07 İyul 2024 09:35
1241
Mədəniyyət
A- A+
Azərbaycan ədəbi dili tarixində Məhəmməd Füzuli

Azərbaycan ədəbi dili tarixində Məhəmməd Füzuli

 

"Füzuli azərbaycanlıdır, azərbaycanköklüdür. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir. Füzuli  başqa ölkələrdə də məşhurdur. Lakin onu azərbaycanlılar qədər özününkü sayan yoxdur".

Heydər ƏLİYEV

 

"Təkrarsız lirik və qəlb şairi" (Mir Cəlal), "türkdilli zəmin üzərində ucalmış böyük Azərbaycan şairi" (Həmid Araslı) Məhəmməd Füzulinin yaradıcılığı Azərbaycan ədəbi dili tarixində xüsusi bir mərhələdir. 
Məhəmməd Füzuli ədəbi-bədii yaradıcılığı ilə orta əsrlərdə hakim olan "şair fars dilində yazmalıdır" kabusunu dağıdaraq ana dilində gözəl, lətafətli şeir yazmağın mümkünlüyünü öz yaradıcılığı ilə təsdiqləyən görkəmli şeir ustadıdır. Füzulinin bədii-estetik söz sənəti bütün türk dünyasına şərəf bəxş etmişdir.
Dahi söz ustadının bədii yaradıcılığı orta əsrlərdə ən azı üç dildə yazıb-yaradan poliqlotlar sırasını zənginləşdirən regional - Azərbaycan mədəniyyətinin təzahürü, Azərbaycan klassik poeziyasının zirvəsidir. Şairin dili orta əsrlər Azərbaycan ədəbi-bədii dilinin bütün istiqamətlərdə inkişaf xəttini əks etdirən orijinal və nümunəvi bir dildir, Azərbaycan xalq dilinin ən yüksək səviyyəsidir.
Şair anadilli əsərlərində Azərbaycan türk dilinin xəlqi, milli köklərindən, xalqın dilində əsrlərlə işlənib cilalanmış söz və ifadələrdən maksimum istifadə edərək özünün sələfləri Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai kimi söz ustadlarının milli ənənələrə köklənən üslubi orijinallıqlarını yaradıcı şəkildə davam etdirmiş, özündən sonra gələn yüzlərlə xələflərinin yaradıcılıqları üçün mükəmməl sınaq meydanı, istiqamətverici faydalanma mənbəyi olmuşdur. Məhəmməd Füzulinin ana dilində yazdığı divanı orta əsrlər klassik Azərbaycan ədəbi dilinin ən mükəmməl nümunəsi kimi XVI əsr Azərbaycan ədəbi dilinin ümumi inkişaf tarixini, onun fonetik, leksik və qrammatik normalarını özündə əks etdirir. 
Ana dilimizdə yazılmış şeirin ən gözəl nümunələrini yaratmış Məhəmməd Füzuli öz təkrarsız əsərləri ilə dilimizi yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasının inkişafına qüvvətli təsir etməklə möhtəşəm bir ədəbi məktəb yaratmışdır. Söz mülkünün sultanı olan sənətkar üç dildə - Azərbaycan, ərəb və fars dillərində nadir sənət əsərləri yaratmış, yaradıcılığında ana dilinə üstünlük verməklə doğma dilinin məna zənginliklərini göz önündə canlandırmış, onun poetik imkanlarını bütün parlaqlığı və əlvanlığı ilə nümayiş etdirməyə nail olmuşdur.
