"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda qarşıya məsul vəzifələr qoyulub. Seçilən hədəf, müəyyən edilən istiqamət ölkə iqtisadiyyatının inkişafında yeni mərhələnin başladığını şərtləndirir.
Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafını daha yüksək səviyyəyə çatdırmaq qarşımızda duran başlıca tələblərdən biridir. Rəhbərlik etdiyim Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının da üzərinə bu sahədə məsul vəzifələr düşür. Bazanın ərazisində müxtəlif növ çox məhsuldar sortlar yetişdirilir ki, onlar da alimlərimizin apardıqları elmi-tədqiqat işlərinin bəhrəsidir.
Bu yaxınlarda isə bazamızda "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan "İşğaldan sonra milli genofondun bərpası, tədqiqi, yeni yüksək məhsuldar sortların yaradılması və toxumçuluğu" mövzusunda respublika tarla seminarı keçirildi. Tədbirdə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov "İşğaldan sonra Qarabağ regionunda milli genofondun bərpası, tədqiqi və ərzaq təhlükəsizliyinin təmin olunmasında rolu", aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Abidin Abdullayev "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üçün buğdanın yeni sortlarının yaradılması və toxumçuluğun elmi əsaslarla təşkili", bu sətirlərin müəllifi isə "Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının nailiyyətləri, gələcək inkişaf perspektivləri və mövcud problemləri" mövzularında məruzələrlə çıxış etdilər. Müzakirələrdən sonra iştirakçılar seleksiya təcrübələri və əkin sahələrinə baxış keçirdilər.
İştirakçılar arasında gənclərin çoxluq təşkil etməsi, xüsusən də qabaqcıl fermerlərin, mütəxəssislərin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Tərtər Peşə Məktəbinin müəllim və tələbələrinin olması isə alimlərimizin apardıqları təcrübələrə, elmi nailiyyətlərə böyük maraq və ehtiyac olduğunu göstərdi.
Məhəmməd ŞİRİNOV,
Ağdərə, Şıxarx qəsəbəsi