15 Yanvar 2024 15:05
1914
SİYASƏT, SEÇKİ 2024
A- A+

“Azərbaycan” qəzetində prezidentliyə namizədlərin ödənişsiz təşviqat ardıcıllığı müəyyənləşib

 

Fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar artıq seçki marafonunun əsas mərhələlərindən biri olan seçkiqabağı təşviqat dövrü başlayıb. Qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Seçkiqabağı təşviqat müddəti başlanandan sonra bir həftə müddətində qeydə alınmış namizədlər arasında dövlət mətbuat nəşrləri tərəfindən ayrılmış pulsuz dərc yerinin bölgüsü məqsədilə püşkatma keçirilir. Rəsmi dövlət qəzeti olan “Azərbaycan” da namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 15-də “Azərbaycan” qəzetinin redaksiyasında namizədlərin təşviqat materiallarının səhifələrdə yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib.

Qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin Baş redaktorunun müavini, redaksiyada “Prezident seçkilərinə hazırlıq” qrupunun rəhbəri İxtiyar Hüseynli bildirib ki, rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzeti prezident seçkilərinin təbliğat və təşviqat kampaniyasında fəaliyyətini Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında” Təlimatına əsasən müəyyənləşdirib. Qəzet prezidentliyə qeydə alınmış namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarının dərci üçün həftə ərzində 14 min kv.sm (ümumilikdə 42 min kv.sm), yəni, 7 (ümumilikdə 21) səhifə yer ayırıb.

İxtiyar Hüseynli əlavə edib ki, üç təşviqat həftəsi çərçivəsində 7 namizədin təşviqat materialları qəzetin bazar günü nömrələrində nəşr olunacaq. Qəzetdə dərc ediləcək təşviqat materialları hər namizəd üçün A-2 formatlı qəzetdə bir səhifə, yəni, 2000 kv.sm nəzərdə tutulur. Bu, qanunvericiliyə əsasən ayırmalı olduğumuz həcmdən əhəmiyyətli dərəcədə, 45 faiz daha artıqdır. Yəni, həftəlik qəzet səhifələrinin ümumi həcminin 10 faizindən daha artıq yer təşviqat materialları üçün ayrılmışdır. Bu qərarımız prezidentliyə namizədlərin seçki qərargahları tərəfindən onlara dəstək kimi qarşılandı və yüksək qiymətləndirildi. Digər təklifimiz də seçki qərargahları tərəfindən ən ədalətli və obyektiv təşviqat modeli kimi dəyərləndirilib. Belə ki, biz prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində fərqli bir mexanizm təklif edirik. Hər həftə ardıcıllıq elə müəyyənləşdirilir ki, bütün namizədlər üçün bərabər təşviqat imkanları, bərabər təbliğat şəraiti yaradılır. Beləliklə, reklam materiallarının dərci ardıcıllığında ədalətlilik, bərabərhüquqluluq təmin olunacaq və namizədlərin təşviqat materialları həftələr ərzində səhifələr və mövqelər üzrə dəyişiləcək.

“Azərbaycan” qəzeti seçki prosesinin dinamikliyini nəzərə alaraq, prezidentliyə namizədlər üçün digər ödənişsiz təşviqat imkanı yaradır. Belə ki, prezidentliyə namizədlərin görüşləri, çıxışları və digər təbliğat fəaliyyətləri də bərabərlik qorunmaqla, qəzetdə ödənişsiz əsaslarla dərc ediləcək.

Sonra namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə qəzetdə dərc ediləcək ödənişsiz təşviqat materiallarının ardıcıllığını müəyyənləşdirən püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən dərc ardıcıllığı belə müəyyənləşib:

1. Elşad Musayev

2. Fuad Əliyev

3. Fazil Mustafa

4. Zahid Oruc

5. İlham Əliyev

6. Qüdrət Həsənquliyev

7. Razi Nurullayev

Püşkatmadan sonra prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri - İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əhliman Tağıyev, Zahid Orucun səlahiyyətli nümayəndəsi İlqar Kərimov, Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Yaşar Kələntərli, Fazil Mustafanın səlahiyyətli nümayəndəsi Leyla Musayeva, Razi Nurullayevin səlahiyyətli nümayəndəsi Ehtiram Mehtiyev, Elşad Musayevin seçki qərargahına nümayəndəsi Fikrət Cəfərov, Fuad Əliyevin seçki qərargahının nümayəndəsi Xəzər Teyyublu çıxış edərək öz fikirlərini bölüşüblər və püşkatmanın obyektiv keçdiyini xüsusi vurğulayıblar. Tədbirdə səlahiyyətli nümayəndələri maraqlandıran suallara aydınlıq gətirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video