05 Aprel 2024 08:00
15825
SİYASƏT
A- A+

ABŞ Azərbaycana söz verdi

 

Rəsmi Bakı Cənubi Qafqazın yeni qarşıdurma məkanına çevrilməsinə imkan verməyəcək

 

Ermənistan hakimiyyətinin yeritdiyi siyasətin bu ölkəni Qərb-Rusiya qarşıdurmasında növbəti hərbi poliqona çevirəcəyi artıq zərrə qədər də şübhə doğurmur. Çünki rəsmi İrəvanın ABŞ və Avropa İttifaqının təhriki ilə Rusiya ilə bağlı əsas  siyasi-hərbi bağlardan imtina edərək Qərbə doğru istiqamət alması başqa cür düşünməyə əsas vermir. Ən azından gözümüzün önündə Ukrayna təcrübəsi var və Rusiyanın öz maraqlarından vaz keçəcəyi inandırıcı görünmür.

 

Qərbin məqsədi Ermənistanı anti-Rusiya avantürasına cəlb etməkdir

 

Aprelin 5-də keçirilməsi nəzərdə tutulan Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasındakı görüşün də əsl məqsədi Ermənistanın Qərbin anti-Rusiya avantürasına cəlb edilməsi və bunun üçün hüquqi əsasların formalaşdırılmasıdır. Ermənistan bu görüşə, orada imzalanması gözlənilən hansısa təhlükəsizlik zəmanəti paktına sadəlövhcəsinə özünün təhlükəsizliyinin təmin olunması prizmasından yanaşsa da, Qərbin  hələ indiyə kimi hansısa dövləti qoruduğunu göstərmək mümkün deyil. Yaxın coğrafiyamızdan da bəlli olduğu kimi, Qərb 2008-ci ildə Gürcüstanı qoruya bilmədi. Ukrayna müharibəsində, bu dövlətin tarixinin ən böyük dağıntılarına məruz qalmasında, xalqının Avropaya pərən-pərən düşməsində isə Qərb məkrinin rolu kifayət qədər böyükdür.
İndi isə İrəvan bu yolu gedir, axmaqcasına Qərbin onu Azərbaycandan qoruyacağına inanır. Əvvəla, Azərbaycan  Ermənistana hücum etmək niyyətində deyil və bu, dəfələrlə tərəfimizdən bəyan olunub. Bununla belə Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında aprelin 5-də keçirilməsi nəzərdə tutulan görüş ərəfəsində Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması müşahidə olunur. Əlbəttə, Azərbaycan bundan narahat deyil. Reallıq da ondan ibarətdir ki, hər bir təxribat Ermənistanın başında çatlayır. Azərbaycan Silahlı Qüvvələri hərbi təxribatın qarşılığında düşmənə dəfələrlə artıq zərbə vurub.

 

ABŞ neoimperialist siyasətini indi də Cənubi Qafqaz regionunda reallaşdırmağa çalışır

 

Ümumiyyətlə, artıq Cənubi Qafqazda yeni bastion və gərginlik mənbəyi yaradılır ki, bunun da arxasında bilavasitə ABŞ dayanır. Belə ki, ABŞ-nin hərbi və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və Vaqner stilində fəaliyyət göstərən bir sıra şirkətlər artıq Ermənistanda təlimlərə başlayıblar. Amma o da məlumdur ki, ABŞ dövlət xətti ilə də Ermənistanda genişmiqyaslı militarizasiya proqramının həyata keçirilməsinə başlayıb. ABŞ-nin hərbi və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və Vaqner stilində fəaliyyət göstərən bir sıra şirkətlər artıq Ermənistanda təlimlər keçirlər. 
Görünən odur ki, ABŞ dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi neoimperialist siyasətini indi də Cənubi Qafqaz regionunda reallaşdırmağa çalışır. Ermənistan ordusunun yenidən qurulması, onun yeni silahlar, hərbi təyinatlı texnologiyalarla təmin olunması qeyd etdiyimiz kimi xoşməramlı sayıla bilməz. Bu, Ermənistanı Azərbaycana, Türkiyəyə, İrana qarşı müharibəyə hazırlamaqdan başqa bir şey deyil. Ermənistanın xüsusi xidmət orqanlarının fəaliyyətinin yenidən təşkili də bu məqsədə xidmət edir.
Ursula fon der Lyayenin simasında Avropa İttifaqının da bu prosesə qoşulması isə kollektiv Qərb tərəfindən Azərbaycana qarşı siyasət yürüdüldüyünü göstərir.
Göründüyü kimi, Qərb Cənubi Qafqazda yaranmış yeni status-kvonu qəbul etmək istəmir və Azərbaycana qarşı əks-strategiya gerçəkləşdirməyə çalışır. 5 aprel görüşü bunun bariz nümunəsidir. Bütün bu proseslərin ABŞ və kollektiv Qərbin gözlədiyi nəticələri verməyəcəyi şübhəsizdir. Bu oyunların sonu Ermənistanın suriyalaşdırılmasına və son nəticədə parçalanmasına gətirib çıxaracaq. Qərb öz maraqları naminə Ukrayna kimi, Ermənistanı da qurban verir.

