Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müasir tariximizdə yeni dövrün, ölkəmizi müstəqil dövlət quruculuğuna doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Heydər Əliyev Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, ölkənin iqtisadi müstəqilliyinin də əsasını qoydu. 2003-cü ildən isə Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etdi.
Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müasir dövrdə hüquqi dövlətin inkişafının konstitusion islahat modeli uğurla həyata keçirilərək səmərəli islahatların nəticəsi kimi müasir hüquqi dövlətin hərtərəfli inkişafının və hakimiyyətin xalqa mənsubluğunun Azərbaycan modeli formalaşmışdır. Hazırda Azərbaycan dövlətinin çoxəsrlik şanlı tarixinin ən parlaq intibah dövrünü yaşadığını qürurla söyləyə bilərik. Bu gün dünya dövlətləri arasındakı yüksək mövqeyimiz hər bir azərbaycanlıya qürur verir.
Bu qürurun əsasında isə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın vətən və xalq naminə gərgin və miqyaslı fəaliyyəti, yüksək intellekt və dünyəvilik kimi şəxsi keyfiyyətlərinin möhtəşəm harmoniyası dayanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, Prezidentin imzaladığı fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin etmiş, bu prosesdə özəl sektorun payı və rolunu artırmaqla sahibkarlığın inkişafına güclü təkan vermişdir.
Bütün dövrlərdə cəmiyyətin mütərəqqi yolla inkişafı sağlam əqidəli, xalqa, dövlətə təmənnasız xidməti başlıca həyat amalına çevirən nəcib insanların fəaliyyəti ilə bağlı olmuşdur. Belə insanlar qısa zamanda cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilir, üzərlərinə düşən sosial məsuliyyəti düzgün dəyərləndirir, xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanırlar.
Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, xeyriyyəçilik aksiyalarının həyata keçirilməsi, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu aktuallıq ilk növbədə onunla şərtlənir ki, elmi-texniki inqilabın məhsulu olan müasir informasiya-kommunikasiya texnologiyaları müsbət tərəfləri ilə yanaşı, bəzi hallarda insanlar arasında mənəvi uçurumu, psixoloji səddi dərinləşdirir, mənəvi idealları ifrat maddiləşmənin mənfi təsirlərinə məruz qoyur. Bu təsirləri zərərsizləşdirmək, ictimai düşüncədə xeyirxahlıq, humanizm, insanpərvərlik, mərhəmət kimi ali keyfiyyətlərin möhkəmlənməsinə nail olmaq missiyası isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.
Dünyaşöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyev nitqlərinin birində demişdir: "Mənəviyyat olmayan yerdə haqdan, ədalətdən, düzgünlükdən söhbət gedə bilməz". İstənilən cəmiyyətdə ədalət, insanpərvərlik, dürüstlük kimi mənəvi dəyərlərin özünə möhkəm dayaqlar tapması nəcib və kamil insanların əzmkar fəaliyyəti sayəsində mümkün olur. Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasız həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sıralarda dayanır. İnamla deyə bilərik ki, Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə xalqımızın böyük sevgisini qazanmışdır. Bu məsuliyyətli missiya Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli varisi - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi strateji siyasi kursun həyata keçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında hiss olunmasına xidmət edir.
Bütün dövrlərdə belə parlaq simalar üçün səciyyəvi keyfiyyətlərdən biri də onların qlobal miqyasda insanlığın nicatına xidmət edən ictimai təşəbbüslərlə çıxış etmələri olmuşdur. Bu baxımdan deyə bilərik ki, narahat dünyamızda nəcib və ali məqsədlər naminə əzmlə çalışan, insan amilini daim uca tutan sülh elçiləri sırasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı xüsusi çəkilir. Mehriban xanım qayğıkeşliyi, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir. Qədim və zəngin tariximizin hər bir səhifəsində Azərbaycan qadınının müdrikliyi və qəhrəmanlığının parlaq nümunələri olub. Mehriban xanım öz fəaliyyətində Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açmışdır.
