Bu gün Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün yekununda imzalanan Birgə Bəyannamədə Azərbaycanın bu platformada tamhüquqlu iştirakı və 2026-cı il oktyabrın 15-də Bakıda keçiriləcək AQEM-in 7-ci Sammitinə hazırlıq yüksək qiymətləndirilib.
AZƏRTAC xəbər verir ki, sənəddə tərəflər BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirmək, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında regional təhlükəsizliyi təmin etmək, eləcə də terrorizm, mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, qanunsuz miqrasiya və transsərhəd fövqəladə hallarla mübarizə sahəsində fəaliyyətlərini genişləndirmək əzmində olduqlarını təsdiqləyiblər.
Dövlət başçıları ticarət-iqtisadi əlaqələrin, investisiyaların, biznes forumların, kiçik və orta sahibkarlığın və elektron ticarətin inkişafını dəstəklədiklərini bildiriblər. Nəqliyyat sahəsində Şərq–Qərb və Şimal–Cənub dəhlizləri də daxil olmaqla, tranzit-nəqliyyat infrastrukturunun inkişafı prioritet elan edilib. Enerji sahəsində tərəflər yeni layihələrin və xüsusilə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə Avropaya yaşıl enerjisinin ixracını nəzərdə tutan layihənin önəmini vurğulayıblar.
Bəyannamədə Azərbaycanda yaradılan Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin rəqəmsal innovasiyalar və startapların inkişafındakı rolu alqışlanıb. Həmçinin parlamentlərarası əlaqələr, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə, qabaqcıl texnologiyalar və süni intellektin tətbiqi, sənaye və əczaçılıq, teletibb, eləcə də mədəni-humanitar, idman, turizm və gənclər siyasəti sahələrində sıx əməkdaşlığın vacibliyi qeyd olunub.