Füzuli yaradıcılığında XVI əsr Azərbaycan ədəbi dilinin inkişaf xəttinin əsas istiqamətlərini mükəmməl şəkildə əks etdirən ustad bir şairdir. Əsərlərində Azərbaycan türk dilinin milli, xəlqi zəminini qoruyub saxlamış, dövrün qalib dilləri, ərəb, fars dillərindən qədərincə faydalanmış, ana dilini bu dillərlə canlı rəqabətə qatmış və bu yarışmada qalib çıxdığını öz bədii yaradıcılığı ilə təsdiq etmişdir. Məhəmməd Füzuli mükəmməl divanları ilə xüsusi şöhrət tapmış, "Şərq poeziyasının günəşi" (Gibb) adını qazanmışdır. "Üçdilli nəhəng "türkzəban" türk ləfzilə şeir yazmağın bütün çətinliklərini asan etmək qüdrətinə malik olmuş, bu qüdrət ona ana dilinə dəruni sevgisindən və dəruni hörmətindən gəlmişdir"(Ağamusa Axundov).
1494-cü ildə Bağdad yaxınlığındakı Kərbəla şəhərində doğulub boya-başa çatmış Məhəmməd Füzulinin gənclik illəri və ilkin formalaşma dövrü Bağdadın elm-mədəniyyət mərkəzi olması zamanına təsadüf etmişdir. Həmin dövrlərdə Bağdad şəhərində, ümumən İraqda Azərbaycan türklərinin məskunlaşması və "Azərbaycan-türk mühitinin" mövcud olması dahi şairin Azərbaycan dilində Şərq poetikası ənənələrinə uyğun janr nümunələri qələmə almasına və doğma ana dilində "Divan" bağlamasına şərait yaratmışdır. İraqda, indinin özündə belə iki milyondan artıq türkman-azərbaycanlı yaşayır. Tarixi şəxsiyyət, klassik Azərbaycan şairi Şah İsmayıl Xətainin misralarında da "türkman" sözünün işləndiyini görmək olur: 
Yetdikcə tükənir ərəbin kuyi-məskəni,
Bağdad içində hər necə kim, türkman qopar.
XVI əsr Azərbaycan ədəbi dilinin nəhəng şairi Məhəmməd Füzuli Bağdadın türk dili mühitində yaşamış, "Bağdad Füzuli üçün ana dili mühiti olmuşdur" (Tofiq Hacıyev).
Dahi şair yaradıcılığında xalq danışıq dilinin incəliklərindən, xalqın yaratdığı obrazlı ifadələrdən, sözlərin məna çalarlarından bacarıqla istifadə etmiş, poetik dili xəlqi keyfiyyətlərlə zənginləşdırmişdır. Bu zənginlik türk mənşəli və fars, ərəb dillərindən alınmış "lirik-poetik" leksika (eşq, göz, kirpik, dodaq, diş, məhəbbət, mey, ney, rüxsar, murad, tiğ, çeşm, boy, qədd, ah, fəğan və s.) və lirik qəhrəmanın  (gözəlin, dilbərin) poetik obrazının əsas ifadə vasitəsi kimi şairin dilində çox fəal olan izafət quruluşlu sözlərin (aşiqi-sadiq, güli-rüxsar, fəsli-gül, şəmi-rüx, zülfi-pərişan, sərvi-xuraman və s.), habelə Azərbaycan türkmənşəli feillərin idarəsi ilə yaranan lirik məzmunlu mürəkkəb feillərin və feili birləşmələrin (yelə vermək, hicrə doymaq (dözmək), viran olmaq, nitqi kəsilmək, ayağına düşmək (yalvarmaq), ayağa düşmək (əyağın - badənin içindəki meyə işarədir), kam bulmaq, fəda etmək və s.) dahi Füzulinin məxsusi lirizminin üzə çıxarılmasında, eləcə də ümumən Azərbaycan klassik poeziyasının, xüsusən XVI əsr Azərbaycan ədəbi dilinin lirik-sentimental (bədii) üslubunun zənginləşməsində və formalaşmasında mühüm vasitə olması ilə nəzərə çarpır. Professor Mir Cəlal Paşayev Füzuli haqqında yazırdı: "Füzulinin sənət duyğuları təmiz, səmimi olduğu kimi, fikirləri də dərin və doğru idi. Odur ki, onun şeiri istər forma, istərsə də məzmun etibarilə çox möhkəm vəhdətə söykənirdi. Sənətin elmi və doğru anlayışına əsaslanırdı". 
