Həm hərbi, həm də diplomatik sahədə liderliyini nümayiş etdirən, Azərbaycan tarixində torpaq qaytaran, işğalçını qovan qalib sərkərdə cənab İlham Əliyev 2020-ci ildə Ermənistanın işğalında olan torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirərək ölkənin hərbi, siyasi və iqtisadi gücünü daha da artırdı. 2023-cü ildə 23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.
Sözsüz ki, güclü siyasi rəhbərlik sayəsində Azərbaycan beynəlxalq hüququn tələblərini özü yerinə yetirdi, Müzəffər Ali Baş Komandan Qarabağın və ətraf ərazilərin azad edilməsi ilə Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu. Ali Baş Komandan müasir ordu quruculuğu siyasəti ilə Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini artıraraq, onu Cənubi Qafqazda ən güclü orduya çevirdi. Beləliklə, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı.
Şəhid və qazilərimizə böyük ehtiram
Möhtərəm Prezident Azərbaycanın möhtəşəm qələbəsinə nail olunmasında canından keçən şəhid və qazilərimizi daim ehtiramla yad edir, onların fədakarlığını, qəhrəmanlığını yüksək qiymətləndirir, xatirəsini əziz tutur.
Müharibə dövründə və ondan dərhal sonra şəhidlərimizin xatirəsinin əbədi yaşadılması üçün mühüm tapşırıqlar verib. İmzaladığı fərman və sərəncamlar ilə şəhid ailələri dövlət qayğısı ilə təmin olunub, qazilərin müalicəsi təşkil edilib və onların təminatları artırılıb. Prezident olaraq xalqın və ordunun birliyini təmin edərək ümummilli dəstək qazanıb.
Qarabağ və Şərqi Zəngəzurun bərpası
Müharibədən sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpası üçün genişmiqyaslı layihələrə start verdi. İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.
İqtisadi yüksəliş
İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizdə yeni dövr başlamışdır. Onun rəhbərliyi altında ölkədə iqtisadi yüksəliş baş vermiş, Azərbaycan öz iqtisadiyyatını gücləndirərək regionda ən sürətlə inkişaf etmiş dövlətlərdən birinə çevrilmişdir. Prioritetlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və bu xüsusda qeyri-neft sektorunun inkişafıdır.
Bu dövrdə ölkədə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmiş, müasir avtomobil yolları, dəmir yolları və hava limanları inşa olunmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri və "Cənub qaz dəhlizi" kimi qlobal layihələr Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını təmin etmişdir. Bu layihələr Azərbaycanı regionun enerji mərkəzinə çevirməklə yanaşı, ölkənin iqtisadi sabitliyini də möhkəmləndirmişdir. Prezidentin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmış, yeni iş yerləri yaradılmış və əhalinin sosial rifahı yüksəlmişdir. Dövlətin biznes mühitini yaxşılaşdırmağa yönələn siyasəti kiçik və orta sahibkarlığın inkişafına təkan vermiş, ölkənin qeyri-neft ixracatı əhəmiyyətli dərəcədə artmışdır.
Beynəlxalq arenada nüfuz
İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün müstəqil və balanslı xarici siyasət həyata keçirib. BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik edən cənab İlham Əliyev təşkilatın beynəlxalq nüfuzunu artırıb və inkişafına böyük töhfə verib.
Prezident İlham Əliyevin növbəti uğuru BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına evsahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması ilə bağlıdır. Uğurlu COP29 tədbirinin keçirilməsi beynəlxalq arenada qazandığımız böyük nailiyyət idi.
Türk Dövlətləri Təşkilatının regionda güc mərkəzinə çevrilməsində məhz cənab Prezident İlham Əliyevin böyük dəstəyi olmuş, türk dövlətlərinin inteqrasiyasını təşviq edərək regional əməkdaşlığı gücləndirmişdir.
Məzlumların lideri
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər iclasındakı çıxışında rəsmi Parisin müstəmləkə siyasətini qeyd etmiş və tarixi soyqırımlarla dolu olan Fransanın işğalı dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirildiyini xatırlatmışdır. Dövlətimizin başçısı Şuşada keçirilən qlobal media forumunda müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı mübarizəsini dəstəkləyən Bakı Təşəbbüs Qrupunun fəaliyyətini vurğulayaraq, onun üzvlərinə dəstək verməyə davam edəcəklərini bildirmişdir. Ölkə rəhbəri kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini hər zaman nümayiş etdirir.
Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir. Dövlət başçımız COP29 zamanı kiçik ada dövlətlərinin sammitində XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkən xalqların problemlərinə işıq tutmuşdu. Cənab Prezidentin humanist və həssas yanaşmasının göstəricisidir ki, kiçik ada dövlətlərində ətraf mühitlə bağlı problemlərin həlli məqsədilə Millətlər Birliyi ilə birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.
Azərbaycan regional qovşağa çevrilib
İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən infrastruktur layihələri ölkənin iqtisadi gücünü artırıb, sosial rifah sahəsində həyata keçirilən islahatlar isə xalqın həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
İnfrastrukturun yenilənməsi və genişləndirilməsi Azərbaycanı regionda nəqliyyat və logistika mərkəzinə çevirib. Müasir avtomobil yolları və magistrallar inşa edilib, həm daxili, həm də beynəlxalq əlaqələri asanlaşdıran yol şəbəkəsi qurulub. Hava nəqliyyatı sahəsində də böyük nailiyyətlər əldə edilib. Yeni hava limanları tikilib, mövcud olanlar isə beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulub. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə Füzuli, Zəngilan hava limanlarının istifadəyə verilməsi, Laçın hava limanında davam edən işlər Azərbaycanın iqtisadi və strateji imkanlarını daha da artırıb.
Sosial siyasət
Bu dövrdə sosial rifah sahəsində də mühüm addımlar atılıb. Sosial siyasət xalqın həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Pensiyalar, maaşlar və sosial ödənişlər mütəmadi olaraq artırılıb, aztəminatlı ailələrə dövlət dəstəyi gücləndirilib. Sosial infrastrukturun, o cümlədən xəstəxanaların, məktəblərin və idman obyektlərinin inşası xalqın rifahının yüksəlməsinə birbaşa təsir edib. Bu addımlar sosial ədalətin təmin edilməsinə, ümumilikdə cəmiyyətin sosial inkişafına töhfə verib. Beləliklə, çoxsaylı nailiyyətlər nəticəsində Azərbaycanın hərtərəfli inkişafı təmin edilib.
Prezident İlham Əliyev həm milli, həm də beynəlxalq səviyyədə böyük hörmət qazanmış liderdir. Onun müdrik siyasəti və qətiyyətli addımları Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, dövlətimizin gələcək təhlükəsizliyini təmin edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb.
Pərvanə VƏLİYEVA,
Milli Məclisin deputatı