№ 448
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1133-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421 (Cild I); 2024, № 1, maddə 98, № 3, maddə 301; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 iyul tarixli 331 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2.2-ci yarımbənd üzrə:
1.1. “8.2-ci” sözləri “8.1-ci” sözləri ilə əvəz edilsin;
1.2. 3-cü abzas aşağıdakı redaksiyada verilsin:
“3. övladlığa götürənlərə münasibətdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının, qəyyumlara münasibətdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üzərində qəyyumluq müəyyən edilməsi barədə müvafiq qərarın surəti;”.
2. 2.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.2.3. Qanunun 8.2-ci maddəsinin tətbiqi zamanı bu Qaydanın 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində nəzərdə tutulanlara əlavə olaraq:
1. qadın valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi, habelə qadının xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti;
2. qadının ölüm haqqında şəhadətnaməsinin surəti;”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 8 oktyabr 2024-cü il