 

Türkiyə XİN: "Bu təşəbbüs Cənubi Qafqazın geosiyasi çəkişmə meydanına çevrilməsinə zəmin yaradacaq"

 

Qeyd edək bu görüşlə bağlı Rusiya rəsmiləri artıq narahatlıqlarını ifadə ediblər. "İndi üstəlik, Norveç, Kanada və ABŞ-dən olan hərbçilər oraya göndərilir və Avropa İttifaqının missiyası getdikcə Şimali Atlantika Alyansının missiyasına çevrilir", - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında yazıb ki, bu görüşlər Azərbaycanla Ermənistan arasında sülhün nail olunmasına deyil, Cənubi Qafqazda yeni bölücü xətlərin yaradılmasına, region ölkələrinin anti-Rusiya gündəliyinə riayət edilməsinə məcbur etməyə, onların Moskva ilə olan çoxəsrlik əlaqələrinin məhv edilməsinə, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin sarsıdılmasına yönəlib.
Dünən həmçinin Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında bu gün keçiriləcək görüşlə bağlı narahatlığını ifadə edib.
Bəyanatda deyilir: "Azərbaycanın İkinci Qarabağ savaşından sonra işğal altındakı torpaqlarını azad etməsi və Qarabağda 19-20 sentyabr 2023-cü il tarixlərində keçirdiyi antiterror əməliyyatı ilə bütün ölkə torpaqlarında suverenliyini bərpa etməsi nəticəsində regionda daimi sülh və sabitlik üçün tarixi fürsət yaranıb.
Bu tarixi fürsətin uğuruna çox yaxın olduğumuz bir dönəmdə üçüncü tərəflərin, xüsusən də qeyri-regional aktorların prosesə ədalətli və qərəzsiz yanaşması və prosesə zərər vurmamaq üçün ehtiyatla yanaşması daha da vacibdir.
Bu çərçivədə Ermənistan, Aİ və ABŞ arasında  5 aprel 2024-cü il tarixində keçirilməsi planlaşdırılan üçtərəfli görüşün regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan tərəfsizlik yanaşmasını zədələyəcəyini açıq şəkildə ifadə etmək borcumuzdur.
Azərbaycanı istisna edən bu təşəbbüs sülhə xidmət etməkdənsə, Cənubi Qafqazın geosiyasi çəkişmə meydanına çevrilməsinə zəmin yaradacaq.
Üçüncü ölkələrə proses kontekstində atacaqları addımlarda regionun parametrlərini nəzərə almağa və tərəflərə bərabər məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik.
İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu regional rifaha nail olacaq.
Türkiyə həmişə olduğu kimi, bu məsələdə üzərinə düşəni etməyə davam edəcək və Azərbaycanla Ermənistan arasında daimi sülh üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək".

 

Azərbaycan Prezidentinin yüksək qlobal nüfuzunun növbəti təsdiqi 

 

