Artıq Rumıniya da ölkəmizdən qaz alır. Növbə "yaşıl enerji"nindir
Keçən ilin sonunda Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalandı. Tədbir Rumıniyada işgüzar səfərdə olan Prezident İlham Əliyevin iştirakı ilə keçirildi. Bununla da Azərbaycan-Rumıniya əməkdaşlığının yeni bir səhifəsi açıldı.
Rumıniya Prezidenti Klaus Yohannis bu dördtərəfli sazişi əməkdaşlıq üçün təməl adlandırdı. Perspektivdə hələ görülməli işlərin çox olduğunu dedi: "Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xətti çəkməyi hədəfə alarıq. Dəniz nəqliyyatı əlaqələrinin bizim Konstantadakı limanımızdan Gürcüstan istiqamətində genişlənməsi nəzərdə tutulur. Bu səylər Azərbaycanla və sonra Mərkəzi Asiya ilə bağlılığı artıracaq. Potensialımızdan yararlanmaq və dayanıqlılığı artırmaq üçün qarşıda bizi çoxlu işlər gözləyir".
Sonrakı əlaqələr, keçirilən tədbirlər də məhz bu istiqamətdə irəliləyir. Belə ki, bu il fevralın əvvəlində Rumıniya Prezidenti Klaus Yohannis ölkəmizə rəsmi səfərə gəldi. Paytaxtımızda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 9-cu və "Yaşıl enerji" Məşvərət Şurasının 1-ci toplantılarında iştirak etdi.
Tədbirdən bir gün əvvəl hər iki Prezidentin mətbuata bəyanatı oldu. Dövlətimizin başçısı öz bəyanatında bildirdi ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər: "Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər, doğrudan da, strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Eyni zamanda ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər. Energetika, əlbəttə ki, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir".
Məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) uzun müddətdir Rumıniyada fəaliyyət göstərir. Şirkətin orada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Ötən ilin dekabrında isə Buxarestdə SOCAR və "Romqaz S.A." 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzaladılar.
Beləliklə, ölkəmiz qaz ixracının coğrafiyasını getdikcə genişləndirir. Bu, tərəflərin hər biri üçün sərfəlidir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün mavi yanacaq lazımdır, Azərbaycan isə özünün nəhəng enerji resursları üçün etibarlı bazar əldə edir. Azərbaycan təbii qazının Rumıniyaya çatdırılması o deməkdir ki, həm ölkəmizdən mavi yanacaq Avropa məkanında yeni ünvan tapacaq, həm də Rumıniya imkanlarından istifadə edərək onu Avropanın digər ölkələrinə nəql edəcək.
Bu ilin fevralında Bakıda SOCAR-la "Romgaz S.A." arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya ildə bir milyard kubmetrə qədər qaz nəqlinə dair saziş imzalandı. SOCAR-dan verilən məlumata görə, saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da sözügedən iki şirkət arasında imzalanan sənədlərin davamı hesab olunur.
İmzalanmış müqavilələrə əsasən, Rumıniya bu il yanvarın 1-dən Azərbaycan qazını almağa başlayıb. Razılaşma təbii qazın "Cənub qaz dəhlizi"nin Avropa qolu olan TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) Yunanıstan-Komotini çıxış nöqtəsindən IGB (Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru ) vasitəsilə planlı nəqlini nəzərdə tutur. Azərbaycan qazının Rumıniyaya tədarükü üzrə müqavilə aprelin 1-dək 300 milyon kubmetr mavi yanacağın vurulmasını planlaşdırır.
Prezident İlham Əliyevin bu günlərdə ölkəmizdə səfərdə olan Rumıniya parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi əməkdaşlıq və tərəfdaşlığın uğurla davam etməsinin daha bir təzahürüdür. Dövlətimizin başçısı bunun məhz əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi olduğunu, enerji sahəsində əməkdaşlığın dərinləşdiyini, o cümlədən Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığını vurğuladı və "yaşıl enerji" ilə bağlı layihənin həyata keçirilməsindən sonra bu istiqamətdə daha böyük işlərin görüləcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə bir sıra digər məsələlərlə yanaşı, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış dördtərəfli anlaşma memorandumunun və bu çərçivədə Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin əhəmiyyəti də vurğulandı.
Bəli, bu gün Azərbaycan Avropaya yeni enerji körpüləri salmağa başlayır. Ölkəmizin qoca qitənin mühüm elektrik enerjisi, əsasən "yaşıl enerji" təchizatçılarından birinə çevrilməsinə də çox qalmayıb.
Flora SADIQLI,
"Azərbaycan"