05 Mart 2024 09:20
333
İQTİSADİYYAT
A- A+

"Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir"

 

Bu qurumun energetika məsələləri üzrə komissarı xanım Kadri Simson Aİ ilə ölkəmizin strateji enerji əməkdaşlığının öz çevikliyini və dinamikliyini göstərdiyini də bildirir

 

"Cənub qaz dəhlizi" uğur hekayəsidir. Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarındakı çıxışında bu möhtəşəm layihənin nailiyyətlərini belə xarakterizə etdi. Maraqlıdır ki, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson da həmin tədbirdə məhz bu fikri vurğuladı. 
Təşəbbüsçüsü və aparıcı qüvvəsi Azərbaycan olan "Cənub qaz dəhlizi" qısa müddətdə böyük uğurlara imza atıb. 2014-cü ildə təməli qoyulan, 2018-ci ildə istifadəyə verilən və 2020-ci ilin son günündə son seqmentinin - TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) işə düşməsi ilə tam bir sistem kimi fəalliyyətə başlayan bu dəhliz Avropanın enerji xəritəsini təzədən çəkdi. Hərçənd bu layihənin müvəffəqiyyətlə nəticələnəcəyinə inanmayanlar da vardı. Xanım Kadri Simson isə "Cənub qaz dəhlizi"nin məhz uğur hekayəsi olacağına inananlar sırasında idi. 
Xatırladaq ki, Simson Avropa İttifaqının energetika məsələləri üzrə komissarı vəzifəsində 2019-cu ilin sonundan çalışır. O və Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının həmsədrləridir. 
Budəfəki toplantıda xanım Kadri Simson ötən dövrü belə xatırladı: "Mən artıq üçüncü dəfədir ki, Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında iştirak edirəm və elə bilirəm xoş bir təsadüfdür ki, biz keçmişə nəzər salmalıyıq və Avropa İttifaqı-Azərbaycan arasındakı bu tərəfdaşlıq layihəyə nə verib. Mən 2019-cu il dekabrın 1-də səlahiyyətlərimin icrasına başladım və həmin vaxt məhz TANAP qaz boru kəmərinin Avropaya çıxması anı idi və Azərbaycan qazının Avropa İttifaqına ilk axını bir il sonra - 2020-ci il dekabrın 31-də başladı. O vaxt COVID vaxtı idi, təmaslar çətin idi. Avropada bəziləri düşünürdü ki, "Cənub qaz dəhlizi" artıq başa çatmış bir missiyadır və buna daha çox diqqət yetirilməli deyil. Mən belə düşünmürdüm. Mən hər zaman gördüm ki, Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var. Mən 2022-ci ildə buraya ilk iclasa gələndə dedim ki, necə etməliyik ki, məhz bizim münasibətlərimizin bütün potensialı daha da genişlənsin, bu dəhliz yeni bazarlara çıxsın və təmiz enerjiyə gəldikdə, biz öz işimizin miqyasını artıraq və bütün bunlar baş verdi".
Bəli, bu gün Azərbaycan səkkiz ölkəyə mavi yanacaq ixrac edir ki, onların da altısı (Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya Macarıstan, Serbiya) Avropa ölkəsidir. Yeni çağırışlar qarşısında bizdən qaz idxal etmək istəyən ölkələrin sayı artır və xanım Simson da "Cənub qaz dəhlizi"nin uğur hekayəsinin yeni qəhrəmanlarının olduğundan məmnun qaldığını dedi: "Bu gün xüsusi məmnunluqla Baş nazir Ramanın yanında əyləşmişəm və masa arxasında Qərbi Balkanlar və Cənub-Şərqi Avropadan və Avropa İttifaqından rəsmi nümayəndələri görürəm. Şadam ki, Avropa İttifaqı ilə Azərbaycan bu cür müsbət münasibətlər qurub. Biz "Cənub qaz dəhlizi" üzrə bütün tərəfdaşlarla başladığımız işin davam etməsini səmimiyyətlə arzulayırıq. Enerji şaxələndirməsini birlikdə sürətləndirə bilərik və iqlim neytrallığı üçün əmin yolla gedə bilərik".
Başqa sözlə, xanım Simson əmindir ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı öz çevikliyini və dinamikliyini göstərir.
Məlum olduğu kimi, 2022-ci il iyul ayının 18-də "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb və hələ o zaman üç məqam vurğulanıb. Birincisi, Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcminin ikiqat artırılması, "Cənub qaz dəhlizi"nin genişləndirilməsi ilə bağlı öhdəlik götürüldüyü bildirilib. Qeyd olunub ki, bu, Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və bir neçə il ərzində xəttin ötürücülük imkanı 20 milyard kubmetrə çatdırılacaq. 
İkinci mühüm məqam isə bərpaolunan enerji ilə bağlıdır. Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensiala malik olduğu vurğulanıb və xüsusilə dənizin külək enerjisi və "yaşıl hidrogen"i qeyd edilib. Nəhayət, qaz sahəsindəki əməkdaşlıq iqlimlə bağlı məsuliyyətlə uzlaşmalıdır.
Xanım Kadri Simson bu il martın 1-də keçirilən toplantıda məhz bu istiqamətlərdə əməkdaşlığın genişlənməsindən danışdı: "Cənub qaz dəhlizi", həmçinin bərpa edilən enerji və elektrik enerjisi sahəsində əməkdaşlıq üçün foruma çevrilə bildi. Bu, inanılmaz nəticədir və layihənin nə dərəcədə gələcəyə yönəlmiş və açıq olduğunu sübuta yetirdi. Biz təmiz enerjini Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin əsas hissəsinə çevirdik. Biz burada, küləklər şəhərindəyik. Bu, Xəzər dənizində böyük bərpaolunan enerji potensialının növbəti bir nümunəsidir. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin həcmini üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə dəstək olaraq COP28-də Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlara qoşulmuşdur. Həmin beynəlxalq təşəbbüs, beynəlxalq ticarət və sərmayə üçün daha yaxşı şəraitləri yaratmaq və milli səviyyədə enerji keçidini sürətləndirmək üçün ölkələr daxilində aydın şəkildə müəyyən edilmiş öhdəliyə uyğundur. Mən bu sahədəki təşəbbüsü alqışlayıram və biz hazırda Azərbaycanla işləmək məqsədilə Avropa İttifaqının bərpaolunan enerji şirkətlərinin artan marağını görürük. Bu nazirlər iclasında Avropa İttifaqının külək enerjisi şirkətləri ilə anlaşma memorandumunun imzalanması çox mühüm addımdır. Bərpaolunan enerjiyə aid bu öhdəlik, həmçinin Avropa ilə yeni qarşılıqlı layihələrə yol açır".
Qeyd edək ki, gələcəkdə enerji növləri ilə yanaşı, bərpaolunan enerji layihələrinin də həyata keçirilməsinin perspektivləri və Azərbaycanda icra olunan layihələrdə Avropa şirkətlərinin investor qismində daha fəal rol oynaması ilə bağlı imkanlar Prezident İlham Əliyev martın 1-də Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonu qəbul edərkən də müzakirə mövzularından biri olub. Söhbət zamanı həm COP29, həm də enerji əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində gələcək addımlar və fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılıb. 
Xanım Kadri Simson budəfəki çıxış və söhbətlərində də Azərbaycanın etibarlı tərəfdaş olduğunu, Panavropa təchizatçısına çevrildiyini vurğulayıb. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video