11 Mart 2025 15:51
2088
Səfərlər
A- A+
Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.


Prezident İlham Əliyevin

bəyanatı


-Hörmətli xanım Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Xanım Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ikinci səfərinizdir. Mən çox şadam ki, Siz COP29 konfransında da fəal iştirak etmisiniz və konfransın uğurla keçirilməsinə öz töhfənizi vermisiniz.

Noyabr ayında görüş əsnasında mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, mənim dəvətimi qəbul edib bu gün rəsmi səfərdəsiniz. Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq.

Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq.

Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm.

Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər.

Xanım Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, xoş gəlmisiniz. Əminəm ki, səfəriniz uğurlu olacaqdır.


X X X


Sonra Şimali Makedoniyanın Prezidenti bəyanatla çıxış etdi.


Prezident Qordana Silyanovska-Davkovanın

bəyanatı


-Sağ olun.

Əvvəlcə, hörmətli Prezident Əliyev, hörmətli mətbuat nümayəndələri, qısa müddətdən sonra Bakıya səfər etmək fürsətinə görə minnətdaram. Mədəniyyət diplomatiyasının gücünə dərindən inanan bir şəxs kimi cənab Prezidentə söylədim ki, mən həqiqətən buraya yenidən gəlməyimi arzulayırdım. Bununla belə, mən məlumatım olmadığı bəzi məsələləri də artıq müzakirə etdim.

Ölkəniz müsəlman Şərqində ilk cümhuriyyət qurmuşdur, eləcə də ilk opera, ilk filarmoniya məhz burada yaradılmışdır. Bu ölkə öz zəngin mədəniyyəti ilə seçilir. Ötən dəfə söylədiyim kimi, ilk dəfə ziyarət edə bilmədiyim muzeylərə bu dəfə gedəcəyəm. Bu fürsətə görə Sizə təşəkkürümü bildirirəm.

Prezident artıq söylədi ki, əgər belə qısa müddət ərzində bir insanla yenidən görüşürsənsə, deməli, aydındır ki, bunun yaxşı əsasları var. Fikrimcə, bu bir faktdır ki, Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır. Sonuncu görüş zamanı burada iqlim konfransı təşkil edilmişdi. İndi isə növbəti dəfə tədbir keçiriləcək və orada dünyanı narahat edən əsas çağırışlar müzakirə olunacaq. Bu da yaxşı fürsətdir, çünki bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərimizin otuzuncu ildönümünü qeyd edirik. Düşünürəm ki, həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır.

Cənab Prezident Azərbaycanla strateji tərəfdaşlıqda Avropa İttifaqının marağı haqqında artıq danışdı. Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir. Mən cənab Prezidentə söylədiyim məsələləri bir daha vurğulayıram ki, biz irəliyə doğru addımın atılmasını gözləyirik və əməkdaşlığa dair bəyannaməyə və ya razılaşmaya imza atacağıq. Bu, o demək deyil ki, biz yalnız qaz təchizatında Azərbaycandan yardım alacağıq, o cümlədən iqtisadi əməkdaşlıq üçün də imkanlar yaranacaq.

Mən qarşımda xarici işlər nazirini görürəm, biz dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyacağıq. Zənnimcə, bu, nə Şimali Makedoniyanı, nə də Azərbaycanı qane edən vəziyyət deyil və bu addımın atılması iki xalq arasında yaxınlaşmaya xidmət edəcəkdir. Ümid edirəm ki, biz Azərbaycanın mədəniyyətini də tanımağa davam edəcəyik. Bundan əlavə, elm sahəsində də universitetlərimiz arasında əməkdaşlığın qurulmasına nail ola bilərik.

Azərbaycan hətta təyyarədən belə çox gözəl görünür, ölkəniz ilə əyani tanışlıqda isə o, insanı valeh edir. Bu səbəbdən turizm sahəsi də əməkdaşlıq edə biləcəyimiz sahələrdəndir.

Artıq qeyd etdiyimiz kimi, bu günədək iqtisadiyyat sahəsində əhəmiyyətli addımlar atılmamışdır. Coğrafi mövqeyimizə görə biz Balkanlarda, Avropanın mərkəzində, bir sıra marşrutların kəsişməsində yerləşirik. Bu, Avropaya və dünyaya açıq olan hər bir ölkə üçün olduqca vacibdir.

Sonuncu dəfə ölkənizdə olarkən bu fikri söyləmişdim və bu gün də təkrar bəyan etmək istəyirəm ki, biz bir-birimizdən bir çox şey öyrənə bilərik və bu səfər dərin dostluğun təməli olacaqdır. Mən təkcə Dövlət Neft Şirkəti ilə müqaviləni nəzərdə tutmuram. Hesab edirəm ki, gələcəkdə əldə olunan bütün razılaşmalar bizi daha da yaxınlaşdıracaq.

Cənab Prezidentə söylədiyim sonuncu fikir ondan ibarət idi ki, XXI əsrdə yenidən dünya nizamı ilə bağlı fərziyyələrin irəli sürülməsi insanı sarsıdır. Ukrayna da daxil olmaqla, bu geniş region dünyada cərəyan edən hadisələrin özəyini təşkil edir və müxtəlif tərəflər bu regionda təsir gücünə malik olmaq istəyir. Zənnimcə, Avropa yenidən qapılarını açır və sizin nailiyyətləriniz sayəsində biz gələcək əməkdaşlığımızı davam etdirə bilərik.

Səmimi qonaqpərvərliyə və fikir mübadiləsinin aparılması fürsətinə görə Sizə təşəkkür edirəm. Ümid edirəm ki, qarşıdakı illərdə biz daha güclü əməkdaşlığa nail ola biləcəyik. Bu məqamda mən Strateji Əməkdaşlığa dair Sazişi qeyd etmək istəyirəm. Belə bir Saziş region ölkələri ilə imzalanıb və mən müvafiq Sazişin Azərbaycanla da imzalanması üçün heç bir maneə görmürəm.

Diqqətinizə görə sağ olun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!