Xalqın taleyini öz taleyində yaşayan Mehriban Əliyevanın mənəvi, ictimai və siyasi vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi vaxtlardan görünməyə başladı. Mehriban xanım gəncliyindən çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunu qazanması, uğurlara nail olması ilə fərqlənib. Onun ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu Öndərin təşəbbüsü ilə yaranan Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, müasir və müstəqil dövlətimizin qurulması və daha da inkişaf etməsi prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim xalq kimi tanıdan və bütün dünyada qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün çoxşaxəli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün ictimai şüuru ilə azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi az bir zamanda ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı. Onun fəaliyyətini qiymətləndirən bir çox xarici ölkələrin tanınmış siyasətçiləri, ictimai xadimləri qeyd edirlər ki, Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir. Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.
Mehriban xanım 1995-ci ildən Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002-ci ildən isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi üzərinə böyük məsuliyyət götürərək yaddan çıxmış sahələri ətalətdən çıxararaq onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verdi. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması və təbliği üçün ilk olaraq "Azərbaycan-İrs" jurnalını təsis etməklə başladı. Təbii ki, görülən işlərin mahiyyətində nüfuzlu ictimai xadim olan Mehriban xanımın Azərbaycan mədəniyyətinə yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən bəhrələnməklə bugünkü inkişafına təkan vermək amalı dayanırdı.
Mehriban xanımın fəaliyyətinin mahiyyətində mərhəmət hissi dayanır. Onun özünün fikirləri sözlərimizi təsdiq edər: "Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. İstər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır".
Mehriban xanım 2004-cü il mayın 10-dan Heydər Əliyev Fondunun yaradılması ilə Ulu Öndərin vətənimizin və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir. Onun qarşıya qoyduğu məqsəd demək olar ki, həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş çalışmalar, milli-mənəvi dəyərləri özündə ehtiva edən prinsiplər üzərində qurulmuşdur. Bu məqsəd fondun fəaliyyət proqramında daha dəqiq ifadə olunmuşdur: "Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərmək". Görülən işlərin, irimiqyaslı layihələrin həcmini təsəvvürə gətirəndə aydın olur ki, bütün bunlar Mehriban xanım Əliyevanın vətən və xalq naminə qarşıya qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyinin bariz nümunəsidir.
Heydər Əliyev Fondu nəinki irimiqyaslı, möhtəşəm layihələri həyata keçirir, həm də ölkəmizin xaricdə böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə güclü dəstək olur. Bu, ən çox insan faktoruna ali münasibəti, ölkəmizin beynəlxalq arenada layiq olduğu mərtəbədə qərarlaşması ilə dəyərlidir. Dövlət başçısı Prezident İlham Əliyev fondun fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Mehriban Əliyevanın rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir".
Həqiqətən, Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar aydın təfəkkürə malik olan bir qadının - ölkənin birinci xanımı Mehriban Əliyevanın bilavasitə çalışmaları sayəsində mümkün olmuşdur.
Bütün bunlarla bərabər, çoxlarının yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini zənn etdiyi Heydər Əliyev Fondu zaman baxımından qısa müddətdə reallaşdırdığı çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirmişdir. Təsadüfi deyil ki, Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir.
Bütün fəaliyyətində işgüzarlığı, böyük səyi və bacarığı ilə seçilən Mehriban xanım müsahibələrinin birində birinci xanım missiyasının məsuliyyətini şərh edərək demişdir: "Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür..."
Mehriban xanımın ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğıkeşlik, böyük dəstək idmançılarımızın beynəlxalq yarışlarda uğurlar əldə etməsinə səbəb olur. Onun Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilməsi də ölkəmizdə idmanın inkişafına təkan vermişdir. Azərbaycanda bir-birinin ardınca keçirilən beynəlxalq konfrans və festivallar, yüksək səviyyədə təşkil olunan idman oyunları dünyanın nüfuzlu dövlətlərinin böyük marağına səbəb olmuşdur. Təsadüfi deyil ki, Mehriban xanımın "Bakı-2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri kimi fəaliyyəti iştirakçı ölkələr tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Prezidenti tərəfindən "Heydər Əliyev" ordeni ilə təltif olunmuşdur. Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsində də Təşkilat Komitəsinin sədri kimi Mehriban xanımın zəhməti qiymətsizdir.
Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın ilk keçirdiyi müşavirə müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzillə təmin edilməsinə həsr edildi. Həmin tədbirdə o, bildirdi ki, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatı üçün lazım olan tədbirlərin mərhələlərlə həyata keçirilməsi davam edəcəkdir.
Mehriban xanım Əliyevanın xalqımızın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğıkeşlik kimi keyfiyyətləri təcəssüm etdirməklə hamı üçün xeyirxahlıq və mərhəmət nümunəsidir.
Mehriban xanım eyni zamanda Prezidentin ən yaxın silahdaşı, qayğıkeş ana, sevimli nənədir. Ailə qayğılarını, ictimai və siyasi fəaliyyəti bir arada və yüksək səviyyədə yerinə yetirmək böyük peşəkarlıq və səbir tələb edir. Bununla bağlı Mehriban xanım deyir: "Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən, ilk növbədə, həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, nəvələrim var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm".
Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətinin nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da rəğbətlə qarşılanmasının səbəbləri kifayət qədər sadədir. O, əzmkar fəaliyyəti ilə təkcə milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliğini deyil, həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, multikulturalizmi, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini hədəfə almışdır.
Mehriban xanım Əliyeva 2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin deputatı kimi Mehriban xanım, sözün əsl mənasında, xalqın elçisi olmuşdur. Millət vəkili olaraq ölkədə iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarların qanuni mənafelərinin qorunması və işgüzar fəaliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyəti aktual problemlərə olan həssas münasibətin ifadəsi idi.
Milli Məclisdə respublikamızın qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbul edilməsi, iri infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı qanunlara dəyişiklik edilməsi, əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsi, kiçik və orta sahibkarlığın, xüsusən fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaradan yeni qanunların qəbul edilməsində Mehriban xanımın iştirakı diqqətəlayiq olmuşdur. Elə bu səbəbdən Birinci vitse-prezident Mehriban xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir.
2019-cu il noyabr ayında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Moskvada keçirilmiş 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri də iştirak etmişlər. Forum zamanı kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı, turizm sektorları üzrə panellərə konfederasiya prezidentinin rəhbərlik etdiyi nümayəndələr də qatılmışlar.
Məlum olduğu kimi, son illər bütün bəşəriyyət görünməz bir düşmənə - koronavirusa qarşı mübarizə aparır. Bütün dünyanı çənginə almış koronavirus pandemiyasının Azərbaycanda da böyük çətinliklər yaratdığı, sərt karantin tədbirlərinin zərurət olduğu günlərdə Mehriban xanımın insanlarımıza "Sizin Mehriban" imzası ilə bitən müraciətləri yaxşı yadımızdadır. Onun səmimi sözləri, doğma bir insan kimi vətəndaşlara çağırışları pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılmasında, karantin qaydalarının hər kəs üçün normaya çevrilməsində böyük rol oynadı. Bütün bunlar sayəsində Azərbaycan pandemiyadan ən az ziyan çəkən ölkələrdən biri oldu. Dövlətimizin pandemiyanın ziyanlı təsirlərinə məruz qalmış biznes subyektləri üçün nəzərdə tutduğu dəstək paketlərinin hazırlanmasında, bu paketlər çərçivəsində verilən yardımların öz ünvanına çatmasına nəzarət işinin təşkilində ölkənin Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın da müstəsna əməyi var. O, dəfələrlə qeyd etmişdir ki, pandemiya dövründə Azərbaycanın siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sağlamlığı dayanır və bunun üçün dövlət bütün qüvvəsini səfərbər etmişdir.
Mehriban xanım Əliyeva milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun təşviqi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində də son dərəcə uğurlu nəticələrə imza atmışdır.
Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan yüksəlir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Torpaqlarımızın işğaldan azad olunması tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan böyük Zəfərdir.
