Fevralın 28-də AMEA-nın Rəyasət Heyətinin binasında “Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK): əlaqələndirmə imkanları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən öncə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli TÜBİTAK başqanı professor Hasan Mandalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Sonra AMEA-nın Rəyasət Heyətinin binasında AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin açılışı olub. Açılış mərasimində akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və TÜBİTAK-ın nümayəndə heyəti iştirak edib. Mərkəzdə Türkiyənin və TÜBİTAK-ın son illərdə əldə etdiyi texnoloji nailiyyətləri əks etdirən maketlər nümayiş olunub.
Daha sonra tədbir öz işini “Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK): əlaqələndirmə imkanları və gələcəyə baxış” mövzusunda konfransla davam etdirib.
Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli zəngin tarixi köklərə malik Azərbaycan-Türkiyə əlaqələrinin son illərdə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın sıx dostluq, qardaşlıq münasibətləri sayəsində yeni mərhələyə yüksəldiyini, yaranmış hazırkı şəraitdə yeni əməkdaşlıq imkanları üçün geniş meydanın açıldığını söyləyib.
Qeyd edib ki, dövlət başçısının və müasir dünya elminin çağırışlarını əsas götürərək yeniləşmə prosesində olan AMEA-da elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində önəmli addımlar atılıb. Rəyasət Heyəti aparatının tərkibində ilk dəfə olaraq “Elektron Akademiya” şöbəsi yaradılıb. Akademiyada elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi və tətbiqi istiqamətində TÜBİTAK-ın çoxillik zəngin təcrübəsindən istifadə olunduğunu deyən akademik İsa Həbibbəyli atılan addımların AMEA-nın, alimlərimizin və elmi nailiyyətlərimizin dünyaya çıxarılmasında və təbliğində mühüm rol oynadığını söyləyib.
Akademik İsa Həbibbəyli, həmçinin dövlət başçısının fevralın 14-də andiçmə mərasimindəki nitqində rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellektin ölkəmizdə geniş tətbiqini strateji hədəflər kimi müəyyənləşdirdiyini diqqətə çatdırıb. Bildirib ki, AMEA-TÜBİTAK Koordinasiya Mərkəzi dövlət başçısının tapşırıqlarından irəli gələrək dünyada gedən texnoloji yenilikləri izləməklə onun ölkəmizə gətirilməsində də mühüm rol oynayacaq. Elmi ideyaların və texnoloji biliklərin bir mərkəzdən idarəsinin əhəmiyyətinə toxunan İsa Həbibbəyli bu əlamətdar hadisənin Türk dünyasının elmi qurumları üçün də önəmli olduğunu bildirib.
AMEA rəhbəri Türkiyənin elm və texnologiya sahəsində əldə etdiyi nailiyyətlərin önündə gələn TÜBİTAK-la bu cür əməkdaşlığın ölkələrimizin həyatında da yeni səhifə açdığını söyləyib. Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın elmi jurnallarının TÜBİTAK-ın Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) Dərgi Park elektron baza reyestrinə daxil edilməsi, TÜBİTAK-ın süni intellekt imkanlarından ölkəmizdə humanitar və ictimai elmlərdə tətbiqi, eləcə də seysmologiya sahəsində sıx əməkdaşlıq başlıca hədəflərdəndir. Bundan əlavə, Azərbaycanda kriptologiya elminin inkişaf etdirilməsi üçün geniş addımlar atıldığını, bu istiqamətdə TÜBİTAK-ın zəngin təcrübəsindən yararlanmağın fayda verəcəyini vurğulayıb.
İsa Həbibbəyli, həmçinin gələcəkdə iki elmi qurumun əməkdaşlarının iştirakı ilə müşavirənin keçirilməsinin planlaşdırıldığını və digər ortaq sahələrdə əlaqələrin qurulmasının və genişləndirilməsinin nəzərdə tutulduğunu söyləyib.
