Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov fevralın 21-də Şəki şəhərində vətəndaş qəbulu keçirib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Şəki, Balakən və Qax rayonlarından olan vətəndaşların iştirak etdiyi qəbulda əsas müraciətlər müxtəlif əkinlər üçün aqrar sığorta haqlarının hesablanması və ödənişi, baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, işlə təmin edilmə və əkin sahələrinin sığortalanması ilə bağlı olub.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən vətəndaşlara aqrar sığorta mexanizmi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hazırda meyvə bağlarının sığortalanması prosesi davam edir və fermerlər bağlarını sərfəli şərtlərlə sığortalaya bilərlər.
Eyni zamanda, vətəndaşların diqqətinə çatdırılıb ki, Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə heyvandarlıq sığortası tarifləri aşağı salınıb. Nəticədə təsərrüfat sahibləri və fermerlər cüzi məbləğ ödəməklə kənd təsərrüfatı heyvanlarını çoxsaylı risklərdən qoruya bilərlər.
Qəbuldan sonra Aqrar Sığorta Fondunun sədri bölgədə fəaliyyət göstərən iri meyvəçilik təsərrüfatlarına baş çəkib, bağlarda aparılan mövsümi işlərin gedişi ilə maraqlanıb, fermerlərin meyvə bağlarının sığortalanması qaydaları barədə suallarını cavablandırıb.