25 Aprel 2025 08:25
1412
Mədəniyyət
A- A+
Azərbaycan elminə, vətəndaş cəmiyyətinə və insan hüquqlarına həsr olunmuş ömür

Azərbaycan elminə, vətəndaş cəmiyyətinə və insan hüquqlarına həsr olunmuş ömür


Azərbaycan elminin və ictimai fikrinin inkişafında silinməz iz qoymuş şəxsiyyətlərdən biri də Elmira Süleymanovadır. Kimya elmləri doktoru, professor, "Fəxri kimyaçı" və Azərbaycan Respublikasının ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olan Elmira Süleymanova yalnız elmi nailiyyətləri ilə deyil, həm də cəmiyyətin humanist dəyərlərlə inkişafı naminə göstərdiyi fəaliyyətlə yadda qalmışdır. Onun zəngin həyat yolu bir tərəfdən yüksək elmi və təşkilati bacarığın, digər tərəfdən dərin humanizm və vətəndaş məsuliyyətinin bariz nümunəsidir.

Elmira Süleymanovanın elmi fəaliyyəti Azərbaycan neft-kimya elminin inkişafına verdiyi töhfələrlə yalnız ölkə daxilində deyil, beynəlxalq elmi ictimaiyyətdə də tanınmasına səbəb olmuşdur. Müxtəlif elmi strukturlarda rəhbər vəzifələrdə çalışan Elmira xanımın fəaliyyəti geniş bir sahəni əhatə edir. Fundamental tədqiqatlar, texnoloji yeniliklər, elmi rəhbərlik və təşkilatçılıq keyfiyyətləri ilə fərqlənən Elmira Süleymanova 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laborant kimi elmi fəaliyyətə başlamış, qısa zamanda aspirantura təhsilini tamamlayaraq kimya elmləri namizədi (1967) və daha sonra kimya elmləri doktoru (1980) alimlik dərəcələrini almışdır. Onun rəhbərliyi ilə aparılan tədqiqatlar, əsasən alitsiklik karbohidrogenlərin və onların törəmələrinin sintezi, çevrilməsi və sənayedə tətbiqi sahələrini əhatə edirdi. Bu sahədəki tədqiqatları nəticəsində elmə məlum olmayan bir sıra kimyəvi proseslər aşkar edilmiş və əldə edilən maddələr ölkə sənayesində və beynəlxalq sərgilərdə yüksək qiymətləndirilmişdir.

Elmira xanımın elmi yaradıcılığına aid çoxsaylı patentlər və müəlliflik şəhadətnamələri onun praktikyönümlü fundamental tədqiqatlarının nəticəsidir. Alimin rəhbərliyi altında hazırlanmış sintetik ətirli maddələr, tikinti lakları və ərzaq sənayesi üçün istifadə olunan maddələr bir çox ölkələrdə tətbiq edilmişdir. Xüsusilə "Soyuzparfümerprom" və digər nüfuzlu müəssisələrdə istehsal olunan bu məhsullar onun elmi istedadının göstəriciləridir.

Elmira xanım həm tədqiqatçı, həm də təşkilatçı alim kimi önəmli uğurlara imza atmışdır. O, Azərbaycan Elmlər Akademiyasının Kimya elmləri bölməsinin elmi katibi, SSRİ Elmlər Akademiyasının Neft-Kimya Problemi üzrə Əlaqələndirmə Şurasının, "Neft-Kimya" jurnalının redaksiya heyətinin və Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü olaraq uzun illər fəaliyyət göstərmişdir.

E.Süleymanova 240-dan artıq elmi məqalənin, 40-dan çox ixtiranın müəllifidir, 5 elmlər doktoru və 16 elmlər namizədi yetişdirmişdir. Yetirmələri bu gün də müxtəlif müəssisələrdə fəaliyyət göstərərək elm və təhsil sahələrinə töhfə verməkdə davam edirlər.