Mehriban Əliyeva Azərbaycan Prezidentinin ən yaxın silahdaşı kimi, dövlət başçısı ilə birlikdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarşısında duran bütün vəzifələri şərəflə yerinə yetirir. Hələ İkinci Qarabağ müharibəsi başlamamışdan öncə Birinci vitse-prezident xalqa müraciətində demişdir: "Hörmətli həmvətənlər! Son günlər baş verən hadisələr ölkəmizin hər bir vətəndaşını narahat edir. İşğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tanrıdan yaralı əsgərlərimizin tezliklə sağalmasını diləyirəm. Tanrı hər bir Azərbaycan döyüşçüsünün həyatını və sağlamlığını qorusun. Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə, vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə, ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi keçiririk. Birlik və ruh yüksəkliyi nümayiş etdirərək tarixi həqiqətin təntənəsi - Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir. Bu günlər ərzində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdaram. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur. Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!"
Qarabağ müharibəsində həlak olmuş şəhid ailələrinə və qazilərə Mehriban xanımın təşkilatçılığı ilə göstərilən sosial yardımlar bu gün də davam edir. Ümumiyyətlə, şəhid ailələri və qazilərin qayğıları hər zaman dövlət üçün prioritet məsələ olmuş, onların çətinliklərinin həlli daim dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Bu sahədə dövlət orqanları ilə yanaşı, Heydər Əliyev Fondu da geniş və səmərəli işlər görür. Fond tərəfindən qazilər protez ortopedik vasitələrlə təmin edilir, şəhid və qazi övladlarının problemləri həll olunur, onlarla mütəmadi əlaqələr qurulur.
Sözügedən sahədə görülən tədbirlərdən biri də bütün yerli icra hakimiyyəti orqanlarında şəhid ailələri və qazilərlə iş üzrə müvafiq struktur bölmənin yaradılmasıdır. Yerli icra hakimiyyətlərində yeni yaradılmış bu şöbələrin əsas funksiyası şəhid ailələri və qazilərin müraciətlərinin dərhal icraata qəbul edilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması və nəticələri barədə məlumatların verilməsidir.
Mehriban xanım öz çıxışlarının birində demişdir: "Bu gün biz Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə və dözümlülüyünüzə görə sizə minnətdarıq! Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə görə! Vətənə sədaqətlə xidmət etmək nümunəsinə görə! Siz bizim fəxrimizsiniz! Bu əlamətdar gündə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Bütün əsgər və zabitlərimizi səmimi-qəlbdən təbrik edirəm, Uca Tanrıdan onların hər birinə möhkəm cansağlığı, sevinc, sevgi və səadət, doğma Azərbaycanımıza sülh və əmin-amanlıq bəxş etməsini diləyirəm!"
Bu gün Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır, 30 ildə erməni vandalları tərəfindən dağıdılan evlər, sosial infrastruktur, talan olan ərazilər, meşələr, tarixi-mədəni-dini abidələr yenidən tikilir, qurulur. Bu işlərdə də şəxsən Mehriban xanımın xüsusi yanaşmasını hiss etməmək mümkün deyil. Onun tapşırıqları əsasında həyata keçirilən layihələr tezliklə Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcək və bu yerlər bir çox beynəlxalq tədbirlərin keçiriləcəyi ünvan olacaq.
Mədəniyyətimizin, incəsənətimizin və muğam sənətimizin beşiyi olan Şuşa şəhərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə 2021 və 2022-ci illərdə keçirilən "Xarıbülbül" və "Muğam" musiqi festivallarında bütün dünya bir daha dövlətimizin gücünün, xalqımızın müdrikliyinin, dövlət başçımızın əzminin, yenilməz iradəsinin və bütün bunların fonunda isə Azərbaycanın, sözün əsl mənasında, ən böyük bəladan qurtulduğunun şahidi oldu.