Füzuli dilini səciyyələndirən xüsusiyyətlərdən biri də nümunələrdə külli miqdarda ərəb və fars dilindən alınma sözlərin işlənməsidir. Bu onu göstərir ki, XVI əsrdə həmin alınmalar artıq ümumxalq dilində də işlək olmuş və şair bunların çox hissəsini ozamankı xalq dilindən əxz etmişdir. Beləliklə, böyük ustad düşünə-düşünə, şüurlu şəkildə belə alınmaları ədəbi dilə cəlb etməklə həm öz dilinin, həm də bütövlükdə XVI əsr Azərbaycan ədəbi dilinin əhatə dairəsinin genişlənməsinə, onun söz ehtiyatının zənginləşməsinə nail olmuşdur. Başqa sözlə desək, Füzulinin dilində alınma sözlər milli söz mühitində yad olduğunu sanki "unudur", oxucu üçün də anlaşıqlı olur. Füzulinin dilində yaşadığı dövr üçün məqbul sayılan, həmin dövrün ədəbi dilində vətəndaşlıq hüququ qazanmış bəzi  alınmalar üstünlük təşkil etməklə, ana dili sözləri ilə zəngin sinonim cərgələrin yaranmasında əsas mənbələrdən biri (birincisi milli sözlərdir) olmaqla, ümumilikdə ana dili sözləri ilə müvazi işlənərək şairin dilinin bədii-estetik zənginliyini təmin edir. Lakin bir qrup alınmalar Füzulidən sonrakı ədəbi dildə ara-sıra özünü göstərsə də, ziyalı (savadlı) təbəqənin üslubunda məhdud dairədə işlənsə də, əsasən, ümumxalq dilinə daxil ola bilməmiş, şairin dilində xüsusi intensivliyə malik olmamışdır.
Məhəmməd Füzuli bədii sözün yaradıcısı kimi söz və ifadə imkanlarından dahiyanə istifadə edərək, Azərbaycan klassik şeirinin təkrarsız nümunələrini yaratmaqla  şeir sənətini klassik şeir səviyyəsinə qaldırdı. Bu prosesdə şair Azərbaycan dilinin daxili imkanlarından, onların xalq dilində olan rəngarəng məna çalarlıqlarından, Azərbaycan dili sözlərinin zəngin çoxmənalılığından, eləcə də ümumxalq dilində yer tutmuş alınmalarından yerli-yerində istifadə edərək, zəngin leksik-semantik söz qrupları silsilələrini yaratmışdır. Qəzəllərinin bədii dəyərini, poetik və estetik vüsətini zənginləşdirən sinonim cərgələrin, xalq yaradıcılığından gələn bədii cinasların (omonimlərin), poetik-üslubi təzadların, antitezaların yaranmasına xidmət edən bədii antonimlərin orijinal nümunələrinin yaranmasında böyük şair, əsasən demək olar ki, ümumxalq Azərbaycan dilinin milli söz xəzinəsindən bəhrələnmişdir.
Məhəmməd Füzuli klassik Şərq şeirinin bütün janrlarından istifadə etmişdir. O, mövzuya, məzmun və ideyaya uyğun olaraq hər janrın imkan və xüsusiyyətlərini nəzərə alıb bir-birindən gözəl sənət əsərləri yaratmışdır. Lirik şeirin qəzəl, qəsidə, rübai, qitə, tərkibbənd, tərcibənd, müxəmməs, müsəddəs, mürəbbe janrlarında onun yazdığı əsərlərin sayı, demək olar ki, mindən çoxdur. Bənzərsiz sənət nümunələrində XVI əsr həyatının rəngarəng, poetik mənzərəsi aydın şəkildə görünür. Şair ayrı-ayrı janrlara, bu janrlarda yazdığı əsərlərə münasibətini bildirərək anadilli bədii sözün qüdrətini belə təsvir edir: 