Amma bu müdrik Azərbaycan qadınının həyat yolu yalnız elm adamı olmaqla məhdudlaşmamışdır. Elmira Süleymanova elmi və pedaqoji fəaliyyəti ilə yanaşı, daim ictimai proseslərin önündə yer almış, cəmiyyətin ehtiyaclarını, sosial həssas qrupların hüquq və maraqlarını qorumağı öz həyat missiyası saymışdır. Onun bu sahədəki fəaliyyəti yalnız ölkə miqyasında deyil, beynəlxalq səviyyədə də geniş tanınmış və yüksək dəyərləndirilmişdir.

1980-ci illərdən başlayaraq qadın hərəkatında fəal iştirak edən Elmira xanım qadınların cəmiyyətdə sosial-siyasi rolunun artması və hüquqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış etmişdir. 1990-1994-cü illərdə Azərbaycan Qadınlar Cəmiyyətinin sədr müavini kimi fəaliyyət göstərən Elmira xanım qadın problemlərinin dövlət səviyyəsində gündəmə gətirilməsində və müvafiq siyasətin formalaşdırılmasında əhəmiyyətli rol oynamışdır.

1994-cü ildə onun rəhbərliyi ilə yaradılmış Azərbaycan Qadın və İnkişaf Mərkəzi (AQİM) ölkədə qadın hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən ilk qeyri-hökumət təşkilatlarından biri olmuşdur. Bu qurum 2002-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən xüsusi məsləhətçi statusuna layiq görülmüş, Azərbaycanda bu statusa malik ilk qeyri-hökumət qadın təşkilatına çevrilmişdir.

Elmira xanımın rəhbərlik etdiyi dövrdə AQİM müxtəlif beynəlxalq təşkilatlarla - UNDP, UNICEF, UNFPA, UN WOMEN və digərləri ilə birgə qadınların liderlik bacarıqlarının inkişafı, məcburi köçkün qadınların və uşaqların reabilitasiyası, ailədə gender əsaslı zorakılığın qarşısının alınması, reproduktiv sağlamlıq və sosial dəstək layihələrini həyata keçirmişdir. Onun təşəbbüsü ilə 2000-ci ildə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi (AUGSŞ) və 2001-ci ildə həmin şəbəkənin nəzdində Liderlik Məktəbi yaradılmış, bu təşkilatlar vasitəsilə yüzlərlə uşaq və gənc insan hüquqları, vətəndaş məsuliyyəti və liderlik bacarığı üzrə maarifləndirilmişdir. Bu təşəbbüslər nəticəsində uşaq və gənclərin hüquqları sahəsində Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun milli modellər formalaşmışdır.

Elmira xanımın iştirakı ilə yaradılmış Qadın, Uşaq və Gənclərin Hüquqlarının Müdafiəsi üzrə QHT Alyansı müxtəlif yaş və sosial qrupların hüquqi müdafiəsini təmin edən geniş şəbəkəyə çevrilmişdir. O, bu fəaliyyəti ilə yalnız bir ictimai xadim deyil, eyni zamanda vətəndaş cəmiyyətinin formalaşmasında və humanist dəyərlərin təşviqində örnək olan ziyalı kimi tanınmışdır. E.Süleymanovanın bu sahədə atdığı addımlar Azərbaycanda sosial ədalət, gender bərabərliyi və humanist inkişaf ideyalarının reallaşmasında mühüm rol oynamışdır.

Lakin Elmira xanımın bir alim və ictimai xadim kimi keyfiyyətləri təkcə bunlarla da bitməmişdir. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə, insan hüquq və azadlıqlarının təminatı sahəsində yeni institutlara ehtiyac duyulurdu. Belə bir dövrdə hüquqi dövlət quruculuğu prosesində fundamental əhəmiyyət kəsb edən addımlardan biri də Ombudsman təsisatının yaradılması idi.

