16 Noyabr 2023 10:00
759
Mədəniyyət
A- A+
Akademiyanın qurucu prezidenti

Akademiyanın qurucu prezidenti

 

Çoxəsrlik zəngin elmi ənənələrə malik olan və görkəmli simaları ilə dünyada tanınan Azərbaycan elmi XX əsrdə daha ardıcıl və sistemli şəkildə inkişaf etmişdir. Xüsusən bu tarixi dövrdə Azərbaycanda ilk elmi qurumların təsis edilməsi və fəaliyyət göstərməsi ölkə üzrə böyük elmi dalğa yaratmış, elmi məktəblərin formalaşdırılmasında mühüm rol oynamışdır. Azərbaycan Elmlər Akademiyasının 31 mart 1945-ci ildən fəaliyyətə başlaması ilə ölkə elminin inkişafında yeni tarixi mərhələ başlanmışdır. Görkəmli elm xadimi, akademik Mirəsədulla Mirqasımov adı Azərbaycan elminin tarixinə Elmlər Akademiyasının qurucu prezidenti kimi daxil olmuşdur.
Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti olan Mirəsədulla Mirələsgər oğlu Mirqasımov (1883-1958) keşməkeşli, məsuliyyətli və şərəfli bir ömür yolu keçmişdir. O, Bakı şəhərində ibtidai təhsil aldıqdan və qısa müddətdə mədrəsədə oxuduqdan sonra Bakı Rus Gimnaziyasında təhsilini başa çatdırmışdır. Beləliklə, onun dünyagörüşündə elmliklə, dünyəviliklə dini baxışlar üzvi surətdə əlaqəli şəkildə formalaşaraq inkişaf etmişdir. O, fanatizmdən uzaq olub, dini inama malik dünyəvi baxışlı alim idi. Bakı Rus Gimnaziyasında oxuyarkən "Məktəb və həyat" jurnalında yazıb çap etdirdiyi "Müsəlman dünyasının mədəni geriliyinin əsas səbəbləri" kimi məqaləsi Mirəsədulla Mirqasımovun hələ gənc yaşlarından etibarən həqiqi dini inamla fanatizmin fərqində olduğunu və bunu aydın surətdə dərk etdiyini göstərir. Sonralar 1903-1912-ci illərdə Odessa şəhərindəki Novorosiysk İmperator Universitetinin Tibb fakültəsində aldığı mükəmməl biliklər və qazandığı vərdişlər Mirəsədulla Mirqasımovun elmi dünyagörüşünün inkişafına böyük təkan vermişdir. Xüsusən Novorosiysk İmperator Universiteti Elmi Şurasının qərarı ilə Mirəsədulla Mirqasımovun universitetin Cərrahiyyə Hospitalında həkim-ordinator kimi fəaliyyətini davam etdirməsi, məzunu olduğu ali məktəbin müəllimləri ilə birlikdə Qara dənizdəki kiçik balıqçı gəmisində cərrah köməkçisi və əczaçı kimi çalışması, sonra I Dünya müharibəsi illərində Odessa lazeretlərində və Odessa şəhər Alman xəstəxanasında keçdiyi yol onun zəngin təcrübə toplamasına geniş imkan yaratmışdır. Bütün bunlara görə artıq XX əsrin əvvəllərində Mirəsədulla Mirqasımov hərtərəfli hazırlığa, geniş dünyagörüşünə və tibb sahəsində özünəməxsus zəngin peşə bacarıqlarına malik gənc həkim-ziyalı kimi diqqəti cəlb etmişdir.
Mirəsədulla Mirqasımov 1916-cı ildə doğma vətənə - Bakıya qayıdaraq burada müxtəlif xəstəxanalarda həkim-cərrah kimi fəaliyyətini uğurla davam etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə işlərinin təşkilində yaxından iştirak edən Mirəsədulla Mirqasımov bu zaman Bakı şəhərindəki Mixaylovski xəstəxanasında bacarıqlı həkim-cərrah kimi tanınmışdır. O, eyni zamanda sovet hakimiyyəti illərində də peşəkar həkim kimi fəaliyyətini davam etdirmişdir. Bununla yanaşı, Mirəsədulla Mirqasımov həm də tibb sahəsində elmi-pedaqoji fəaliyyətlə də ciddi surətdə məşğul olmuşdur. Ölkəmizdə ilk ali təhsil ocağı kimi 1919-cu ildən etibarən fəaliyyətə başlamış Bakı Dövlət Universitetinin Tibb fakültəsində müəllimlik fəaliyyəti ilə və elmi axtarışlarla məşğul olması Mirəsədulla Mirqasımovun çoxcəhətli fəaliyyində yeni səhifə açmışdır. Bakı Dövlət Universitetinin Tibb fakültəsindəki Operativ cərrahiyyə və topoqrafik anatomiya şöbəsində ordinator, Hospital Cərrahiyyəsi kafedrasında asistent, dosent vəzifələrində çalışan Mirəsədulla Mirqasımov 1930-cu ildən müstəqil ali tibb ocağına çevrilmiş Azərbaycan Tibb İnstitutunun Hospital Cərrahiyyəsi kafedrasının müdiri kimi yüksəkixtisaslı həkim kadrlarının hazırlanması yollarında yorulmadan çalışmaqda davam etmiş, bu sahədə ardıcıl olaraq fəaliyyət göstərmiş və əsl mənada yaxşı həkim kimi ad-san qazanmışdır.
Əlbəttə, Mirəsədulla Mirqasımovun həyatında elmi fəaliyyət sahəsi xüsusi yer tutmuşdur. Bioqrafları göstərirlər ki, Mirəsədulla Mirqasımov elmi fəaliyyətə hələ Novorosiysk İmperator Universitetində həkim kimi çalışdığı illərdə başlamışdır. Onun 1914-cü ildə "Novorosiysk Hospital Terapevtik Klinikasının Materialları" jurnalında çap etdirdiyi "Ağciyər vərəminin süni pnevmotoraksla müalicəsi" adlı məqaləsi mühüm elmi-praktik xüsusiyyətləri ilə diqqəti cəlb etmişdir. Zaqafqaziya Cərrahlarının I Qurultayında Mirəsədulla Mirqasımov tərəfindən "Yeni yoluxmuş yaraların tam tikişi məsələsi haqqında" edilmiş məruzə böyük marağa səbəb olduğu üçün ayrıca kitabça kimi çap edilmişdir.
Görkəmli həkim-cərrah kimi tanınmış Mirəsədulla Mirqasımovun elmi fəaliyyətində urologiya sahəsi xüsusi yer tutmuşdur. O, urologiyanın müxtəlif aspektləri üzərində geniş tədqiqatlar aparmış, tibb elmi üçün əhəmiyyətli olan bir çox mühüm nəticələr əldə etmişdir. Buna görə də haqlı olaraq onu Azərbaycan urologiya elminin banisi hesab edirlər.
Mirəsədulla Mirqasımovun urologiya üzrə ölkə ilə yanaşı, dünya təcrübəsini də öyrənməsi onun bu istiqamətdə daha dərin tədqiqatlar aparmasına imkan yaratmışdır. Bu, cəhətdən azərbaycanlı həkim-cərrahın 1926-cı ildə respublikamızdan olan bir qrup həkimlə birlikdə təcrübə mübadiləsi məqsədilə xaricə göndərilməsi və orada klinikada apardığı tibbi əməliyyatlar Mirəsədulla Mirqasımovun elmi fəaliyyəti üçün uğurlu olmuşdur. Belə ki, o, 1927-ci ildə Almaniyada "Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Alman alimlərinin onun haqqında dedikləri "Mirəsədulla Mirqasımovun tibbi biliyə böyük cəhdi var ki, bu, elmi işçi üçün xüsusən dəyərlidir. O, həmçinin praktiki tibblə kifayətlənmir, nəzəriyyə ilə də məşğul olur" kimi sözlər azərbaycanlı həkim-cərrahın yüksək elmi qabiliyyətindən və təcrübi vərdişlərindən xəbər verirdi. Professor Mirəsədulla Mirqasımovun "Sidik kisəsi qanqrenası ilə bağlı iki hal" (1927), "Sidik kanalının haçalanması" (1928), "Orqanizmdə daşların öz-özünə parçalanması haqqında" (1930), "Reflektor anuriyasının müdafiəsinə dair" (1935), "Prostat hipertrofiyası zamanı sidik ifrazı pozğunluğunda dinamik anlar" (1937) və sair kimi urologiyanın aktual məsələlərinə həsr edilmiş elmi əsərləri də onun Azərbaycan təbabətində urologiya elmi məktəbini yaratdığını nümayiş etdirir. Tibb İnstitutunda təhsil alan tələbələr üçün hazırladığı mühazirə mətnlərindən ibarət olan "Urologiya" dərsliyi bu sahə üzrə yeni nəsillərin hazırlanmasında böyük bələdçi funksiyasını yerinə yetirmişdir. Urologiyanın müxtəlif problemlərinə dair tədqiqat işləri aparmış yetirmələri və davamçıları ilə birlikdə Azərbaycanda urologiyanı elmi məktəb səviyyəsinə qaldımağa nail olmuşlar.
Bununla belə, akademik Mirəsədulla Mirqasımov çoxprofilli həkim-tədqiqatçı kimi tanınıb şöhrət qazanmışdır. Belə ki, onun "Qarın yatağının cərrahiyyəsi" (1945) monoqrafiyası Azərbaycanda daxili orqanların diaqnostikası və müalicəsi üzrə əsas elmi mənbələrdən biridir. Bundan başqa, müxtəlif illərdə yazıb nəşr etdirdiyi "Sıxılmş yırtıqların öz-özünə sağalması haqqında" (1926), "Qığırdaqlı ekzostozlar" (1926), "Yetkinlərdə kor bağırsağın xroniki invaginasiyası" (1930), "Yanıqların patogenezi və müalicəsi məsələsinin müasir vəziyyəti" (1930), "Travmatik şok və ona qarşı mübarizə" (1940), "Anaerob qaz infeksiyası" (1946) və bu kimi məqalələr və broşüralar görkəmli elm xadiminin geniş imkanlara malik olduğunu əyani şəkildə diqqətə çatdırır. Mirəsədulla Mirqasımov Azərbaycan dilində yazılıb nəşr edilmiş ilk "Cərrahiyyə" dərsliyinin müəllifi kimi də tibb elminin inkişafına yüksək xidmət göstərmişdir. O, 17 il ərzində Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində Dövlət İmtahan Komissiyasının sədri və Tibb İnstitutu Metodik Şurasının üzvü kimi də tibbi kadrların hazırlanması sahəsində ardıcıl və səmərəli iş aparmışdır.
Akademik Mirəsədulla Mirqasımov həm Birinci və İkinci Dünya müharibələrində vətənpərvər və professional həkim kimi səhiyyə işinin təşkili və müalicə işlərinin aparılması sahəsində fəal surətdə çalışmış, mühüm xidmətlər göstərmişdir. Hər iki Cahan müharibəsində ön cəbhədən gətirilmiş yaralıların yerləşdirildikləri təxliyə xəstəxanalarında həm cərrah, həm də məsləhətçi-həkim kimi geniş iş aparmışdır. O, İkinci Dünya müharibəsi zamanı Ümumxalq Həmkarlar Təşkilatı Şurasının Bakıdakı təxliyə xəstəxanasına rəhbərlik etmiş, yaralı döyüşçülərin qısa müddətdə müalicə edilərək ön cəbhəyə qayıtmaları üçün bütün qüvvə və bacarıqlarını sərf etmişdir. O, Böyük Vətən müharibəsinin çətin şəraitində Tibb İnstitutunun həm xəstəxana, həm də tədris ocağı kimi fəaliyyətini davam etdirməsi üçün bütün imkanlarından istifadə etmişdir. Bütün bunlara görə akademik Mirəsədulla Mirqasımov "Qırmızı Ulduz" döyüş ordeni, "Qafqazın müdafiəsi", "1941-1945-ci illərin Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", "1941-1945-ci illərin Böyük Vətən müharibəsində Almaniya üzərində qələbə" medalları ilə təltif olunmuşdur.
Əlbəttə, Mirəsədulla Mirqasımovun həyatında Azərbaycan Elmlər Akademiyasındakı fəaliyyəti mühüm yer tutur. SSRİ Nazirlər Sovetinin 23 yanvar 1945-ci il tarixdə Azərbaycan SSR Elmlər Akademiyasının təsis edilməsi haqqındakı qərarından sonra 3 dəfə respublika rəhbərliyinə təqdim edilmiş elmlər doktorları haqqındakı siyahıların hamısında Mirəsədulla Mirqasımovun adı qeyd edilmişdir. Belə ki, 1945-ci ilin fevral, mart aylarında tərtib edilmiş 46 nəfərlik və 24 nəfərlik siyahılarda Mirəsədulla Mirqasımovun adı yer almışdır. Nəhayət, 27 mart 1945-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin təsdiq etdiyi Elmlər Akademiyasının 15 nəfər təsisçisinə dair sənəddə də Mirəsədulla Mirqasımovun adının öz əksini tapması bu görkəmli elm xadiminə həm elmi dairələrdə, həm də respublika rəhbərliyi səviyyəsində göstərilən yüksək ehtiramı əyani şəkildə nəzərə çarpdırır. Nəhayət, 31 mart 1945-ci ildə keçirilmiş Elmlər Akademiyasının ilk təsis yığıncağında təşkilati məsələyə baxılarkən SSRİ Elmlər Akademiyası rəhbərliyinin təqdimatı ilə Mirəsədulla Mirqasımovun yekdilliklə bu ali dövlət elmi təşkilatının prezidenti vəzifəsinə seçilməsi görkəmli elm xadiminin elmi xidmətlərinin və şəxsiyyət olaraq dəyərlərinin qiymətləndirilməsi demək idi. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, akademik Mirəsədulla Mirqasımovun prezident seçildiyi 31 mart 1945-ci il tarixli təsis yığıncağında akademik Şamil Əzizbəyov və akademik Heydər Hüseynov Azərbaycan Elmlər Akademiyasının vitse-prezidentləri, akademik Mirəli Qaşqay isə bu ali elmi qurumun baş akademik katibi seçilmişdir. Akademiyanın prezidenti kimi Mirəsədulla Mirqasımov yeni elmi təşkilatın strukturunu da müəyyənləşdirmiş, Elmi Bölmələrin sədrləri və tərkibi haqqında təqdimatla çıxış etmişdir. Təsis yığıncağının qərarı əsasında akademiyanın ilk Nizamnaməsi də təsdiq olunmuşdur. Beləliklə, Elmlər Akademiyasının ilk rəhbər heyəti, Rəyasət Heyətinin və Elmi Bölmələrin tərkibi müəyyən olunmuşdur. Bundan əvvəl SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının tərkibində müstəqil elmi-tədqiqat institutları kimi mövcud olmuş elmi müəssisələrin yeni yaradılmış Elmlər Akademiyasının tərkib hissəsi kimi fəaliyyətlərini davam etdirmələri qərara alınmışdır. Bundan başqa, akademiyanın Azərbaycan filialında sektor kimi fəaliyyət göstərmiş bir neçə elmi quruma müstəqil elmi müəssisə statusu verilmişdir. Akademiyanın elmi kitabxanasının yenidən formalaşdırılması sahəsində də addımlar atılmışdır. Bütün bu struktur islahatları Elmlər Akademiyasının prezidenti, akademik Mirəsədulla Mirqasımovun rəhbərliyi ilə uğurla həyata keçirilmişdir. Ona görə də akademik Mirəsədulla Mirqasımov Azərbaycan Elmlər Akademiyasının qurucu prezidenti kimi elm tariximizə daxil olmuşdur.
Azərbaycan Elmlər Akdemiyasının prezidenti, akademik Mirəsədulla Mirqasımov struktur islahatları ilə yanaşı, ölkə elminin bütün sahələri üzrə aparılacaq fundamental elmi tədqiqatların istiqamətlərinin müəyyən edilməsinə də xüsusi diqqət yetirmişdir. O, bu prosesdə ümumi maraqlarla yanaşı, ölkə reallıqlarının, Azərbaycan xalqının mənafelərinin əsas meyarlar kimi qəbul edilməsinə ciddi fikir vermişdir. Bundan başqa, təbiət və texniki elmlər üçün lazımi maddi-texniki bazanın yaradılması, laboratoriyaların təşkili də akademik Mirəsədulla Mirqasımovun adı ilə bağlıdır. Bütövlükdə Azərbaycanda quruculuğun ən zəruri məsələləri akademik Mirəsədulla Mirqasımov tərəfindən həll edilərək elmi tədqiqatlar üçün geniş imkanlar formalaşdırılmışdır. Ona görə də akademik Mirəsədulla Mirqasımovun Elmlər Akademiyasına rəhbərlik etdiyi dövr qısa bir mərhələni - 1945-1947-ci illəri əhatə etsə də, ali akademik qurumun formalaşdırılmasında onun möhkəm və əsaslı təməllərinin yaradıldığı xüsusi mərhələ kimi yüksək qiymətə malikdir.
Akademik Mirəsədulla Mirqasımov 1937, 1946, 1950-ci illərdə SSRİ Ali Sovetinə  deputat seçilmiş, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Lenin" ordeni, "Qırmızı Ulduz" ordeni və bir çox medallarla təltif edilmişdir. Respublika Klinik Xəstəxanasına görkəmli elm xadiminin adı verilmişdir.
Azərbaycan Elmlər Akademiyasının qurucu prezidenti, görkəmli elm xadimi, akademik Mirəsədulla Mirqasımovun adı və xidmətləri elm tariximizin şərəfli səhifələrini təşkil edir. Akademik Mirəsədulla Mirqasımovun çoxcəhətli elmi xidmətləri və ölkəmizin inkişafına həsr edilmiş parlaq fəaliyyəti yeni nəsillər üçün məktəbdir.

İsa HƏBİBBƏYLİ
AMEA-nın prezidenti, akademik, Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!