Sabah Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. Bununla da Azərbaycan daha bir ilkə imza atacaq. Çünki tarixdə birinci dəfə təşkil olunacaq bu turnirə məhz ölkəmiz ev sahibliyi edəcək. FIFA-nın U-15 dünya çempionatının keçirilməsini Azərbaycana həvalə etməsi heç də təsadüfi deyil. Ölkə rəhbərliyi tərəfindən idmana göstərilən daimi qayğı beynəlxalq federasiyaların da diqqətini cəlb edir. Təkcə bu il ərzində Azərbaycanda keçirilən dağ xizəyi, su idmanı üzrə nüfuzlu beynəlxalq yarışlar, çövkən, güləş (U-17) cüdo və sumo üzrə dünya çempionatları, voleybol üzrə Avropa çempionatının C qrupunun oyunları, Formula 1 yarışı ölkəmizin dünya idmanındakı hazırkı mövqeyini əks etdirir. Beynəlxalq idman təşkilatları ev sahibi seçimi zamanı təkcə idman infrastrukturunu deyil, həmin ölkədəki sabitliyi və təhlükəsizlik mühitini də əsas götürür. Azərbaycan sadalanan tələblərə tam cavab verdiyi üçün növbəti böyük idman tədbirini qəbul etməyə hazırlaşır.
FIFA U-15 dünya çempionatında 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) mundialın təşkilinə cəmi 66 gün ərzində hazırlaşıb. Qısa müddət ərzində Hövsanda müasir tələblərə cavab verən yarış kompleksi inşa olunub. 12 hektarlıq daimi ərazidə 10 stadion, inzibati bina və əsas infrastrukturlar yerləşir. 6,6 hektarlıq köməkçi ərazidə isə media qrupları, xidməti personalın qidalanması, sanitar qovşaqlar və paltardəyişmə otaqları üçün 23 müxtəlifölçülü çadır quraşdırılıb. Stadionlarda yağış sularının kənarlaşdırılması üçün xüsusi qurğular, yerin altında ümumi uzunluğu 3200 metr olan boru xətləri quraşdırılıb, 114 ədəd quyu qazılıb. Ərazidə FIFA standartlarına tam cavab verən, 40 dayağın üzərində ümumilikdə 360 ədəd projektor yerləşdirilib. Bundan əlavə, ərazi boyunca 210 işıqlandırma dirəyi, 134 videomüşahidə kamerası və mərkəzləşdirilmiş səs sistemi quraşdırılıb. Bütün bu sistemlər 10 otaqdan ibarət inzibati binadan idarə olunacaq.
Göründüyü kimi, Azərbaycan əvvəlki nüfuzlu yarışlara olduğu kimi, ilk dəfə keçiriləcək U-15 dünya çempionatına da yüksək səviyyədə hazırlaşıb. Ötən ayın sonlarında Azərbaycana səfəri zamanı Hövsan Yarış Kompleksini ziyarət edən FIFA prezidenti Canni İnfantino da Azərbaycanın turnirə hazırlığını yüksək qiymətləndirmiş, yaradılan şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirmişdi.
Mundialda Azərbaycanı 16 yaşadək futbolçulardan ibarət milli komanda təmsil edəcək. Heyətdə 14 futbolçu yer alacaq. Seçim prosesi 3 mərhələdən ibarət olub və Azərbaycanın müxtəlif bölgələrini əhatə edib. Əvvəlcə 19 futbolçu və 3 qapıçıdan ibarət ilkin heyət formalaşdırılıb. Yekun heyətdə yer alan oyunçuların əksəriyyəti “Ulduz”, “Neftçi” və “Qarabağ” akademiyalarında çıxış edən bölgə uşaqlarıdır. Famil Xəlilovun baş məşqçisi olduğu komanda “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste yığmaları ilə mübarizə aparacaq. Millimiz turnirdə ilk oyununu oktyabrın 24-də Timor-Leste kollektivinə qarşı keçirəcək. Dünya çempionatının açılış və bağlanış mərasimləri, eləcə də ilk və final oyunları “Kristal Zal”da baş tutacaq.