Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antonio Kosta bəyan ediblər ki, Avropa İttifaqı müharibə bitənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etmək niyyətində deyil və Ukraynaya hərbi və maliyyə yardımı göstərməyə davam edəcək.
Oktyabrın 16-da Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antonio Kostanın verdiyi bəyanatlarda bildirilir ki, Ukrayna qarşıdan gələn qış dövrü də daxil olmaqla Avropa İttifaqından yardım almağa davam edəcək və gələcəkdə Aİ-yə üzv olmağı gözləyə bilər.
Brüsseldəki birgə çıxışları zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edən fon der Lyayen vurğulayıb: "Rusiya Ukraynanın enerji və su təchizatı infrastrukturunu məhv etmək üçün əlindən gələni edir, lakin biz sizin yanınızdayıq". Kosta da eyni tədbirdə oxşar bəyanat verib: "Avropa İttifaqının Ukraynaya dəstəyi əvvəlki kimi güclü qalacaq".
Komissiya sədri bildirib ki, Aİ ABŞ Prezidenti Donald Trampın oktyabrın əvvəlində elan etdiyi enerji atəşkəsini dəstəkləyib, lakin "Rusiya buna hətta bir dəqiqə belə əməl etməyib. "Buna görə də biz Rusiyaya təzyiqi artırmalıyıq", - deyə o qeyd edib və hazırda Moskvaya qarşı 22-ci sanksiya paketinin hazırlandığını açıqlayıb.
Fon der Lyayen həmçinin vurğulayıb ki, Rusiya müharibəni bitirməyənə qədər Avropa İttifaqının heç bir sanksiyanı ləğv etmək niyyəti yoxdur. Bu fikir, görünür, Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp arasında əldə edilmiş dizel yanacağı ilə bağlı razılaşmaya işarə edib; belə ki, həmin razılaşmaya əsasən, ABŞ yanacaq qiymətlərini aşağı salmaq məqsədi ilə Rusiyanın dünya bazarına dizel tədarükünə mane olan məhdudiyyətləri Moskva üçün aradan qaldırıb.
Ukrayna ilə ABŞ arasındakı mövcud gərginliyə gəldikdə isə, nə fon der Lyayen, nə də Kosta bu mövzuya birbaşa toxunublar. Oktyabrın 15-də gecə saatlarında "Newsmax" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp bildirib ki, Zelenski "ABŞ-nin iş görməli olduğu insan deyil" və o, Ukrayna Prezidentinin əslində Rusiya ilə sülh sazişi əldə etməkdə maraqlı olmadığı fikrini ifadə edib. V.Zelenski öz növbəsində oktyabrın 16-da Brüsseldə çıxış edərkən bəyan edib ki, "Rusiyanın müharibəni bitirmək istədiyinə dair heç bir əlamət yoxdur".
Fon der Lyayen elan etdi ki, Brüsseldə keçirilən Aİ sammitinin ikinci günü olan oktyabrın 16-da "Ukraynanın maliyyə və hərbi ehtiyacları"nın müzakirəsi nəzərdə tutulub. Volodimir Zelenski də bu müzakirələrdə iştirak edəcək.
Avropa Komissiyasının sədri bildirib ki, ilin sonuna qədər Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı qalan bütün danışıqlar klasterlərinin - tematik sahələrin açılması planlaşdırılır.
Volodimir Zelenski verilən dəstəyə görə Aİ-yə təşəkkürünü bildirib və 2027-ci il üçün nəzərdə tutulan yardımın da müzakirə edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, o, hökumətinin Ukraynanın Aİ-yə üzvlüyü üzrə qalan iki danışıqlar klasterinin açılması üçün zəruri şəraitin yaradılması istiqamətində çalışacağını vəd edib. Oktyabrın 13-də Ukrayna və Moldova üçün "Daxili bazar" və "Rəqabət qabiliyyəti və inklüziv artım" mövzularını əhatə edən danışıqlar klasterləri açılıb.
Aİ-yə üzvlük danışıqları qanunvericilik və dövlət siyasətinin müxtəlif sahələrini əhatə edən 6 geniş tematik bölmədə – klasterlərdə təşkil olunur. Danışıqlar zamanı Avropa İttifaqı namizəd ölkənin Aİ qaydalarını və standartlarını tətbiq etməyə hazırlığını qiymətləndirir.
Bu 6 klaster aşağıdakılardır: "Əsaslar", "Daxili bazar", "Rəqabət qabiliyyəti və inklüziv artım", "Yaşıl gündəm və dayanıqlı əlaqəlilik", "Resurslar, kənd təsərrüfatı və uyğunlaşma" və "Xarici əlaqələr". Onlardan birincisi – "Əsaslar" iyunun 15-də Ukrayna və Moldova üçün açılıb. İyul ayında Moldova və Ukrayna üçün "Xarici əlaqələr" klasteri üzrə danışıqlar da başlayıb.
Bununla yanaşı, dpa xəbər agentliyinin qeyd etdiyi kimi, müşahidəçilər Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların növbəti onilliyin əvvəlindən tez yekunlaşacağını gözləmirlər. Müəlliflər vurğulayırlar ki, Ukrayna Aİ standartlarına cavab verməkdən, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində hələ çox uzaqdadır.
Rizvan CƏFƏROV