Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası komitə iclasları ilə öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Holokost qurbanlarının xatirəsinin anılması ilə başlayan AŞPA-nın qış sessiyasının plenar iclası qurumun prezidentinin və vitse-prezidentlərinin seçkisi ilə başlayıb. Eyni zamanda, komitənin üzvləri təyin edilib.
Sessiyanın ilk plenar iclasında vəkil peşəsinin müdafiəsi haqqında Konvensiya layihəsinə rəy, Belarusda azad və ədalətli seçkilərin təşkilinin aktuallığı, Avropanın Ukraynada ədalətli və davamlı sülhə sadiqliyi kimi üç debat nəzərdə tutulub.
Sessiyanın ilk günündə Daimi Komitənin protokolunun təsdiqlənməsi gözlənilir. Həmçinin ispaniyalı parlamentari Pablo Hispanın Büro və Daimi Komitənin fəaliyyəti haqqında hesabatı dinləniləcək.
Gürcüstanda parlament seçkilərinin müşahidəsi ilə bağlı hesabatı rumıniyalı parlamentari İulian Bulai təqdim edəcək. Assambleyanın monitorinq prosedurunun təkamülünə dair latviyalı parlamentari Zanda Kalnina-Lukasevica danışacaq.
AŞPA-nın qış sessiyasının plenar iclasında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Lüksemburqun Baş naziri Lyuk Fridenin çıxışları gözlənilir. Lüksemburqun xarici işlər və xarici ticarət naziri, Nazirlər Komitəsinin sədri Xavier Bettel Assambleyaya öz kommunikasiyasını təqdim edəcək və parlamentarilərin suallarını cavablandıracaq.
Qış sessiyasının plenar iclasında Ümumdünya patriarxı I Varfolomeyin də çıxışı nəzərdə tutulub.
Yanvarın 31-dək davam edəcək sessiya çərçivəsində bir sıra digər çıxışlar və tədbirlər nəzərdə tutulub.