07 Fevral 2024 08:37
3407
SİYASƏT
A- A+

Azərbaycan liderini seçir

 

7 namizəd, 6 milyon 478 min 623 seçici, 6537 seçki məntəqəsi, 90 min 372 müşahidəçi…

 

Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanda növbəti prezident seçkiləri keçirilir. Ölkə vətəndaşları müstəqillik dövrünün 9-cu prezident seçkisində layiqli namizədə etimad mandatı verərək liderini müəyyənləşdirəcək.
Azərbaycan xalqı müstəqillik həyatında ilk dəfə olaraq bu seçkilərə - ərazi bütövlüyümüzün tam bərpası fonunda gedir. Bu seçkilərin işğaldan azad edilmiş yurdlarımızda da keçirilməsi isə bir ayrı milli qürurumuzdur. Məhz bu səbəbdən də xalq budəfəki seçkini Zəfər seçkiləri adlandırıb. 
Azərbaycan xalqı müstəqillik tarixində ilk dəfə olaraq qalib xalqın qalib vətəndaşı kimi prezident seçkilərində iştirak edəcək. Ən mühüm məqam odur ki, illərdən sonra Ağdərədə, Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda, Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocavənddə, Xocalıda, Xankəndidə - yəni Qarabağ və Şərqi Zəngəzurda Zəfər seçkilərinin qüruru yaşanacaq. Əlbəttə ki, suverenliyimizin təmin edilməsi kimi tarixi şəraitdə ilk dəfə məhz prezident seçkiləri keçirməyimizin özünün də böyük rəmzi mənası var. Bu baxımdan, heç şübhəsiz, seçkilərin keçiriləcəyi 7 fevral təqvimi şanlı salnaməmizə tarixi gün kimi yazılacaq. 
Prezident seçkisinin əsas məğzi vətəndaşların siyasi alternativlər sırasında inam bəslədikləri namizədə səs verməsi və ən üstün etimadı qazananın qalib elan olunmasıdır. Yəni bu, həm də bir yarışdır. Bu gün xalq 7 namizədin mübarizə apardığı yarışda inandığı, etibar etdiyi, liderlik qabiliyytinə güvəndiyi siyasətçini 7 il müddətinə ölkəyə rəhbər seçəcək.
Prezident seçkilərində 7 namizəd iştirak edir. Bunlar namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.
Seçki Məcəlləsinə müvafiq olaraq, bu gün bütün ölkə üzrə səsvermə saat 08:00-dan başlayıb 19:00-da başa çatacaq. Prosedura uyğun olaraq, məntəqə seçki komissiyasının üzvləri səsvermə başlananadək hazırlıq işləri aparır və saat 7:50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsinin açıldığını elan edir. Bundan sonra o, seçki komissiyasının üzvlərinə, müşahidəçilərə və orada olan digər seçki subyektlərinə boş seçki qutularını göstərib kilidləyir və saat 08:00-da səsvermənin başlandığını bəyan edir.
Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün digər vasitələrlə yanaşı, bütün ölkə coğrafiyasını əhatə edən  1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların quraşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi mütəmadi qaydada diqqət mərkəzində saxlanılır. İnternet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olmaqla heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini, səslərin sayılmasını və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malikdirlər. Onu da deyək ki, bu təcrübə Azərbaycandan sonra digər ölkələrdə də tətbiq edilməyə başlanıb.
MSK-nın seçki siyahısında 6 milyon 478 min 623 nəfər var. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki məntəqəsi yaradılıb. 22 mindən artıq seçicimiz işğaldan azad olunmuş ərazilərdə olan məntəqələrin seçici siyahılarına daxil edilib.
Seçkilərin keçirilməsində əsas tələblərdən biri şəffaflığın təmin edilməsi məsələsidir. Azərbaycanda bu baxımdan həmişə olduğu kimi, indi də heç bir problem yoxdur. Seçkiləri izləmək üçün ümumilikdə 90 372 müşahidəçi qeydə alınıb. 790 nəfəri beynəlxalq müşahidəçilərdir, onlar 72 beynəlxalq təşkilatı təmsil edirlər. Onların hamısı mötəbər təşkilatlardandır. 190 xarici media qurumunun 200-dən artıq nümayəndəsi müşahidəçi kimi iştirak edəcək. Seçkiləri 109 beynəlxalq media qurumundan 216 jurnalist izləyib işıqlandıracaq.
Prezident seçkilərini 14 siyasi partiyanın 50 mindən çox müşahidəçisi izləyəcək. Siyasi partiyaların seçkilərdə iştirakı həmişə bütün dünyada maraq doğurur. Seçkilərdə 7 namizəddən 5-i siyasi partiyanı təmsil edir. 14 siyasi partiya isə namizədi olmasa da, müşahidəçi kimi tərəfdarlarını prosesə cəlb edib. 90 mindən çox müşahidəçinin 50 mindən çoxu siyasi partiyanı təmsil edir.
Görmə qabiliyyəti olmayanlar, eləcə də əlillik arabasından istifadə edən seçicilər üçün 2000-dən çox məntəqədə şərait yaradılıb. 
Ümumiyyətlə, seçkilərdə ilk dəfə səs verənlərin sayı 407 mindən yuxarıdır. 
Prezident seçkiləri günü 228 şəxsin 18 yaşı tamam olur və onlar məhz seçki günü səsvermə hüququ əldə edəcəklər. 
Onu da vurğulayaq ki, seçkiləri tam tərkibdə müşahidə edəcək ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası artıq bir aydan çoxdur Azərbaycandadır. Onların nümayəndə heyəti ümumilikdə 266 nəfərdən ibarətdir.
Bundan əlavə, ATƏT-in Parlament Assambleyasının 96 müşahidəçisi seçkiləri izləyəcək. 
Ölkəmizdə keçirilən prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 minə yaxın seçici siyahıya alınıb. Səsvermə günü öz məntəqəsində olmayan şəxs qeydiyyatdan çıxma sənədi ilə istədiyi yerdə səs verə biləcək. Bu həm xaricdə, həm də ölkədə yaşayan seçicilərə aiddir.
Bir sözlə, gerçəkləşdirilən çoxsaylı irimiqyaslı layihələr onu deməyə əsas verir ki, seçkilər tam demokratik, ədalətli və şəffaf keçiriləcək. Seçicilər onlar üçün yaradılmış bu qədər geniş imkanlardan səmərəli istifadə edərək azad və sərbəst şəkildə öz konstitusion hüquqlarını reallaşdıracaqlar. Zəfər seçkisi milli və siyasi həmrəyliyin təntənəsi kimi tarixə yazılacaq. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video