ABŞ-də fəaliyyət göstərən tədqiqatçılar cansız kimyəvi komponentlərdən qidalana, böyüyə və bölünə bilən sintetik hüceyrə prototipi hazırlayıblar. “SpudCell” adlanan bu quruluş həyatın mənşəyinin öyrənilməsi və sintetik biologiyanın inkişafı baxımından mühüm addım hesab olunur. Minnesota Universitetinin sintetik biologiya üzrə professoru Keyt Adamala və rəhbərlik etdiyi tədqiqat qrupu hüceyrəni mövcud canlı orqanizmdən dəyişdirmək əvəzinə, onu hissə-hissə cansız kimyəvi komponentlərdən qurub. Alimlərin sözlərinə görə, bu yanaşma həyatın necə yarandığına dair fundamental sualların cavablandırılmasına, həmçinin gələcəkdə konkret məqsədlər üçün hazırlanmış bioloji sistemlərin yaradılmasına töhfə verə bilər.
“SpudCell” nə bitki, nə də heyvan hüceyrəsinə bənzəyir. Tədqiqatçılar bildirirlər ki, o, quruluş baxımından daha çox sadə bakteriyanı xatırladır. Bununla belə, təbii hüceyrələrlə müqayisədə daha məhdud imkanlara malikdir və olduqca kövrək quruluşdadır. Prototip cəmi 150–200 molekuldan ibarətdir. Müqayisə üçün qeyd edək ki, təbii bioloji hüceyrələr milyonlarla, hətta milyardlarla molekul ehtiva edir. Bu səbəbdən alimlər “SpudCell”i “tam mənada həyat yaradan sistem” deyil, həyatın bəzi xüsusiyyətlərini nümayiş etdirə bilən sintetik hüceyrə modeli kimi qiymətləndirirlər.
Tədqiqatçılar bildirirlər ki, “SpudCell” xaricdən təmin olunan komponentlərlə qidalana, təxminən hər 12 saatdan bir böyüyə və bölünə bilir. Laboratoriya şəraitində Lakin bu proses təbii hüceyrələrdəki bölünmə mexanizmindən fərqlənir. Təbii hüceyrələr bölünərkən sitoskelet adlanan daxili strukturdan istifadə etdiyi halda, “SpudCell”də belə bir sistem yoxdur. Əvəzində o, membrana təsir göstərən xüsusi zülallar vasitəsilə bölünür.
“SpudCell”in əsas məhdudiyyətlərindən biri ribosomları, yəni zülal sintezinə cavabdeh olan hüceyrə strukturlarını özü istehsal edə bilməməsidir. Buna görə də prototip fəaliyyətini davam etdirmək üçün laboratoriyada xaricdən verilən E.coli bakteriyasının ribosomlarından istifadə edir.
Professor Keyt Adamala hazırkı vəziyyətdə SpudCell-i “son dərəcə zəif orqanizm” kimi xarakterizə edir. Onun sözlərinə görə, prototip hələlik yalnız qidalana və bəzən yeni hüceyrələr əmələ gətirə bilir. Mütəxəssislər vurğulayırlar ki, bu nailiyyət “laboratoriyada həyat yaradılıb” anlamına gəlmir. Stanford Universitetinin biomühəndisi Dryu Endinin fikrincə, Adamalanın komandası yeni hüceyrə quruluşu hazırlasa da, bunu həyatın yaradılması kimi qiymətləndirmək doğru olmaz.
Tədqiqatçılar bildirirlər ki, “SpudCell” hazırkı formada laboratoriyadan kənarda yaşaya və ya çoxala bilmir. Çünki onun bölünməsi üçün zəruri komponentlər, xüsusilə ribosomlar, yalnız laboratoriya şəraitində xaricdən təmin edilir. Bu səbəbdən hazırda onun insanlar və ətraf mühit üçün təhlükə yaratmadığı vurğulanır. Bununla belə, mütəxəssislər sintetik biologiyanın gələcək inkişafı ilə təhlükəsizlik və etik məsələlərin daha da aktuallaşacağını qeyd edirlər. Xüsusilə, təbiətdəki molekulyar strukturların güzgü formasında yaradılması ilə əldə edilə biləcək “güzgü bakteriyaları”nın gələcəkdə insanlar, heyvanlar və bitkilər üçün təhlükəli patogenlərə çevrilə biləcəyi ilə bağlı elmi ictimaiyyətdə narahatlıqlar mövcuddur.
Alimlərin fikrincə, sintetik hüceyrələr gələcəkdə xərçəng müalicəsi, karbonun tutulması, kimyəvi maddələrin istehsalı və ətraf mühit problemlərinin həlli kimi müxtəlif sahələrdə tətbiq oluna bilər. Lakin “SpudCell”in bu səviyyəyə çatması üçün hələ uzun tədqiqatlara ehtiyac var. Keyt Adamalanın sözləri ilə desək, “SpudCell” hazırda “üzərində yeni texnologiyaların qurula biləcəyi bir şassidir”. Tədqiqat qrupu bu platformanı açıq və əlçatan sistemə çevirməyi, beləliklə də dünyanın müxtəlif ölkələrində çalışan alimlərin sintetik hüceyrələrin inkişafını daha sürətləndirməsini hədəfləyir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”