslərin özləri də şəffaf keçirilən məhkəmədə törətdikləri hərbi cinayət əməllərini etiraf edirlər. Aprelin 3-də keçirilən məhkəmə prosesində qondarma rejimin "parlament sədri" və digər "vəzifələrdə" işləmiş David İşxanyan suallara cavab verərkən, 1992-ci ilin yayından qondarma rejimdə "tabor komandiri" vəzifəsini tutduğunu və Azərbaycana qarşı müharibədə iştirak etdiyini etiraf edib. D.İşxanyan "Daşnaksütyun" partiyasının fəal üzvü olduğunu, iki il müddətində qondarma rejimin "parlamenti"ndə partiyanın "fraksiya rəhbəri" "vəzifəsini" icra etdiyini deyib.

Təqsirləndirilən şəxs 1992-ci ilin yayında Azərbaycana qarşı müharibəyə də "Daşnaksütyun" partiyasının üzvü kimi qoşulduğunu etiraf edib. O, qondarma rejimin "ordusu"nun idarə olunmasının "özünümüdafiə komitəsi" tərəfindən həyata keçirildiyini bildirərək deyib ki, rəhbərləri Serj Sarkisyan və Samvel Babayan idi.

D.İşxanyan onu da qeyd edib ki, Birinci Qarabağ müharibəsində "tabor komandiri" olarkən Monte Melkonyana tabe olub.

D.İşxanyanın bəhs etdiyi Monte Melkonyan professional terrorçu olub. O, terror təşkilatı ASALA-ya daxil olub, sonradan onun hərbi qanadını yaradıb. Dünyanın bir çox bölgələrində, o cümlədən Livanda, Yunanıstanda, İtaliyada törədilən terror aktlarında yaxından iştirak edib və terror hədəfinə çevirdiyi şəxslər sırasında türk mənşəlilər xüsusi yer alıb. 1985-ci ildə Parisdə həbs cəzasına məhkum olunub, lakin erməni lobbisinin və digər himayədarlarının təsiri ilə vaxtından əvvəl həbsdən azad olunaraq Cənubi Yəmənə göndərilib. Daha sonra Qarabağ döyüşlərinə qatılan Melkonyanın əli günahsız azərbaycanlıların qanına bulaşıb. Qaradağlı faciəsinin əsas müəlliflərindən biri məhz Melkonyandır və bu zaman azərbaycanlılara amansız işgəncələrin verilməsində şəxsən iştirak edib. O, Xocalı soyqırımında da günahsız insanları ən ağlasığmaz vəhşiliklə qətlə yetirən ermənilər arasında olub. 

D.İşxanyan hər nə qədər məhkəmədəki ifadəsində xalqımıza qarşı törədilən cinayət əməllərində birbaşa iştirak etmədiyini, kimlərinsə tabeçiliyində, "əmr qulu" olduğunu deyib yaxasını kənara çəkmək istəsə də, həqiqətdən qaça bilməz. O, Serj Sarkisyan, Monte Melkonyan kimi qaniçənlərlə oturub-durub, müharibə cinayətləri törədib. 


Bu, Azərbaycanın haqqıdır 


Ermənistanın xarici havadarları isə bütün bu gerçəklərə göz yumaraq Bakıda keçirilən ədalət məhkəməsi əleyhinə kampaniya aparır.   

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro tərəfindən Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə səsləndirilən iddialara dair şərhində bildirib ki, Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesi və erməniəsilli şəxslərin məhkəmə işi ilə bağlı səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik: "Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuş erməniəsilli şəxslərin azadlığa buraxılması çağırışlarına gəldikdə, vurğulayırıq ki, bu cinayətləri araşdırmaq və mühakimə etmək Azərbaycanın haqqıdır". Şərhdə o da vurğulanıb ki, BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi də bunu bir daha təsdiqləyib və məhkəmə prosesinə qarşı aparılan qarayaxma kampaniyasının əsassız olduğunu sübut edib.  

Haşiyə çıxaq ki, Ermənistan tərəfi Ruben Vardanyanın da guya əsassız həbs olunması ilə bağlı qarayaxma kampaniyası aparır. Bu ölkənin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi qrupuna Ruben Vardanyan işi ilə bağlı müraciəti də bunun tərkib hissəsi idi. Ancaq sözügedən İşçi qrupu Ruben Vardanyan işi ilə bağlı martın 13-də Ermənistan tərəfinin iddialarını rədd edən yekun rəy dərc edib.  