Professor Hasan Mandal isə çıxışında dəvətə və səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib, akademik İsa Həbibbəylinin Milli Elmlər Akademiyasının prezidenti seçilməsindən sonra iki elmi qurum arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə çatdığını və konkret nəticələr əldə olunduğunu söyləyib. Qeyd edib ki, TÜBİTAK daim AMEA ilə münasibətdə “Bir millət, iki dövlət” şüarını rəhbər tutur. Yeniləşmə mərhələsində olan AMEA-nın bütün təklifləri dərhal nəzarətə götürülərək dəyərləndirilir.
“AMEA-nın Ümumi yığıncağına TÜBİTAK rəhbərliyinin dəvət olunması və Akademiyada TÜBİTAK-ın Koordinasiya Mərkəzinin açılması bizə verdiyiniz yüksək dəyərin göstəricisidir”, - deyən Hasan Mandal son illərdə dünyada baş verən iqlim dəyişikliyi, COVID-19 pandemiyası, ərzaq qıtlığı və digər problemlərin həllinin texnologiyalar tələb etdiyini bildirib.
TÜBİTAK-ın ötən 60 ildə zəngin və şərəfli yol keçdiyini diqqətə çatdıran Hasan Mandal rəhbərlik etdiyi qurumun sosial elmlər sahəsində də önəmli addımlar atmağa başladığını, süni intellektin türkcə dil modelinin hazırlandığını söyləyib. O, TÜBİTAK-ın süni intellekt, seysmologiya, arxeologiya, dilçilik və digər sahələrdə AMEA ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra AMEA ilə TÜBİTAK arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və professor Hasan Mandal imzalayıblar.
Akademik İsa Həbibbəyli ölkə başçısının 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş AMEA-nın yeni Nizamnaməsində AMEA-nın Rəyasət Heyətinə Azərbaycan elmi qarşısında xidmətləri olan və elmi-ədəbi əlaqələrdə fəal iştirak edən xarici ölkə alimlərinə, həmçinin ictimai xadimlərə və ya mədəniyyət xadimlərinə “Azərbaycan Milli Elmlər Akademiyasının fəxri professoru” diplomlarının təqdim olunması səlahiyyəti verildiyini deyib və yeni Nizamnaməyə əsasən, ilk dəfə olaraq professor Hasan Mandalın bu diploma layiq görüldüyünü söyləyib.
Akademik İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyasının fəxri professoru” diplomunu və digər hədiyyələri qonağa təqdim edib.
Sonra AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri Fariz İmranov məruzə ilə çıxış edib və rəhbərlik etdiyi şöbənin yarandığı gündən etibarən Akademiyada elektron xidmətlər şəbəkəsinin genişlədirilməsi istiqamətində atdığı addımları və əldə olunmuş nailiyyətləri diqqətə çatdırıb. Fariz İmranov AMEA-nın TÜBİTAK-ın ULAKBİM Dərgi Park elektron bazasına bənzər AMEA-nın elmi jurnallarını əhatə edən Dərgi Parkının formalaşdırılması üçün müvafiq tədbirlərin görüldüyünü deyib.
Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, həmçinin TÜBİTAK-ın Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin rəhbəri Mehmet Mirat Satoğlu, TÜBİTAK-ın BİLGEM Mərkəzinin başqanı Ali Görçin, TÜBİTAK-ın Marmara Araşdırma Mərkəzinin Yer və Dəniz Elmləri İnstitutundan Mehmet Ergin, TÜBİTAK-ın Marmara Araşdırma Mərkəzinin Yer elmləri tədqiqat qrupunun rəhbəri Erhan İlkmen və TÜBİTAK-ın sosial və humanitar elmlər üzrə tədqiqatlara dəstək qrupunun koordinatoru Alperen Karataş çıxış edərək apardıqları tədqiqatlardan, süni intellekt sahəsində yeniliklərdən, onun tətbiqi imkanlarından danışıb, qarşılıqlı əməkdaşlıq imkanları barədə təkliflərini səsləndiriblər.