№ 530
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının 2.5.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri (bazar payının hədləri və müəyyən edilməsi meyarları)” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 20 ” “ dekabr ” 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il “ 20 ” dekabr tarixli 530 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri (bazar payının hədləri və müəyyən edilməsi meyarları)
1. Ümumi müddəalar
1.1. Bu sənəd Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (bundan sonra – Məcəllə) 15.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini (bazar payının hədləri və müəyyən edilməsi meyarları) tənzimləyir.
1.2. Bu sənəddə istifadə olunan anlayışlar Məcəllədə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
1.3. Bu sənədin 2-ci hissəsində bütün kəmiyyət meyarları Azərbaycan manatı ekvivalentində nominal ifadədə hesablanır.
2. Bazar payının hədləri və müəyyən edilməsi meyarları
2.1. Kredit təşkilatlarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı aşağıdakı kəmiyyət meyarları əsas götürülür:
2.1.1. banklar, habelə maliyyə xidmətləri sahəsində lisenziya almış poçt rabitəsinin milli operatoru üzrə sonuncu hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi;
2.1.2. bank olmayan kredit təşkilatları üzrə sonuncu hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi;
2.1.3. kredit ittifaqları üzrə sonuncu hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi.
2.2. Sığorta bazarının peşəkar iştirakçılarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı aşağıdakı kəmiyyət meyarları əsas götürülür:
2.2.1. sığortaçılar üzrə sonuncu hesabat ilində əldə edilmiş sığorta haqları (həyat və qeyri-həyat sığorta sahələri üzrə ayrı-ayrılıqda);
2.2.2. sığorta brokerləri və sığorta agentləri üzrə sonuncu hesabat ili ərzində yığılmış komisyon muzdlar.
2.3. Kapital bazarlarının iştirakçılarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı aşağıdakı kəmiyyət meyarları əsas götürülür:
2.3.1. investisiya şirkətləri üzrə onların sonuncu hesabat ilində fond birjasında (fond birjalarında) ticarət dövriyyəsinin həcmi;
2.3.2. investisiya fondları üzrə fondun və ya investisiya fondunun idarəçisinin sonuncu hesabat ilində cəmi müştəri aktivlərinin həcmi;
2.3.3. klirinq təşkilatları üzrə hesabat ili ərzində tənzimlənən bazarda cəmi aparılan əməliyyatların həcmi.
2.4. Bank olmayan ödəniş xidməti təchizatçılarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı sonuncu hesabat ili ərzində ödəniş xidmətlərinin göstərilməsi üzrə əldə edilmiş gəlirlərinin həcmi əsas götürülür.
2.5. Valyuta mübadilə məntəqələrinin müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı sonuncu hesabat ili ərzində aparılan valyuta mübadilə əməliyyatlarının həcmi əsas götürülür.
2.6. Maliyyə institutlarının bazar payları müvafiq bazarın hər bir iştirakçısının müəyyən zaman aralığı ərzində və həmin bazar üzrə təsbit edilmiş coğrafi sərhədlər daxilində bu sənədin 2.1-2.5-ci bəndlərində qeyd olunan kəmiyyət göstəriciləri üzrə fəaliyyət həcminin müvafiq bazarın bütün iştirakçılarının həmin fəaliyyət üzrə fəaliyyət həcmlərinin cəminə bölünməsinin yüzə vurulması ilə əldə edilir.
3. Hökmran mövqenin müəyyən edilməsi
3.1. Bu sənədin 2-ci hissəsi ilə müəyyən edilmiş qaydada bir maliyyə institutu müvafiq bazarda 50 faiz və ya daha çox bazar payına malik olduqda, hökmran mövqe tutmuş hesab edilir.
3.2. Müvafiq bazarda hərəkətləri birbaşa və ya dolayı yolla birgə xarakter daşıyan, hər biri 10 faizdən çox bazar payına malik olan maliyyə institutları (ən çox paya malik olanlar əsas götürülməklə) aşağıdakı hallarda birgə hökmran mövqe tutmuş hesab edilirlər:
3.2.1. müvafiq bazarda 2 maliyyə institutunun birgə bazar payı 50 faizdən çox olduqda;
3.2.2. müvafiq bazarda 3 və ya 4 maliyyə institutunun birgə bazar payı 70 faizdən çox olduqda.
3.3. Bu sənədin 3.2-ci bəndi ilə müəyyən edilmiş hallarda maliyyə institutlarının birgə hökmran mövqeyinin müəyyən edilməsi zamanı onların hərəkətlərinin birbaşa və ya dolayı yolla birgə xarakter daşıması Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla rəqabət orqanı tərəfindən müəyyən edilir.