06 Dekabr 2022 01:40
680
SİYASƏT
A- A+

Azərbaycan dördüncü peykini orbitə göndərəcək

 

Növbəti peyk İlon Maskın şirkəti tərəfindən buraxıla bilər

 

Azərbaycan dördüncü peykini orbitə buraxmağı planlaşdırır. Texnoloji inkişaf, kosmik sənayedə tərəqqi ölkəmizin bu sahədə yeni addımlar atmasını şərtləndirir. 
Növbəti peykimizin  İlon Maskın şirkəti tərəfindən kosmosa buraxılacağı ehtimal edilir. Amerikalı sahibkarın şirkəti qiymət baxımından bu sahədə ən uyğun hesab olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib ki, növbəti yerüstü müşahidə peykinin - "Azersky-2"nin orbitə buraxılması üçün tender elan ediləcək. Onun sözlərinə görə, dünyada hazırda bunu ən aşağı qiymətə edən İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin "Space X" şirkətidir". Sayca 4-cü olacaq bu peyk 3 ildən sonra orbitə buraxılacaq. 
Xatırladaq ki, birinci süni peykimiz olan "Azerspace-1" 2013-cü il fevral ayının 8-də Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru kosmodromundan Fransa şirkəti "Ariane Space"in raket daşıyıcısı vasitəsilə geostasionar orbitə çıxarılıb. Əhatə dairəsi  Avropa, Afrika, Mərkəzi Asiya, Yaxın Şərq, Qafqaz olan peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək, qalan 80 faizi isə kommersiya məqsədi daşıyır. Ölkə ərazisində keyfiyyətli televiziya və radio yayımı, sürətli internet xidmətləri təminatçısı peyklə bağlantıların təhlükəsizliyinə təminat verir. Dəyəri  233 milyon dollar olan peykin istismar müddəti ən azı 15 ildir. 
Azərbaycanın 2014-cü il iyunun 30-da orbitə göndərdiyi ikinci peyk isə "Azersky" adlı müşahidə peykidir. Dəyəri 157 milyon avro olan "Azersky" əsasən Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət edir.
Sayca üçüncü, telekommunikasiya peykimizin ikincisi  - "Azerspace-2" isə 2018-ci il sentyabrın 26-da  Kuru kosmodromundan "Arianespace" şirkətinə məxsus "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxılıb. Peykin əhatə dairəsi  Avropa, Yaxın Şərq, Tropik Afrika, Mərkəzi və Cənubi Asiyadır. Məlumata görə,  190 milyon dollara başa gələn "Azerspace-2"nin istismar müddəti 20 ildir. 
Orbitə buraxılan hər üç peykin hər cəhətdən çox böyük əhəmiyyəti var. Bu, digər tərəfdən Azərbaycanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirməklə, dövlətimizin gücünü göstərir. Peyklər ölkəmizin informasiya təhlükəsizliyini təmin edir.  Bundan əlavə bu vasitə ilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər.  Eyni zamanda  ölkəmizdə kosmik sənayenin inkişafı telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığı azaldır, həmçinin kommersiya əhəmiyyətli peyklər ölkəyə valyuta axınını təmin edir. 
Bu sənaye növünün inkişafı istiqamətində dövlətimiz beynəlxalq əməkdaşlığını genişləndirərək böyük təcrübəyə malik olan aparıcı şirkətlərlə tərəfdaşlıq edir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video