Ölkəmizdə ilk dəfə insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı  ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda əksini tapmışdır.

2001-ci ildə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Konstitusiya Qanununun qəbul edilməsi ilə Azərbaycanda yeni və müstəqil məhkəmədənkənar hüquq-müdafiə institutu təsis olundu. 2002-ci il iyulun 2-də Milli Məclisin qərarı ilə Elmira Süleymanova bu mühüm vəzifəyə seçilərək Azərbaycanın ilk ombudsmanı oldu.

Elmira xanımın bu sahədəki fəaliyyəti sistemli şəkildə təşkil edilmiş çoxşaxəli mexanizmlər üzərində quruldu. O, insan hüquqlarının müdafiəsi və təşviqi üçün bölgələrə səfərlər edir, əhalinin müxtəlif təbəqələri ilə birbaşa görüşür, hüquq pozuntularının qarşısını almaq üçün operativ və çevik müdaxilə mexanizmləri tətbiq edirdi. Onun rəhbərliyi ilə Müvəkkil təsisatı qısa müddətdə həm milli, həm də beynəlxalq səviyyədə nüfuz qazandı.

Elmira Süleymanovanın ombudsman kimi fəaliyyətində diqqət çəkən əsas istiqamətlərdən biri insan hüquqları sahəsində sistemli və davamlı strateji əhəmiyyətə malik sənədlərin işlənib hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi olmuşdur. 

Prezident İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" ölkədə hüquqi islahatların dərinləşməsi, insan hüquqlarının təminatı və vətəndaş cəmiyyətinin inkişafı baxımından mühüm sənəd olmuşdur. Daha sonra - 2011-ci il 27 dekabr tarixində təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" isə bu istiqamətdə atılmış növbəti sistemli addım kimi yadda qalmışdır. Həmin sənədlərin hazırlanmasında Elmira xanımın rolu yalnız təşəbbüsçü kimi deyil, eyni zamanda onun icrasını əlaqələndirən şəxs kimi xüsusi əhəmiyyət daşıyırdı.

Elmira Süleymanovanın təşəbbüsü ilə paytaxtda, habelə ölkənin bütün regionlarında müxtəlif dövlət orqanlarının, mərkəzi və yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən QHT və media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilmiş, insan hüquqlarının vəziyyəti müzakirə olunmuş və praktiki tövsiyələr hazırlanmışdır. Bu proseslərin nəticəsində dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq artmış, vətəndaş-məmur münasibətlərində hüquq mədəniyyəti daha da inkişaf etmişdir. Beləliklə, Elmira xanımın təşəbbüs göstərdiyi bu strateji sənədlər yalnız hüquqi baza deyil, eyni zamanda cəmiyyətin demokratikləşməsi prosesinin də təməl daşlarına çevrilmişdir.

Elmira Süleymanova Bakı Dövlət Universitetində  "İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO" kafedrasında bakalavr və magistr pillələrində insan hüquqları üzrə yüksəkixtisaslı kadr hazırlığı aparmış, Hüquq fakültəsində tələbələr üçün mühazirələr oxumuşdur. 

Elmira Süleymanovanın ombudsman kimi fəaliyyəti həm milli, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilmiş və geniş tanınmışdır. O, insan hüquqları sahəsində qlobal çağırışlara cavab verən, beynəlxalq əməkdaşlıq üçün açıq və təşəbbüskar bir lider kimi çıxış etmiş, nüfuzlu beynəlxalq qurumlarla fəal əməkdaşlıq əlaqələri qurmuşdur. Bu əlaqələr nəticəsində Azərbaycan ombudsmanı beynəlxalq tədbirlərdə - konfranslar, forumlar, məruzə toplantılarında ölkəmizi uğurla təmsil edərək, insan hüquqları sahəsində Azərbaycanın mövqeyini, islahatlarını və təşəbbüslərini beynəlxalq auditoriyaya təqdim etmişdir. Yeri gəlmişkən qeyd edək ki, Elmira xanım Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının və Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvü olmuş, onun təşəbbüsü ilə ENOC tərəfindən həyata keçirilən "Avropa Gənc Məsləhətçilər Şəbəkəsi" layihəsində Azərbaycan fəal iştirak etmişdir. O, müxtəlif beynəlxalq konfranslarda - Vyana, Qahirə, Haaqa, Nyu York, İstanbul və digər şəhərlərdə təşkil olunan BMT forumlarında çıxışlar edərək Azərbaycanın insan hüquqları sahəsində həyata keçirdiyi islahatları və qarşıya çıxan çağırışları təqdim etmişdir.

