Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri və Yer Elmləri bölmələrinin “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş birgə toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlətimizin başçısının apardığı siyasətə müvafiq olaraq Azərbaycanda yaşıl hərəkata başlanıldığını qeyd edib, bu innovasiyaların cəmiyyətin bütün sahələrini əhatə etdiyini, elm sahəsində isə prioritet istiqamətlərin inkişafına böyük təkan verdiyini bildirib. Akademik diqqətə çatdırıb ki, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində AMEA-da da silsilə tədbirlər təşkil olunur, kitab və monoqrafiyalar hazırlanır.
AMEA rəhbəri akademiyanın bütün bölmələrində müvafiq istiqamətlərdə geniş müzakirələrin aparıldığını, alim və ziyalılarımızın aktual elmi problemlərin həllində yaxından iştirak etdiklərini, COP29-a və “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfələr verdiklərini bildirib. Həmçinin bu birgə toplantının fizika-riyaziyyat və texnika elmləri ilə yer elmləri arasında əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd edib.
Sonra tədbirdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev “Yaşıl və rəqəmsal transformasiyaların qarşılıqlı təsirlərinin pozitiv və neqativ aspektləri” mövzusunda çıxış edib. Azərbaycanda informasiya cəmiyyətinin formalaşması, sağlam ətraf mühitin, yaşıl cəmiyyətin formalaşdırılmasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu qeyd edib. Ölkəmizdə yaşıl və rəqəmsal transformasiyaların inkişafı, eyni zamanda, ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən, fərman və sərəncamlardan, mühüm sənədlərdən bəhs edib. Bu il COP 29-un Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilən qərarı ölkəmizdə Prezident İlham Əliyev tərəfindən yaşıl cəmiyyətin formalaşması istiqamətində həyata keçirilən siyasətin real nəticəsi kimi qiymətləndirib. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsinin müvafiq dövlət qurumları, həmçinin elmi ictimaiyyət qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayıb.
AMEA-nın akademik-katibi akademik Arif Həşimov “COP 29-a hazırlıq: bərpaolunan enerji mənbələrinin COP 28-in nəticələri baxımından inkişaf perspektivləri” mövzusunda məruzəsini təqdim edib. Akademik əvvəlcə hər il keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP1-C0P28) dair hazırlanmış geniş icmal haqqında məlumat verib.
AMEA-nın akademik-katibi çıxışı zamanı hazırda müşahidə olunan iqlim dəyişikliyinin səbəb və nəticələri, qalıq yanacaqlar - kömür, neft və qazın qlobal iqlim dəyişikliyinə təsiri, planetin sürətlə istiləşməsi problemlərindən də söz açıb. Həmçinin bərpaolunan enerji mənbələrindən istifadənin mövcud vəziyyəti, yarana biləcək problemlər və gözləntilər haqqında məlumat verib.
Elm və Təhsil Nazirliyini İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunun direktoru professor Bəhram Əliyev, AMEA-nın müşaviri akademik Adil Qəribov, Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, Coğrafiya İnstitutunun şöbə müdiri professor Rauf Qardaşov, AMEA-nın müxbir üzvü, professor Oktay Qasımov və digər çıxışçılar COP29 və Azərbaycan elmi ictimaiyyətinin qarşısında duran vəzifələr haqqında danışıblar.
Vurğulanıb ki, noyabrda keçiriləcək COP29 tədbiri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi baxımından böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir.
Sonda AMEA rəhbəri COP29-un çağırışları, ölkə başçısının qarşıya qoyduğu məsələlər və süni intellektlə bağlı aktual mövzuları əhatə edən toplantının həm də alimlərin həmrəyliyi, ortaq layihələrin ərsəyə gəlməsi və Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb.