Dünən Qafqazın sabitliyində mühüm aktor kimi önə çıxan Azərbaycan bu gün Mərkəzi Asiya ilə Qafqaz arasında əlaqələri gücləndirən və regional əməkdaşlığa istiqamət verən mühüm ölkə mövqeyinə yüksəlib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri, professor Akkan Suver ifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiyada apardığı intensiv diplomatik və siyasi fəaliyyətin regiona qazandırdığı rola xüsusi diqqət çəkən professor deyib: “Prezident İlham Əliyevin səyləri nəticəsində Mərkəzi Asiyada siyasi dialoq dərinləşib, investisiya, enerji, rəqəmsallaşma, sənaye, nəqliyyat və logistika kimi sahələrdə əməkdaşlıq imkanları daha güclü və daha səmərəli hala gəlib. Bu mənzərə İlham Əliyevin üç ildən artıq müddətdə Mərkəzi Asiyada həyata keçirdiyi intensiv təmasların və ortaya qoyduğu baxışın mühüm nəticəsidir”.
O bildirib ki, mövzuya daha geniş prizmadan yanaşdıqda, Prezident İlham Əliyev bu gün Mərkəzi Asiyanın rəqabətqabiliyyətli bir mərkəzə çevrilməsi, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində mühüm yer tutan Orta Dəhlizə yeni istiqamət, yeni baxış və yeni bir quruluş qazandıracaq sabitlik və dialoqyönümlü çərçivə ortaya qoyulmasına böyük töhfə verib.
“Əgər bu gün Mərkəzi Asiya dialoq və əməkdaşlıq mərkəzinə çevrilibsə, burada İlham Əliyevin rolu böyükdür. Digər tərəfdən, sülh prosesi və Zəngəzurun gələcəyi ilə bağlı da mühüm inkişaf baş verir. Zəngəzur Türk dünyasının inteqrasiyası və regional nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Cənab İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla həyata keçirdiyi təmaslar da Qafqazda sülhün və regionda davamlı sabitliyin təmin olunması baxımından mühüm mərhələ təşkil edir”, - deyə o qeyd edib.