Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, icra hakimiyyəti orqanlarının nümayəndələri və Milli Məclisin deputatlarından ibarət nümayəndə heyəti Həştərxan şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin 11 nömrəli orta məktəbin əsaslı təmirindən və bu təhsil ocağına Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin adının verilməsindən 15 il ötməsi münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün belə geniştərkibli nümayəndə heyətinin göndərilməsi qərarına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
O, bu ilin sentyabrında Bakı ilə Həştərxan arasında hava əlaqəsinin bərpasını da mühüm hadisə kimi qeyd edib.
“Rusiya və Azərbaycan aviaşirkətləri həftədə beş dəfə uçuş həyata keçirir. Hər iki tərəfdən bu reysə böyük tələbat var, təyyarələrdə yerlərin 90 faizi dolu olur”, – deyə İ.Babuşkin vurğulayıb.
Qubernator Həştərxan vilayəti ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın bundan sonra da bütün istiqamətlər üzrə dinamik inkişaf edəcəyinə əminliyini ifadə edib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev İ.Babuşkinə səmimi qəbula görə təşəkkür edib.
Azərbaycan nümayəndə heyətinin üzvləri “Qardaşlıq bağı”nda yerləşən “Əbədi şöhrət məşəli” memorialına, eləcə də Volqa çayı sahilindəki Heydər Əliyev adına meydanda ucaldılmış Heydər Əliyev abidəsinin önünə gül dəstələri qoyublar.
Azərbaycandan gələn qonaqlar Həştərxan şəhərindəki 11 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə iştirak ediblər. Tədbir başlamazdan əvvəl onlar təhsil müəssisəsinin foyesində yerləşən Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, daha sonra əlamətdar tarixə həsr olunmuş məktəblilərin çəkdikləri rəsmlərin nümayiş olunduğu sərgiyə baxıblar.
Qonaqları salamlayan məktəbin direktoru Tatyana Tixomirova bildirib ki, son 15 ildə məktəbi mindən çox şagird bitirib. Onlardan 43-ü qızıl və gümüş medallara layiq görülüb, səkkiz şagird isə “Həştərxan vilayətinin fəxri” xatirə medalına layiq görülüb.
“Həştərxan vilayəti üçün Azərbaycan Respublikası Xəzər regionunda aparıcı tərəfdaşlardan biridir. Uzun illərdir ki, biz müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığımızı inkişaf etdiririk. Heydər Əliyev Fondunun fəal iştirakı ilə Həştərxanda bir sıra mühüm sosial-iqtisadi və humanitar layihələr həyata keçirilib. Bütün bunlar regionumuzla Azərbaycan Respublikası arasında sıx və səmərəli əməkdaşlığın təsdiqidir”, – deyə Həştərxan vilayəti hökuməti sədrinin müavini İlya Volınski vurğulayıb.
Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev də Azərbaycanla Həştərxan vilayəti arasındakı tarixi əlaqələrdən və tərəfləri birləşdirən müasir layihələrdən danışıb.
“Həştərxandakı 11 nömrəli məktəb humanitar sahədə əməkdaşlığın konkret nəticələr verdiyinin bariz nümunəsidir. Ötən 15 il ərzində Həştərxanın ən yaxşı təhsil müəssisələrindən biri xalqlarımızın dostluq rəmzinə çevrilib”, – deyə o qeyd edib.
Müəllim və şagirdləri əlamətdar tarix münasibətilə təbrik edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev Heydər Əliyevin xatirəsinə ehtiramla yanaşdıqlarına görə məktəbin kollektivinə minnətdarlığını bildirib. O, həmçinin məktəblilərə təhsildə və ictimai işlərdə yeni uğurlar arzulayıb.
Həştərxan şəhərinin meri İqor Redkin Heydər Əliyev Fondunun Həştərxan ilə Azərbaycan arasındakı əməkdaşlığa verdiyi mühüm töhfəni qeyd edib. Fondun dəstəyi ilə şəhərdə sosial əhəmiyyətli bir sıra layihələr həyata keçirilib.
Milli Məclisin deputatı Rizvan Nəbiyev məktəbin kollektivinə qonaqpərvərliyə görə təşəkkür edib. “Bu gün əldə etdiyiniz biliklər gələcəkdə arzularınızı həyata keçirməyə kömək edəcək. Biz sizi ölkələrimiz və xalqlarımız arasında dostluğun gənc elçiləri hesab edirik”, – deyə o, şagirdlərə müraciət edib.
Bayram tədbirinin sonunda qonaqlara xalqların dostluğunu simvolizə edən mahnı və rəqs nömrəsi təqdim olunub. Heydər Əliyev Fondunun adından ən yaxşı müəllimlər və şagirdlər xatirə hədiyyələri ilə mükafatlandırılıblar.