26 Yanvar 2023 00:51
575
İQTİSADİYYAT
A- A+

AÇG-nin indi də təbii qaz potensialı öyrənilir

 

"Şahdəniz"də isə yeni ehtiyatların axtarışı davam edir

 

Azərbaycanın böyük qaz ehtiyatlarına malik olması artıq hamıya məlumdur. Bu potensial hələ bir əsr bundan sonra bizi mavi yanacaqla təmin edə, eləcə də bir sıra digər ölkələrin qaz təminatına mühüm dəstək verə bilər.
Azərbaycan qazından söhbət düşəndə təbii ki, ilk növbədə "Şahdəniz"in adı çəkilir. Bu, son onilliklərdə dünyada kəşf olunmuş ən nəhəng karbohidrogen yataqlarından biridir. İlkin hesablamalara görə, bu yatağın 1 trilyon kubmetrdən çox qaz və 2 milyard barel kondensat ehtiyatı var. Ölkəmizin təsdiq edilmiş qaz ehtiyatları isə 2,6 trilyon kubmetrdir. 
"Şahdəniz"in sayəsində Azərbaycan dünyada qaz ixrac edən ölkə kimi tanınıb. "Cənub qaz dəhlizi" kimi bir meqalayihənin ehtiyat mənbəyi də məhz bu yataqdır. 
Təbiət xalqımıza elə zəngin bir sərvət bəxş edib ki, neft yataqlarından eyni zamanda səmt qazı, qaz yataqlarından isə yüksəkkeyfiyyətli neftə bərabər olan kondensat da çıxarılır. Məşhur "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarını götürək. Bu nəhəng neft yataqları blokundan həmçinin səmt qazı əldə olunur. İndiyədək AÇG-dən milyonlarla kubmetr mavi yanacaq hasil edilib ki, onun da böyük hissəsi təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilib. Yəni AÇG-nin səmt qazı Səngəçal terminalından SOCAR-a məxsus kəmərlə "Azəriqaz" sisteminə ötürülür. Qazın qalan hissəsi isə AÇG-də təzyiqi saxlamaq üçün yenidən laylara vurulur. 
Lakin "Azəri-Çıraq-Günəşli"nin mavi yanacaq ehtiyatı bununla bitmir. Blokun dərin qazının olduğu ehtimalı da var. Odur ki, buradakı dərin qaz laylarında  qiymətləndirmə işlərinə başlanıb. Strukturda hazırda istismarda olan neft yataqlarının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusunun qazılması üçün əməliyyatlara start verilib.
Bu barədə AÇG layihəsinin əməliyyatçısı olan bp şirkəti məlumat yayıb. Bildirilib ki, "A22z" adlanan bu quyu "Çıraq" platformasından qazılacaq və mövcud "A22" injektor quyusundan yan lülə vasitəsilə strukturun cənub cinahı ərazisindəki dərin qaz laylarına daxil olacaq. Quyunun ümumi dərinliyinin 4500 metrədək olacağı planlaşdırılır. 
Əgər bütün işlər uğurlu olarsa, quyudan əldə ediləcək məlumat həmin ərazinin strukturu və dərin laylardakı təzyiqlər haqqında anlayışların genişlənməsinə imkan verəcək. Qazma təqribən üç ay çəkəcək. Bundan sonra quyuda geniş karotaj proqramı və təzyiq məlumatlarını qeydə almaq üçün ölçmə cihazlarının quraşdırılması da nəzərdə tutulub. 
"Şahdəniz" yatağında isə yeni kəşfiyyat quyusunun qazılmasına başlanıb. Bunu bp "Şahdəniz" tərəfdaşları adından elan edib. Verilən məlumatda bildirilir ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş çərçivəsində müqavilə sahəsində yeni bir kəşfiyyat quyusunun (SDX-8) qazılmasına start verilib.
SDX-8 quyusu "Heydər Əliyev" adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Qurğu bu quyunun "Şahdəniz" yatağının şərq cinahında yerləşən qazma ərazisinə 2022-ci ilin dekabr ayında gətirilib. Quyunun ümumi dərinliyinin təxminən 7000 metr olacağı nəzərdə tutulur.
İşlərin uğurlu olacağı təqdirdə bu quyu şərq cinahda hazırda istismar edilən məhsuldar layların altındakı daha dərin horizontların qazma xüsusiyyətləri, hasilat imkanları və qaz ehtiyatları potensialı haqqında daha aydın təsəvvür yaradacaq. 
Quyunun qazılması təxminən bir il davam edəcək. Lakin nəticələri qiymətləndirmək məqsədilə lazım ola biləcək sınaq proqramı aparmaq üçün bu müddətin uzadılması da mümkündür. 
Azərbaycan qazına böyük tələbatın yarandığı, ixracın artmasının və şaxələndirilməsinin gündəmə gəldiyi bir zamanda AÇG və "Şahdəniz"də gedən bu işlər mühüm əhəmiyyət kəsb edir. 
Prezident İlham Əliyev ölkəmizin qaz ehtiyatları və onlara artan tələbat məsələsinə bir çox çıxışlarında toxunmuşdur. Dövlət başçısı bu barədə demişdir: "Perspektivli yataqlardan çıxarılacaq qazı həm daxili tələbatı ödəmək üçün, eyni zamanda ixrac üçün də nəzərdə tutmuşuq. Hələ ki, bizim ixrac resurs bazamız "Şahdəniz" yatağıdır. Amma yaxın gələcəkdə "Abşeron", "Şəfəq", "Asiman", "Ümid-Babək" və "Azəri-Çıraq-Günəşli"nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir. Yəni çox böyük resursdur və bütün sadaladığım layihələr üzrə fəal işlər gedir". 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video