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz?!

Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz!

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz!

Bir nigari-ənbərinxətdir könüllər almağa,
Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz!

Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər,
Rişteyi-izharə min-min gövhəri-əsrar söz!

Olmayan qəvvasi-bəhri-mərifət arif degil
Kim, sədəf tərkibi-təndir, lölöi-şəhvar-söz!

Gər çox istərsən, Füzuli, izzətin az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz!  

Şair XVI əsr ədəbi dili normalarına riayətlə anadilli nümunələrində sözün poetik çalarından istifadə etmiş, insanı və insani dəyərləri daha yüksəkdə tutmaqla xalq kəlamına yaxın olan, hətta öyüd, nəsihət məzmunlu fikirlərə də müraciət etmişdir: 

Rəfiqin olsa dilsiz canəvər, həm saxla raz  ondan,
Saqın, sirrin düşürmə dillərə Məcnuni-rüsva tək.  

Şair beytdə insanın Allahın yaratdığı canlı varlıqların hər birindən daha yüksəkdə durduğunu vurğulayaraq hər kəsə aid olan şəxsi problemlərin gizli qalmasını məsləhət bilir. Nümunənin izahı belədir: "Səninlə dilsiz canavar dostluq etsə belə, yenə də öz sirrini gizli saxla, yoxsa Məcnun kimi sirrin dillərə düşüb rüsva olarsan". Bu beyti oxuyanda istər-istəməz xalq deyimləri də yada düşür: "Sirrini demə dostuna, dostunun da bir dostu var". Eyni məzmunlu digər bir  nümunəyə diqqət edək:

Gər basıb əl nəbzimə, təşxis qılsan dərdimi,
Al əmanət, qılma hər bidərdə izhar, ey həkim!

Bu nümunədə də şair hər kəsin özünə aid olan məsələlərdən başqalarının agah olmasını istəmir. Şair demək istəyir ki, insan yalnız özünə aid olan məsələləri özü hər kəsdən daha yaxşı bilir, cünki digər biri bundan hali olsa da, onun vəziyyəti eşidənə adi görünəcək. Atalar sözlərində deyildiyi kimi: "Dərd çəkənə görədir". 

Qorxaq kimi onlar qəm əlindən gülü xardır, 
Böyründəsə, yüzlərcə əzab, zülm oxu vardır.

Füzuli sözün poetik imkanlarından istifadə etməklə qorxaqlığı aciz bir keyfiyyət kimi izah edir və qorxaq olan birinin əzab və zülmünün də artıq olduğunu göstərir.

Mömini-pak olanın çeşmi-təri giryan olur, 
Çeşmi-giryan olmayan, əlbəttə, biiman olur.

Nümunədə Füzuli demək istəyir ki, "təmiz ruha malik olan din adamının gözləri həmişə ağlayır, əlbəttə, gözlərindən yaş axmayan insan imansız, dinsiz olur". Burada göstərilir ki, ruhun, imanın saflığı, təmizliyi insanı Allaha daha da yaxınlaşdırır, onun varlıq haqqındakı ülvi hisslərini artırır.
Füzuli bəzən ana dilinə aid alleqorik məna daşıyan sözlərdən simvol kimi istifadə etməklə poetik mənanı daha da genişləndirməyə çalışır. Məsələn:

Xah sincab eyləsin fərşin, Füzuli, xah kül,
Hicr ilə mütləq yuxu görməz göz, əglənməz könül.