Ötən il Azərbaycanda bütün addımlar postmüharibə dövrünün yeni reallıqlarına uyğun atıldı. Vətən müharibəsindəki böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi, yenidənqurma, tikinti-quruculuq işlərinin başlanması qarşıda duran ən prioritet məsələlər idi. Azərbaycan heç kimdən yardım almadan bu missiyanı da uğurla icra etməyə başladı. Bu gün Prezident və Birinci vitse-prezident mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə şəxsən nəzarət edir, müxtəlif yeni obyektlərin təməlini qoyur, hazır olan infrastruktur obyektlərinin açılışlarına qatılırlar. Ümumiyyətlə, hazırda işğaldan azad olunmuş torpaqların sürətli bərpası istiqamətində böyük işlər görülür. İnsanların tezliklə öz yurd-yuvalarına qayıtması üçün infrastruktur layihələrinin həyata keçirilməsi, bu torpaqlarda sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanması üçün mühüm tədbirlər həyata keçirilir. İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilməsi və ümumilikdə bu kəndə köçürülmüş 41 ailə, təxminən 200 nəfərin hər cür şəraiti olan evlərlə təmin olunması böyük qayıdışın başlanğıcıdır.
Cari ilin iyulunda altı ayın yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı öz çıxışında bildirmişdir ki, "Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik".
Prezident işğaldan azad olunmuş rayonlara səfəri zamanı çıxışlarında iş adamlarına müraciət edərək onları bu ərazilərə sərmayə qoymağa çağırmışdır: "Mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar". Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Prezidentin bu çağırışını dəstəkləyir və bildirir ki, iqtisadi siyasətimizin istiqamətlərini nəzərə alaraq azad edilmiş torpaqlarda sahibkarlığın inkişafı böyük Qayıdışın daha tez bir vaxtda həyata keçirilməsinə mühüm töhfə verəcəkdir. Ümumiyyətlə, Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarını təmsil edən təşkilat olaraq müasir çağırışları dərindən təhlil edir, bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.
Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməli və onlar bir sahibkar kimi bu işdə yaxından yardımçı olmalıdırlar. Bütün müharibə dövründə dövlət başçısının ətrafında sıx birləşərək "dəmir yumruğ"un bir parçası olmağı bacarmış Azərbaycan sahibkarları Qarabağın yenidən firavanlığa qovuşması, işğaldan azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəlməsi naminə səylərini daha da gücləndirirlər. Arzu edirik ki, köçkünlərimiz tezliklə doğma yurd-yuvalarına dönsünlər və viran qoyulmuş, iqtisadi infrastrukturu dağılmış Qarabağın hər bir guşəsini birlikdə quraq.
Son illər ölkədə qadın sahibkarların da sayı əhəmiyyətli dərəcədə artmışdır ki, bu işdə Birinci vitse-prezident kimi Mehriban xanımın rolu danılmazdır. Belə ki, ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir.
Qeyd olunanlar bir daha təsdiqləyir ki, Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti statusunda uğurlu fəaliyyətini inamla davam etdirir, Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarına tapınmaqla milli intibah prosesinə layiqli töhfələr verir. Mehriban xanım tərəfindən görülən bütün işlər, atılan addımlar yalnız bir məqsədə - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.
Praqmatiklik, kreativlik, siyasi çeviklik, yüksək erudisiya, alicənablıq, humanizm kimi ali şəxsi keyfiyyətlərə malik olan, milli köklərimizə, bəşəri ideyalara daim sadiq qalan Mehriban xanım Əliyeva vətənimizin və xalqımızın taleyində bundan sonra da müstəsna rol oynayacaq, ölkəmizin inkişafına yeni töhfələr verəcəkdir. Onun dövlətçiliyimizə və xalqımıza xidmət etmək arzusu bizdə olan bu inamı daha da gücləndirir.
Bu gün Mehriban xanımın doğum günü qeyd olunur. Biz Sahibkarlar Konfederasiyası olaraq bütün sahibkarlarımız adından müasir Azərbaycan tarixinin banisi Ümummilli Lider Heydər Əliyevin ideyalarını həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevin ən yaxın silahdaşı, xalqımızın sevimlisi Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir, onun xalqımızın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inanır, Azərbaycanın parlaq gələcəyinin qurulması istiqamətində olan fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.
Məmməd MUSAYEV,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti