Ümumdünya Qida Təhlükəsizliyi Günü və Ümumdünya Ətraf Mühit Günü insan sağlamlığının qorunması, ekoloji tarazlığın təmin edilməsi və dayanıqlı inkişafın təşviqi baxımından mühüm beynəlxalq platformalar kimi xüsusi əhəmiyyət daşıyır. Bu günlər cəmiyyətin diqqətini qida təhlükəsizliyi, sağlam qidalanma və ətraf mühitin mühafizəsi kimi qlobal çağırışlara yönəldir, eyni zamanda dövlətlər və təşkilatlar üçün bu sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından vacib imkanlar yaradır.
Qida təhlükəsizliyi birbaşa insan sağlamlığı ilə bağlı olduğu üçün bu istiqamətdə görülən tədbirlər ictimai rifahın təmin edilməsində mühüm rol oynayır. Ətraf mühitin qorunması isə yalnız bu günün deyil, gələcək nəsillərin sağlam həyatının əsas şərtlərindən biri kimi qiymətləndirilir. Məhz bu səbəbdən hər iki istiqamət üzrə maarifləndirmə və elmi yanaşmaların tətbiqi xüsusi aktuallıq kəsb edir.
Bu ümumbəşəri əhəmiyyət daşıyan məsələlərin aktuallığı fonunda ölkəmizdə də qida təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmə tədbirləri və elmi müzakirələr müntəzəm şəkildə həyata keçirilir. Məhz bu istiqamətdə görülən işlərin davamı olaraq, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) Qidalanma və tibbi ekologiya kafedrasında Ümumdünya Qida Təhlükəsizliyi Günü və Ümumdünya Ətraf Mühit Gününə həsr olunan geniş tərkibli tədbir təşkil edilib. Tədbirdə universitetin professor-müəllim heyəti ilə yanaşı, ictimaiyyət nümayəndələri və müvafiq sahə üzrə ekspertlər iştirak ediblər. Çıxışlarda ətraf mühitin qorunmasının, sağlam həyat tərzinin təşviqinin və qida təhlükəsizliyinin təmin edilməsinin cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynadığı xüsusi vurğulanıb.
ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli çıxışında qida təhlükəsizliyi sahəsində elmi yanaşmaların və maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, sağlam və təhlükəsiz qida mühitinin formalaşdırılması yalnız tibbi deyil, eyni zamanda sosial və ekoloji məsələ kimi kompleks yanaşma tələb edir.
Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov isə çıxışında universitet mühitində sağlam həyat tərzinin təbliği, eləcə də ekoloji məsuliyyətin artırılmasının əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, tələbələr və gənc mütəxəssislərin ekoloji və qida təhlükəsizliyi məsələlərində məlumatlılığı artırmaq yalnız fərdi sağlamlığın qorunması deyil, həm də cəmiyyətin uzunmüddətli rifahının təmin edilməsi baxımından vacibdir. Cahangir Qasımov qeyd edib ki, universitetdə bu istiqamətdə təşəbbüslərin təşviqi, seminarlar, maarifləndirici layihələr və praktiki tədbirlər vasitəsilə ekoloji şüurun formalaşdırılması gənc nəslin gələcəkdə məsuliyyətli və sağlam həyat tərzi sürməsinə imkan yaradır.
Tədbirdə iştirak edən millət vəkili Aydın Mirzəzadə qida təhlükəsizliyi və ətraf mühit məsələlərinin dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu sahələrdə görülən işlər həm ictimai sağlamlığın qorunmasına, həm də uzunmüddətli inkişaf strategiyalarının uğurla həyata keçirilməsinə xidmət edir. Millət vəkili qeyd edib ki, qlobal miqyasda artan ekoloji çağırışlar və qida zəncirində təhlükəsizliklə bağlı risklər bu sahələrdə sistemli yanaşmanın daha da gücləndirilməsini zəruri edir. Onun sözlərinə görə, dövlət tərəfindən həyata keçirilən islahatlar və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunmasına mühüm töhfə verir.
Millət vəkili həmçinin vurğulayıb ki, bu istiqamətdə ali təhsil müəssisələrinin rolu xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, universitetlərdə aparılan elmi-tədqiqat işləri, maarifləndirmə tədbirləri və tələbələrin bu prosesə cəlb olunması gələcəkdə daha məsuliyyətli və ekoloji şüurlu cəmiyyətin formalaşmasına şərait yaradır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Validə Sadıxova isə ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, qida zəncirinin bütün mərhələlərində nəzarətin gücləndirilməsi, risklərin idarə olunması və istehlakçıların sağlamlığının qorunması dövlət siyasətinin əsas prioritetlərindəndir. Onun sözlərinə görə, bu sahədə beynəlxalq standartlara uyğun sistemlərin tətbiqi və ictimai maarifləndirmə işləri ardıcıl şəkildə davam etdirilir.
Qeyd edək ki, bir həftə əvvəl 7 iyunda qeyd olunan Ümumdünya Qida Təhlükəsizliyi Günü “Çətinliklərdən həllərə doğru – hər yerdə təhlükəsiz qida” şüarı ilə keçirilib. Mövzu qida mənşəli xəstəliklərin və qida ilə bağlı risklərin azaldılması, elmi əsaslı qərarların qəbul olunması və effektiv həllərin tətbiqinin vacibliyini ön plana çıxarır.
Tədbir çərçivəsində iştirakçılar qida təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı mövcud vəziyyət, aktual problemlər və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparıblar. Sonda belə tədbirlərin ictimai maarifləndirmənin artırılması və sahələrarası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”