Bu nümunədə "sincab" sözü eyni adı daşıyan heyvanın dərisi mənasında işlənməklə, "Füzuli, sənin döşənəcək yerin istər sincab dərisindən olsun, istərsə də küldən, yenə də dərd əlindən nə rahatlıq görərsən, nə də ki, sevinərsən"- şəklində dərk edilir. Şairin dilində bir-birinə mənaca yaxın olan sözlər həm XVI əsr ədəbi dili, xalq dili üçün ümumişlək xarakter daşıdığı kimi, həmçinin də müasir ədəbi dilimizdə, xalqın məişətində, gündəlik həyatında istifadə olunmaqdadır: nazü-qəmzə, dərdi-sər, dərdü-bəla, qədrü-qiymət və s.
Füzulinin dilini gözəlləşdirən, şairin ana dilinə vurğunluğunu sübut edən faktlardan biri də frazeoloji vahidlərin nümunələrdə ifadə etdikləri məna rəngarəngliyidir. Nümunələrdə işlənən suzan olmaq (tutuşmaq, yanmaq, göynəmək), ahü-fəğan etmək, fəryad çəkmək,  yelə vermək (Füzulinin dilində "yox etmək" məzmunu ifadə edən "yelə vermək" feili birləşməsi müasir ədəbi dilimizdə, eləcə də danışıq dilində "mənasız həyat sürmək" mənasında işlənir), pamal etmək, yad qılmaq / yad etmək (yada salmaq, xatırlamaq) və s. bu kimi yüzlərlə sabit söz birləşmələri Füzulinin dil sənətkarlığını təmin edən cəhətlərdən hesab edilməlidir. Cünki şairin dilində işlənən bu cür frazeoloji vahidlərin, demək olar ki, böyük bir qismi bu günün özündə də işləkliyini qoruyub saxlamaqla xalq dilində, onun məişətində ümumişləkdir. Bu cür geniş mənaya malik xalq dilinə aid nümunələr, ifadələr Füzuli yaradıcılığında yetərincədir.   
Öz sənətkarlığı ilə divan ədəbiyyatındakı şeirə xas olan bütün incəliklərə toxunan və onun gizli sirlərini parlaq boyalarla aça bilən şairin "dəsti-xətti" əvəzsizdir. Füzuli yaşadığı dövrün bütün elmləri ilə yaxından tanış olmuş, əsasən də dövrün ədəbi dil normalarına sadiq qalmaqla və bunları öz qiymətli nəzm və nəsr nümunələrində sözlərin və birləşmələrin ifadə imkanlarında göstərmişdir. Şair qələmə aldığı nümunələrdə dil xətasına yol vermədən sözləri elə yerləşdirmişdir ki, eyni fonetik tərkibə malik olan lüğəvi vahidlər bir neçə dəfə işlənməsinə baxmayaraq, öz poetik məna incəliyini itirmir. Təbii ki, bu cür diqqət və mənanı hissetmə bacarığı hər kəsə nəsib olmur. 
Doğma Azərbaycan dilinə üstünlük verən, ən mühüm əsərlərini bu dildə yazan şair üç dildə yüksək sənət nümunələri yaratmaqla bütün janrların imkanlarından istifadə etmiş, humanizmin, gözəlliyin ehtiraslı təbliğatçısı, şərin, eybəcərliyin güclü inkarçısı olmuşdur. Professor Mirzağa Quluzadənin fikrincə: "Şeir istedadının təhsil və tərbiyə ilə inkişaf etdirilməsinin zəruri olduğunu, yaxşı şair olmaq üçün təhsilin əsas şərt olduğunu bildirərək Füzuli Azərbaycanca və farsca divanlarının müqəddiməsində qiymətli mülahizələr irəli sürmüşdür: "Elmsiz şeir əsası yox divar olur və əsassız divar ğayətdə bietibar olur". 
Ədəbi dilə məxsus yüksəklik, xalq dilinə məxsus təbiilik Füzulinin şeir üslubunu səciyyələndirir. Dil sahəsində daha mütərəqqi mövqe tutan dahi ustad ana dilinin varlığını hakim dil mühitində daim təsdiq və sübut etmişdir. Füzuli təkcə divanlar yaradan şair deyildir, həmçinin xalqını sevən, onun dilinə, mənəviyyatına yaxından bələd olan səmimi insan, mükəmməl dil bilicisidir. "Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatında qəzəl janrının əvəzsiz dahi sənətkarıdır. Füzuliyə qədərki şairlərimizdən, ondan sonra gələn Vaqiflər, Vidadilər, Zakirlər, Seyid Əzimlər, Bahar Şirvanilərdən heç biri Füzuli səviyyəsində, Füzuli kimi incə, zərif, kamil qəzəl yarada bilməmişdir" (Mir Cəlal). "Məhəmməd Füzulinin bədii yaradıcılığı Azərbaycan ədəbi dilinin inkişaf tarixində möhtəşəm bir mərhələdir; o, özünəqədərki düşüncə tərzini ümumiləşdirmiş və yeni dövr üçün münbit bir zəmin yaratmışdır" (Tofiq Hacıyev).
Füzulinin dili Azərbaycan xalq dilinin yüksək səviyyəsidir. O, doğma Azərbaycan dilində bəşəri sənət abidələri ucaltmışdır. Füzulinin və ümumən XVI əsr Azərbaycan dilinin lüğət fondu, qrammatik quruluşu bugünkü Azərbaycan dilinə yaxındır (Əbdüləzəl Dəmirçizadə).
Azərbaycan xalqının ölməz şairi Məhəmməd Füzuli bədii-estetik dühası ilə nə qədər göylərə yüksəlsə də, kökləri ilə Azərbaycan türk dilinə bağlıdır. Ümumi halda Füzuli "böyük türk dünyası"nın nadir istedada malik dahi şairidir. Bununla belə, Azərbaycan dilinin, XVI əsr və ümumən Azərbaycan ədəbi dilinin bədii üslubunun inkişaf edib formalaşmasında ölməz klassikin mövqeyi müqayisəedilməz dərəcədə böyükdür. 

Sevinc AĞAYEVA,
filologiya üzrə fəlsəfə doktoru, dosent 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!