Təhsil müəssisələri gələcəyimizi formalaşdıran, uşaqlara elmin, etik davranışların və mənəvi dəyərlərin aşılandığı müqəddəs ocaqlardır. Azərbaycan Konstitusiyaya əsasən, dünyəvi dövlətdir və bu fundamental prinsip ölkənin təlim-tərbiyə sisteminin də ana xəttini təşkil edir. Amma dünyəvi təhsil anlayışı dinə qarşı olmaq deyil, təhsil mühitini hər cür ideoloji və dini təsir vasitələrindən uzaq tutaraq tam tərəfsiz, obyektiv və elm yönümlü saxlamaq deməkdir. Məktəblərdə hər hansı dini təbliğatın aparılmasına yol verilməməsi təhsilin hamı üçün bərabər, ədalətli və sağlam şəraitdə həyata keçirilməsinin əsas zəmanətidir.
Danılmaz reallıqdır ki, multikulturallığı və tolerantlığı ilə dünyaya nümunə olan Azərbaycanda müxtəlif dini inanc sahiblərinin sərbəst ibadət etməsi, öz dini dəyərlərini yaşatması üçün hər cür şərait yaradılıb və vicdan azadlığı tam təmin olunub. Lakin bu da reallıqdır ki, orta məktəblər müxtəlif dünyagörüşünə və inanca mənsub olan bütün uşaqların eyni mühitdə toplaşdığı tərəfsiz bir elm məkanıdır. Həm də bu səbəbdən sağlam təhsil mühitinin yaradılmasında və nizam-intizamın gücləndirilməsində vahid məktəbli geyiminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Çünki vahid geyim forması təkcə xarici görünüşü tənzimləyən qayda deyil, həmçinin şagirdlər arasında sosial bərabərliyi qoruyan vacib şərtdir. Odur ki, Azərbaycanın ümumi təhsil müəssisələrində geyim qaydalarının hüquqi əsasları müəyyənləşdirilib. Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələri təhsilalanlarının geyim formalarının təsvirləri təsdiq edilib. Eləcə də müəllimlərin artıq müəyyən edilmiş geyim standartlarına uyğun olaraq tədris prosesində iştirakı, eləcə də şagirdlərin vahid geyim formasında dərslərdə iştirakı qərarı verilib. Buna görə də məktəblərdə müəllimlərlə şagirdlərin hər birinin ayrı-seçkilik edilmədən tələb olunan geyim forması ilə təhsil ocağına gəlməsi qanunun tələbidir. O qanunun ki, onun qarşısında hər kəs bərabər hüquqa malikdir.
Məktəbli formasının qanunla tənzimlənməsi təmin edir ki, heç bir şagird geyiminə, ailəsinin maddi imkanlarına və ya sosial statusuna görə digərlərindən seçilməsin. Bu, uşaqlar arasında yarana biləcək psixoloji təzyiqin və psixoloji narahatlığın qarşısını alır. Qanunla təsdiqlənmiş vahid geyim forması məktəbi müxtəlif siyasi, dini və ya digər simvolların nümayiş olunduğu yerdən uzaq tutaraq, diqqətin yalnız təhsilə və mənəvi inkişafa yönəlməsini təmin edir. Başqa cür ola da bilməz. Çünki məktəb elmin, biliyin və etik davranışların öyrədildiyi dünyəvi məkandır. Dünyəvilik isə əsla dinə qarşı olmaq və ya dini inancı inkar etmək demək deyil. Əksinə, dünyəvilik elə bir mühit yaradır ki, orada müxtəlif dini inanclara, dünyagörüşünə və sosial mənşəyə mənsub uşaqlar eyni çətir altında birgə rahat təhsil ala bilsinlər.
Məktəb illəri şagirdlərin hələ dünyagörüşünün tam formalaşmadığı, həssas dövrdür. Əgər məktəblərdə dini və ya ideoloji təbliğata, fərqli görünüş nümayişlərinə icazə verilsə, bu, uşaqlar arasında qütbləşməyə və ayrı-seçkiliyə səbəb olar. Eyni zamanda dini və sosial baxımdan bir-birinə qarşı yadlaşmağa, nəticədə təhsildən diqqətin yayınmasına gətirib çıxara bilər. Dünyəvilik prinsipi isə bu təbliğatın qarşısını alaraq məktəbi sırf təlim-tərbiyə ocağı kimi saxlayır.
Dünyəvi təhsil yanaşması həm də uşağın psixoloji müstəqilliyini qoruyur. Uşaq yetkinlik yaşına çatanadək dünyəvi məktəbdə təhsil alır, fərdi keyfiyyətlərini inkişaf etdirir. Yetkinlik yaşına çatdıqdan sonra isə öz dini etiqadını və dünyagörüşünü tam şəkildə azad və şüurlu olaraq seçmək imkanına sahib olur.
O da gerçəklikdir ki, yalnız geyim qaydalarını tətbiq etməklə məktəblərdə tam mühit formalaşdırmaq mümkün deyil. Burada əsas məqsəd həmin qaydaların mahiyyətini şagirdlərə düzgün anlatmaq, məktəb və valideynlər arasında sıx əməkdaşlığı və qarşılıqlı anlaşmanı təmin etməkdir. Məktəbin əsl uğuru şagirdlərin həm də necə düşündüyündə, mənəvi dəyərlərində və dürüst davranışlarındadır. Bu baxımdan vahid geyim şagirdlərin hər birinin eyni hüquqlara malik olduğunu xatırladır.
Təhsildə dünyəviliyin qorunması və sosial bərabərliyin təmin olunması həm müəllimlərin, həm məktəb rəhbərliyinin, həm də valideynlərin birgə məsuliyyətidir. Yalnız bu prinsiplərə əməl edildikdə məktəblərimizdə bilikli və yüksək insani keyfiyyətlərə malik gənclər yetişə bilər.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"