Elmira Süleymanova ombudsman kimi 17 il ərzində iştirak etdiyi beynəlxalq tədbirlərdə hər zaman Azərbaycanın haqq səsini ucaltmış, ölkəmizin işğala məruz qalmasını, bir milyondan çox soydaşımızın öz doğma yurdlarından didərgin salınmasını, həmin insanların beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlarının kobud şəkildə pozulmasını dünya ictimaiyyətinə çatdırmışdır. 

Professor Elmira Süleymanovanın xidmətləri dövlət və cəmiyyət səviyyəsində yüksək qiymətləndirilmişdir. O, uzun illər ərzində elmi, ictimai və hüquqi sahələrdəki fəaliyyətinə görə bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdür. SSRİ dövründə aldığı "Fəxri kimyaçı", "SSRİ ixtiraçısı" adları, "Şərəf nişanı" ordeni onun kimya sahəsindəki nailiyyətlərinə verilən dövlətsəviyyəli təltiflərdir. Müstəqillik dövründə isə akademik Yusif Məmmədəliyev adına mükafat, "Böyük Qızıl Xaç Ordeni" (Polşa), "Beynəlxalq Sülh Mükafatı" (ABŞ), "Beynəlxalq səfir" ordeni, "Türk Dünyası Onur Medalı" və "Beynəlxalq Qızıl Ulduz" mükafatı onun beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir.

Elmira xanım 2005-ci ildə Nobel Sülh Mükafatı üçün təqdim edilmiş "1000 qadın" layihəsinin nominantı olmuş, "Dünyanın 1000 qadını" kitabına daxil edilmişdir. Bu, onun dünya miqyasında insan hüquqlarına, sülhə və tolerantlığa verdiyi töhfənin təsdiqi idi.

Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara əsasən, E.Süleymanova insan hüquqlarının qorunması sahəsində xidmətlərinə, ölkənin  ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülmüşdür. Ölkəmizdə onun xidmətlərinə verilən qiymətlərdən biri də Prezidentin Sərəncamı ilə 2019-cu ildə təqdim olunmuş "Vətənə xidmətə görə" ordeni, eləcə də 2020-ci ildə verilmiş Prezidentin fərdi təqaüdü olmuşdur. 2023-cü ildə isə Elmira xanım "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edilmişdir.

Elmira Süleymanova Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi də ictimai fəaliyyəti ilə xalqımıza, dövlətimizə və təşkilata böyük xidmətlər göstərmiş, cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Bütün bunların sayəsində onun adı artıq yalnız bioqrafik xatirələrdə deyil, həm də Azərbaycan cəmiyyətinin hüquqi-mədəni yaddaşında özünəməxsus yeri olan bir dəyərə çevrilmişdir. Elmira xanımın həyatı gələcək nəsillər üçün həm elmə, həm cəmiyyətə, həm də insanlığa xidmətin nümunəsidir. Bu gün aramızda olmasa da, onun irsi gənc tədqiqatçılarda, hüquq müdafiəçilərində, Vətənə və dövlətçiliyə sadiq ictimai fəallarda, xüsusilə insan hüquqlarına hörmətlə yetişən yeni cəmiyyətdə yaşamaqdadır.


Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hüquq üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!