Milli varlığımızın rəmzi olan Novruz xalqımızın mənəvi dünyasını, həyata baxışını özündə əks etdirir. Ulularımızdan bizə yadigar qalan, sovet dövlətinin bizə unutdurmaq istədiyi bu bayram baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyir.
Əziz bayramlarımızı, eləcə də Novruzu torpaqlarımızın işğal altında olduğu illərdə keçirəndə qəlbimizdə hər zaman torpaq nisgili var idi, ürəkdən sevinib gülə bilmirdik.
Çərşənbə axşamlarında qaladığımız tonqallardan atlanaraq ağırlığımızın, yorğunluğumuzun odda yanmasını diləməklə yanaşı, torpaqlarımıza qovuşmağı, bu yurdlarda yenidən həyatın qaynamağını diləyirdik. Deyirdik ki, "gün o gün olsun, bayramı işğaldan azad olunmuş torpaqlarımızda qeyd edək".
Həmin gün gəlib çatdı, dualarımız, arzularımız çin oldu. 2020-ci ildə qazandığımız zəfərdən sonra Novruz bayramını azad olunmuş torpaqlarımızda da keçiririk. Artıq Qarabağda, Şərqi Zəngəzurda Novruz tonqalları qalanır.
106 ailə yurduna qovuşub
Ölməz şairimiz Mikayıl Müşfiqin yazdığı kimi: "Bu yaz bir başqa yazdır..."
Bu yaz 30 illik həsrətdən sonra Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərinin sakinləri Novruz bayramını doğma yurdlarında keçirirlər.
Böyük qayıdışın ilk ünvanı olan Ağalı kəndində uzun illərdən sonra Novruz çərşənbələrinin tonqalları çatıldı. Ocaqlarına qovuşan 86 ailənin üzvləri mərkəzi meydanda alovlandırdıqları nəhəng tonqalın ətrafında yığışdılar.
İndi ağalılılar evlərində bayram təmizliyi aparır, səməni cücərdir, süfrələrini bəzəmək üçün müxtəlif şirniyyatlar bişirir, bir sözlə, Novruzu təmtəraqla qeyd edirlər.
Xatırladaq ki, "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulan Zəngilanın Ağalı kəndinə qayıdışa ötən ilin iyulun 19-da start verilib. İndiyədək kəndə üç mərhələdə 420 nəfərdən ibarət 86 ailə köçürülüb. İlkin köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinın həcmi nəzərə alınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri var. Yenidən qurulan kənddə əhalinin yaşaması üçün bütün lazımi şərait yaradılıb. İnfrastruktur obyektləri hazır vəziyyətə gətirilib, məktəb, bağça, poçt, tibb xidmətləri, "DOST", "ASAN" xidmət mərkəzləri yaradılıb, eyni zamanda ictimai nəqliyyat istifadəyə verilib.
Bu yerlərdə yeni həyat başlayır
İkinci Qarabağ müharibəsindən sonra Böyük Qayıdışın növbəti ünvanı Tərtər rayonunun Talış kəndi oldu. Bura köçürülən 20 ailə üçün bu Novruz ikiqat bayramdır. Talış sakinlərinin məhz bu ərəfədə köçürülmələrinə səbəb xalqımız üçün dəyərli olan bu bayramı 30 ildir həsrətində olduqları yurd-yuvalarında keçirmələridir. Onlar doğma ocaqlarına martın 16-da qovuşublar.
Böyük qayıdış proqramının tezliklə reallaşması üçün Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işləri sürətlə həyata keçirilir. Sonrakı mərhələlərdə də azad edilmiş torpaqlarımıza doğma sakinləri köçürüləcək. Bu ilin sonunadək Laçın rayonunun Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşması nəzərdə tutulub. Növbəti il isə Ağdam rayonunun 3 kəndinə, eyni zamanda Hadrut qəsəbəsi və Tuğa köç reallaşacaq.
Artıq Qarabağ və Şərqi Zəngəzurda da bayram ab-havası yaşanır. 30 illik həsrətdən sonra bu ərazilərdə bayram tonqallarımız alovlanır, quşlar daha şövqlə cəh-cəh vurur, çiçəklər daha gözəl ətir saçır. Çaylar yenidən çağlayır, sular durulur, yel bu müjdəni ellərə çatdırmaq üçün daha gur əsir, torpaq isə yeni həyat, yeni bar-bərəkət gətirmək üçün tələsir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"