İyunun 30-da ADA Universiteti və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə 9-cu ADA Beynəlxalq Təhsil Konfransının rəsmi açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, "Pedaqoji transformasiya dövründə öyrətmə və öyrənmə" mövzusuna həsr olunmuş builki konfransda süni intellektin geniş tətbiqi, milli inkişaf prioritetləri, əmək bazarının yeni tələbləri və müasir təhsil ekosisteminin qurulması kimi aktual çağırışlar ətrafında geniş müzakirələr aparılıb.
Tədbiri açan ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru, konfransın Təşkilat Komitəsinin sədri professor Vəfa Kazdal tədbirin əsas məqsədi və hədəfləri barədə ətraflı məlumat verib.
Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və elm və təhsil naziri Emin Əmrullayev çıxış ediblər.
Elm və təhsil naziri çıxışında müasir təhsildəki strateji hədəfləri vurğulayaraq bildirib ki, ölkəmizdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində istedadlı gənclərimiz ölkəni tərk etmədən yüksəksəviyyəli təhsil almaq imkanı əldə edirlər. Təhsilin iki mühüm funksiyasını qeyd edən nazir, gənclərə fundamental bilik və bacarıqların qazandırılması ilə yanaşı, onlara milli və bəşəri dəyərlərin də aşılanmasının zəruriliyini diqqətə çatdırıb.
ADA Universitetinin rektoru Hafiz Paşayev isə keyfiyyətli təhsil mühitinin yaradılmasının əhəmiyyətinə toxunub. Rektor vurğulayıb ki, müəllimlər elmi tədqiqatlara başlamazdan əvvəl kifayət qədər təcrübə toplamalı və araşdırmalarını məhz öz təcrübələrinə, eləcə də mövzuya olan maraqlarına əsasən aparmalıdırlar. Keçmişdə müəllimlərin daha ağır və çətin şəraitdə işlədiklərini xatırladan rektor hazırda təhsil sahəsində mühüm irəliləyişlərin olduğunu, lakin elm sahəsində hələ də görüləsi işlərin qaldığını bildirib.
Konfransın əsas məruzəçisi, Honkonq Təhsil Universitetinin professoru Yusuf Oldac "Generativ süni intellekt dövründə əhəmiyyətli biliklər istehsal edən ali təhsil sistemlərinin qurulması: inkişaf etməkdə olan dünyadan meyillər və dərslər" mövzusunda təqdimatla çıxış edərək qlobal trendləri diqqətə çatdırıb.
Proqram çərçivəsində paralel elmi sessiyalarla yanaşı, beynəlxalq və yerli ekspertlərin iştirakı ilə iki mühüm panel müzakirəsi təşkil olunub.
ADA Universitetinin professoru Azər Əbizadənin moderatorluğu ilə keçən "ADA Universitetində tədqiqat ekosisteminin yaradılması: gələcəyə doğru addımlara dair düşüncələr" mövzusundakı ilk panel müzakirəsində Kanzas Dövlət Universitetinin dosenti Səbuhi Sərdarlı, Kolumbiya Universitetinin dosenti Cavid Hüseynov, Corc Vaşinqton Universitetinin professoru Sevinc Məmmədova və ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı professor Azər Babayev çıxış edərək öz rəy və təkliflərini bölüşüblər.