İki il ərzində qeydə alınan rekord sayda yoluxma və ölüm hallarından sonra ABŞ iyirmi ildən artıq müddətdən bəri sahib olduğu "qızılcadan azad" statusunu itirib.
Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Panamerika Səhiyyə Təşkilatı (PAHO) müəyyən edib ki, ABŞ-də 12 aydan çox müddət ərzində qızılcanın eyni ştammı fasiləsiz olaraq yayılmaqda davam edib.
PAHO-nun direktoru Dr. Jarbas Barbosa Meksika və Boliviyanın da qızılcanın tam aradan qaldırılması statusunu itirdiyini açıqlayıb. O, regionda xəstəliyin yenidən alovlanmasını davamlı mövcud olan "peyvəndləmə boşluqları" ilə əlaqələndirib.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) peyvəndlərə çıxışı genişləndirmək yolu ilə "qızılcadan azad" statusunu yenidən bərpa etməyə qərarlı olduqlarını bildirib.
ABŞ-də təkcə bu il 5400 qızılca hadisəsi qeydə alınıb və xəstəliklə əlaqəli 10 ölüm halı baş verib. Bu, ölkədə 1990-cı illərdən bəri müşahidə olunan ən yüksək göstəricidir.
Peyvənd ixtira olunmazdan əvvəl xarakterik qırmızı ləkəli səpgilərlə müşayiət olunan qızılca virusu hər il milyonlarla uşağa yoluxurdu. Son dərəcə yoluxucu olan bu virus ölümcül ola bilər. Bəzi xəstələrdə uzunmüddətli fəsadlar, o cümlədən ensefalit və ya immun sistemini sıfırlayan "immun amneziyası" inkişaf edə bilər. Bu hal immun sisteminin yeni infeksiyalara qarşı mübarizə aparmaq qabiliyyətini ciddi şəkildə məhdudlaşdırır.
ABŞ-də 1-6 yaş arası uşaqlara qızılca, parotit və məxmərək əleyhinə iki doza peyvənd vurulması tövsiyə olunur. Bu peyvənd xəstəliyə qarşı 97% qorunma təmin edir.
Ümumdünya Səhiyyə Təşkilatının tərkib hissəsi olan PAHO virusun bir ildən artıq müddət ərzində fasiləsiz yayıldığını müəyyən etdikdən sonra ABŞ-nin "qızılcanın tam aradan qaldırıldığı ölkə" statusunu ləğv edib.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”