"Rəsmi Bakı yalnız Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi körpü deyil, o, eyni zamanda, türk dünyasının iqtisadi əlaqələrini, enerji təhlükəsizliyini və siyasi koordinasiyasını təmin edən əsas aktorlardan birinə çevrilib. Orta dəhlizin əhəmiyyətinin artması bu transformasiyanın ən konkret göstəricisidir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "TRENDS Research & Advisory" şirkətinin Türkiyə proqramının direktoru Suha Çubukçuoğlu deyib.
O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi, Qırmızı dəniz və Babül-Məndəb boğazı ətrafında təhlükəsizlik problemləri, eləcə də qlobal təchizat zəncirlərindəki kövrəkliklər Çinlə Avropa arasındakı alternativ quru marşrutlarının əhəmiyyətini artırıb. Bu şəraitdə Xəzər dənizindən keçən Orta dəhliz sadəcə nəqliyyat layihəsi olmaqdan çıxaraq strateji bağlantı xəttinə çevrilib. Azərbaycan isə coğrafi mövqeyinə görə bu marşrutun əsas ölkələrindən biridir. Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizi vasitəsilə Cənubi Qafqaza, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılması böyük ölçüdə Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan asılıdır. Zəngəzur dəhlizinin və ya hazırda layihələndirilən bağlantı modellərinin həyata keçirilməsi Azərbaycanın bu rolunu daha da gücləndirəcək. Belə bir marşrut Türkiyənin Naxçıvan və Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxışını asanlaşdırmaqla yanaşı, Mərkəzi Asiya ölkələrinə də Qərb bazarlarına daha qısa və şaxələndirilmiş marşrut təqdim edəcək. Beləliklə, Bakı türk dünyasının şərqi ilə qərbi arasında əlaqəni təmin edən tranzit ölkədən bu əlaqələrin qaydalarının, institusional infrastrukturunun və idarəetmə mexanizmlərinin formalaşmasında söz sahibi olan mərkəzə çevrilir.
"Mərkəzi Asiya-Azərbaycan formatında keçirilən Zirvə görüşlərini də bu baxımdan yüksək qiymətləndirmək lazımdır. Bu format Azərbaycanın özünü yalnız Cənubi Qafqaz çərçivəsində müəyyənləşdirmədiyini, Mərkəzi Asiya ilə daha institusional və davamlı siyasi münasibətlər qurduğunu göstərir. Bu perspektivdə Xəzər dənizi türk dünyasını ayıran coğrafi maneə deyil, enerji, nəqliyyat və ticarət marşrutları vasitəsilə ölkələri birləşdirən ortaq məkan kimi çıxış edir. Sözügedən transformasiya Türk Dövlətləri Təşkilatının (TDT) gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyır", - deyə Suha Çubukçuoğlu bildirib.
Ekspert vurğulayıb ki, TDT-nin davamlı geosiyasi nüfuz qazanması üçün mədəni və tarixi yaxınlıqdan kənara çıxaraq konkret iqtisadi maraqlar, nəqliyyat marşrutları, enerji şəbəkələri və birgə investisiyalar yaratması zəruridir. Azərbaycan bu baxımdan Türkiyə ilə Mərkəzi Asiya ölkələrinin maraqlarının kəsişdiyi təbii mərkəz mövqeyindədir. Məhz bu səbəbdən Bakının rolu yalnız "körpü ölkə" olmaqla məhdudlaşmır, o, həmçinin TDT daxilində gündəmi müəyyənləşdirən, tərəfdaşlığı möhkəmləndirən, üzv dövlətlərin ortaq iqtisadi və strateji maraqlarını əlaqələndirən əsas aktorlardan birinə çevrilir.