Uğurlu turizm məkanlarının formalaşdırılmasında investisiyalarla yanaşı, düzgün şəhərsalma, ictimai məkanların inkişafı, mobillik, əlçatanlıq və yerli icmaların prosesə cəlb olunması mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yollar, hotellər, restoranlar, muzeylər, tədbir məkanları və digər infrastruktura yatırılan investisiyalar məkanların inkişafına töhfə verir.
“Bütün bu elementlərin vahid yanaşma çərçivəsində inteqrasiyası vacibdir. Ən vacib məsələ icmadır. İcmalar məkanlara identiklik və məsuliyyət hissi verir. Buna görə də məkanların inkişafı zamanı yerli sakinlərin fikirləri və səsləri nəzərə alınmalı, onların prosesdə iştirakı təmin edilməlidir”, - deyə Anna Soave vurğulayıb.
O, Azərbaycanın turizm potensialının geniş olduğunu diqqətə çatdırıb: “Ölkəniz tarixi şəhər və qəsəbələri, meşələri, dağları, sahil xətti və zəngin multikultural irsi ilə seçilir. İnfrastruktura yatırılan investisiyalar isə bu məkanların daha əlçatan olmasına imkan yaradır”.
Anna Soave turizmin inkişafında rəqəmsal texnologiyaların və süni intellektin roluna da toxunub. Qeyd edib ki, xüsusilə gənclər səfər etməzdən əvvəl süni intellekt alətlərindən qonaqlamaq, ziyarət etmək və müxtəlif fəaliyyətlər barədə məlumat əldə etmək üçün istifadə edirlər: “Bu baxımdan, kiçik şəhər və qəsəbələrdəki tarixi və mədəni məkanların rəqəmsal platformalarda daha geniş şəkildə təqdim olunması vacibdir”.
Ərazi planlaşdırmasının əhəmiyyətini vurğulayan BMT rəsmisi bildirib ki, düzgün planlaşdırma özəl kapitalın cəlb olunmasına və yeni imkanların yaranmasına şərait yaradır.
“Eyni zamanda, hansı ərazilərin inkişaf etdirilməli, hansılarının isə qorunmalı olduğunu müəyyənləşdirməyə imkan verir. Tarixi və milli irsin qorunmasına yalnız ayrı-ayrı binalar çərçivəsində yanaşmaq olmaz. Bu prosesdə ərazinin ümumi konteksti, ənənələr, iqtisadi fəaliyyət və yerli icmaların maraqları nəzərə alınmalıdır. Turistlər yalnız tarixi abidələri deyil, həmin məkanlarda insanların həyat tərzini, ənənələrini, yerli mətbəxi və mədəni irsi də görmək istəyirlər. Buna görə tarixi məkanların yalnız turistlər üçün nəzərdə tutulan obyektlərə çevrilməsi uzunmüddətli perspektivdə həmin ərazilərin dəyərinin qorunmasına mənfi təsir göstərə bilər. Turizmin həddindən artıq yüklənməsi müəyyən tarixi və mədəni obyektlərə mənfi təsir göstərəcək. Əsas məsələ yalnız turistlərin sayını artırmaq deyil, onların yerli iqtisadiyyata hansı dəyəri qazandırması, nə qədər müddət qalması və yerli məhsul və xidmətlərə nə qədər vəsait xərcləməsidir. Kiçik və orta müəssisələrin inkişafı bu baxımdan mühümdür. Dayanıqlı turizm yerli bizneslərin və icmaların dəstəklənməsi, eyni zamanda, tarixi məkanların yaşayış funksiyasının qorunması ilə paralel aparılmalıdır”, - deyə Anna Soave əlavə edib.
Anna Soave vurğulayıb ki, UN-Habitat bu istiqamətdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlıq edir: “Əsas məqsəd yerli sakinlərin maraqlarını qorumaqla tarixi məkanların turizm potensialından səmərəli istifadə etmək və dayanıqlı inkişaf üçün balans yaratmaqdır”.