Lakin istənilən halda İrəvanın hərbi ritorikasının artması, Qərbin Ermənistanı yeni avantüraya çəkməsi, ona hansısa vədlər verməsi  Azərbaycanda xoş qarşılanmır və bütün bu məsələlər aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbətində müzakirə olunub. Telefon danışığı ABŞ Dövlət katibinin təşəbbüsü ilə baş tutub. Entoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.
Oncə onu qeyd edək ki, bu telefon danışığı ilk növbədə Prezident İlham Əliyevin yüksək siyasi nüfuzunun göstəricisidir.  ABŞ dünyanın əsas güc mərkəzlərindən biridir. Entoni Blinken isə ABŞ-ni idarə edən siyasi rəhbərlərdən biridir.  Bu  baxımdan ABŞ Dövlət katibinin ölkəmizin  iştirakı olmadan keçirilən bir görüş barədə Azərbaycan Prezidentinə məlumat verməsi, bu görüşün məzmunu ilə bağlı fikirlərini bölüşməsi dövlətimizin başçısına olan böyük ehtiramdan xəbər verir. 
Bütövlükdə, Blinkenin zəngi və vəziyyəti izah etməyə çalışması Prezident İlham Əliyevin qlobal müstəvidə yüksək nüfuzunun və çəkisinin təsdiqidir. Bu zəng həm də sözügedən görüş ərəfəsində Azərbaycanın növbəti siyasi-diplomatik uğuru sayıla bilər. 
Telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.
Entoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. 
Aprelin 4-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen də Prezident İlham Əliyevə zəng edib. Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib. Və bu zəng bir daha Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzundan xəbər verir. 

 

Qərb ona bel bağlayanları heç vaxt axıra kimi müdafiə edə bilmir

 

Prezident İlham Əliyevin qənaətinə görə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq. 
Bəli, istənilən halda Qərbin Ermənistanla bağlı planları bütün region üçün xoşməramlı sayıla bilməz. Çünki əvvəldə qeyd etdiyimiz kimi, Qərbin  planları Rusiyanı Ermənistandan çıxarmaq və bu ölkəni tam şəkildə özünün plasdarmına çevirməkdir. Başqa cür desək, Qərb Rusiyaya qarşı Ukraynadan sonra Cənubi Qafqazda da növbəti  cəbhənin açılmasına çalışır. Müstəqilliyi dövründə regionda Rusiyanın plasdarmı olan Ermənistan isə bu avantüraya canla-başla qoşulur. Əlbəttə, bu, region üçün yaxşı heç nə vəd etmir və Ermənistan bu cür məkrli siyasətlərin alətinə çevrilməklə Cənubi Qafqazda yeni hərbi qarşıdurma fürsətləri yaradır. Əlbəttə ki, Rusiya bununla heç vaxt barışmayacaq və Ermənistan ikinci Ukrayna və ya Suriyaya çevriləcək. Proseslər bu cür cərəyan edərsə, nəticələri də proqnozlaşdırmaq çətin deyil. Yaxın tarixi təcrübə də göstərir ki, Qərb ona bel bağlayanları heç vaxt axıra kimi  müdafiə edə bilmir. 
Azərbaycan isə regionun yeni qarşıdurma məkanına çevrilməsinə qarşıdır. Bu mənada ölkəmizin narahatlığı Ermənistanın Qərb-Rusiya qarşıdurmasını Cənubi Qafqaza gətirməsidir. 
Həm də nəzərə almaq lazımdır ki, ABŞ-də D.Trampın növbəti prezident seçkilərində qalib gəlmək imkanları daha böyükdür və onun xarici siyasət prioritetləri tam fərqlidir. Beləliklə, bu prosesdə və qarşıdurmada uduzan Ermənistan olacaq.

 

İllüziyalar sonunda Ermənistana baha başa gəlib

 

İstənilən halda ABŞ-Avropa-Ermənistan görüşü regiondakı sülh prosesi ilə ziddiyyət təşkil edir. Çünki belə bir görüş  ilk növbədə onu sülh prosesi ilə bağlı müxtəlif manipulyasiyalara həvəsləndirir. Nəzərə alaq ki, Ermənistan hələ ki konstitusion qaydada Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Yəni Azərbaycana qarşı torpaq iddiaları bu ölkənin konstitusiyasında yer alır. Üstəlik, Ermənistan Azərbaycan əraziləri olan kəndləri hələ qaytarmayıb. O cümlədən sərhədlərin müəyyənləşdirilməsi istiqamətində razılıq yoxdur. Avropa İttifaqı və ABŞ-nin hansısa "təhlükəsizlik təminatı" isə Ermənistanın bu məsələlərdə destruktiv mövqe tutmasına səbəb olacaq və bu da yekunda sülh prosesinə zərbə vuracaq. 
Azərbaycan Xarici İşlər Nazirliyindən də bildirildiyi kimi, Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti Aİ və ABŞ bölüşəcəklər.
Tarix isə  sübut edir ki, bu cür illüziyalar sonunda Ermənistana baha başa gəlib.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video