Kainatın indiyə qədər yaradılmış ən böyük 3D xəritəsini hazırlamaq məqsədi daşıyan missiya ilk böyük məlumat toplusunda 900 milyondan çox qalaktikanı, həmçinin "qaranlıq kainat"ın sirlərini açmağa kömək edə biləcək bir fenomenin təxminən 15000 potensial nümunəsini aşkar edib.
2023-cü ilin iyulunda başladılan Avropa Kosmik Agentliyinin "Euclid" missiyası səmanın üçdə birini və kainatın 10 milyard ildən çox tarixini əhatə edən indiyə qədər yaradılmış ən böyük kosmik xəritəni hazırlamağı hədəfləyir.
Məqsəd kainatdakı ən böyük iki sirrə – qaranlıq enerji və qaranlıq maddənin təbiətinə aydınlıq gətirməkdir. Hesab olunur ki, bunlar kainatın müvafiq olaraq təxminən 70% və 25%-ni təşkil edir.
Missiyanın Böyük Britaniya üzrə elmi fəaliyyətlərinə rəhbərlik edən Edinburq Universitetindən professor Endi Teylor bildirib ki, daha geniş əhatəli tədqiqatlar mövcud olsa da, heç biri "Euclid" qədər ətraflı məlumat və zəngin informasiya təqdim etmir. Müqayisə üçün qeyd edək ki, "Hubble" teleskopu inanılmaz dərəcədə yüksək ayırdetmə qabiliyyətinə malik təsvirlər yaratsa da, səmanın bu qədər geniş sahəsini əhatə etmir.
"Euclid" tərəfindən xəritələnəcək səma sahəsinin təxminən 14%-ni əhatə edən yeni dərc olunmuş məlumatlar 900 milyondan çox qalaktikanı, eləcə də 60 milyondan artıq potensial kvazarı – uzaq qalaktikaların mərkəzində yerləşən və ifrat kütləli qara dəliklər tərəfindən enerji ilə təmin olunan parlaq obyektləri əhatə edir.
Alimlər "Euclid" kosmik teleskopunun gətirdiyi kəşf selini yüksək qiymətləndirirlər. Məlumatlar toplusuna, həmçinin əvvəllər nadir hadisə hesab edilən güclü qravitasiya linzalanmasının nümunələri də daxildir. Bu, bir qalaktikanın (çox vaxt qalaktika qrupu daxilində yerləşən) başqa uzaq bir qalaktikanın qarşısında dayanması nəticəsində yaranan böyütmə effektidir.
Teylor bildirib ki, güclü cazibə linzalaşmasını öyrənməklə alimlər qaranlıq maddənin təbiəti ilə bağlı müxtəlif nəzəriyyələri istisna edə bilərlər. Çünki linzalaşma bu sirli maddənin qalaktikada necə paylanmasından təsirlənir.
Teylor qeyd edib ki, əvvəllər mütəxəssislərə təxminən 1000 güclü qravitasiya linzalaşması hadisəsi məlum olsa da, "Euclid" missiyasının məlumatlarında təxminən 15000 ehtimal olunan hadisə aşkar edilib. Missiyanın sonuna qədər isə ümumilikdə 170000-ə yaxın belə hadisənin aşkarlanacağı gözlənilir.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”