Ötən cümə axşamı Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Fariz İsmayılzadə Birləşmiş Krallıq parlamentinin Ermənistan üzrə parlament qrupuna etiraz məktubu ünvanlayıb. Məktubda deyilir ki, Birləşmiş Krallıq hökumətinə bu yaxınlarda etdiyiniz müraciətlə əlaqədar biz Ermənistanın 30 illik işğalı dövründə törədilmiş müharibə cinayətləri, etnik təmizləmələr və hərbi təcavüz üçün məsuliyyət daşıyan şəxslərin mühakiməsi prosesini nüfuzdan salmağa yönələn əsassız ittihamları qətiyyətlə rədd edirik. Bu insanların "hərbi əsir" adlandırılması və azadlığa buraxılmasına çağırışlar edilməsi onların törətdiyi və əsaslı sübutlarla təsdiqlənən cinayətlərinə göz yumulması deməkdir: "Bu prosesin tənqid edilməsi haqq-ədalətə etinasızlıq göstərilməsi, etnik təmizləmənin və təcavüzün dolayısı ilə dəstəklənməsi deməkdir. Həqiqi sülh yalnız cavabdehlik yolu ilə əldə edilə bilər -  haqq-ədalət olmadan möhkəm sülh mümkün deyildir".

Məktubda bildirilir ki, davam edən məhkəmə prosesi Ermənistan tərəfindən törədilmiş hərbi təcavüzə və işğala, eləcə də onun siyasi və hərbi xadimlərinin daşıdığı  məsuliyyətə işıq salır. Bu proseslə bağlı narahatlıq mühakimənin gedişini pozmaq və məhkəmənin işinə müdaxilə etmək cəhdlərinə səbəb olmuşdur: "Lakin bu cür səylərə qoşulmaq əvəzinə, hüquqi prosesə kömək göstərilməsi ədalət mühakiməsinə və bölgədə möhkəm sabitlik yaradılmasına töhfə verə  bilərdi. Sülhə həqiqi sadiqlik məsuliyyətin tanınmasında və müharibə cinayətlərində əli olanların cavabdehliyinin təmin olunmasında əksini tapa bilər".

Ermənipərəst riyakar təsisatların nə deməsindən asılı olmayaraq, təqsirləndirilən erməniəsilli şəxslərin Bakıda keçirilən məhkəməsi ədalətin bərqərar olmasına xidmət edir. Bu məhkəmənin qurulması və saysız hərbi cinayət əməllərində ittiham olunan  Arayik Harutyunyanın, Arkadi Qukasyanın, Bako Sahakyanın, David İşxanyanın, Davit Babayanın, Lyova Mnatsakanyanın, o cümlədən Ruben Vardanyanın və digərlərinin törətdikləri əməllərə görə mühakimə edilməsi Azərbaycan xalqının halal haqqıdır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələ-Xankəndi ultramarafonu: İlk mərhələnin qalibi bəlli olub

12:27
10 Aprel

Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub

12:25
10 Aprel

Şimali Kiprin Baş naziri: Prezident İlham Əliyevə öz adımdan və Kipr türkləri adından təşəkkür edirəm  

12:02
10 Aprel

Bakı və Aktau limanları arasında qarşılıqlı elektron fəaliyyət formatı tətbiq edilir  

11:53
10 Aprel

Aprelin 13-də 51 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

11:47
10 Aprel

Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

11:21
10 Aprel

Səudiyyə Ərəbistanı zəvvarları Həcc ziyarəti üçün qeyri-rəsmi kanallardan istifadə etməməyə çağırıb  

11:09
10 Aprel

“AzerGold” Pakistanda ölkələrarası işgüzar görüş və beynəlxalq forumda iştirak edib  

10:53
10 Aprel

Heydər Əliyev Beynəlxalq Aeroportu daha bir "Skytrax" mükafatına layiq görülüb  

10:41
10 Aprel

Azərbaycan neftinin qiyməti azalıb  

10:32
10 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

10:29
10 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub  

10:21
10 Aprel

İsveç qızıl ehtiyatlarını ABŞ-da saxlamağa davam edəcək  

10:08
10 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna start verilib

09:57
10 Aprel

Ağdam sakini: Doğma el-obama qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur  

09:41
10 Aprel

Keçmiş məcburi köçkün: Birlik və həmrəylik nümayiş etdirərək düşmənə layiqli cavab verdik  

09:32
10 Aprel

Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub  

09:19
10 Aprel

Böyük Qayıdış: Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb  

09:04
10 Aprel

Maarifçi xeyriyyə cəmiyyətləri

09:00
10 Aprel

Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici işlər naziri

08:55
10 Aprel

İhsan Doğramacı fenomeni

08:50
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!