Şəhərimizin küçə və prospektləri, parkları daim abadlaşdırılır, yenilənir, yaşıllıqlar zolağı salınır, yeni ağaclar əkilir. Abadlaşan, yeniləşən parklar, salınan yaşıllıqlar ölkəmizin paytaxtının gözəlliyinə gözəllik qatır. Bu, ruhumuzu oxşayır, könlümüzü açır.
Artıq iki həftəyə yaxındır ki, Bakı şəhərindəki heykəllər üzərində bərpa-təmizləmə və yenilənmə işləri aparılır. Ötən müddət ərzində böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin, tanınmış bəstəkar Qara Qarayevin, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun, görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin heykəlləri üzərində yenilənmə, təmizlənmə işləri başa çatıb. Bərpa işləri aparılan abidələr ilkin vəziyyətinə qaytarılıb.
Bu günlərdə isə "Abidələrə qayğı" - Bakı şəhərində heykəltaraşlıq əsərlərinin təmizlənməsi və abadlaşdırılması layihəsi çərçivəsində növbəti Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin abidəsi üzərində aparılıb. Rixard Zorgenin şərəfinə bu abidə 1981-ci ildə ucaldılmışdır. Abidənin heykəltaraşı Vladimir Siqal, memarları isə Rasim Əliyev, Leonid Pavlov və Y.Dubov olmuşdur. Qəhrəmanın adını daşıyan parkda yerləşən abidə bürünc və qranitdən hazırlanmışdır. Onun quruluşu qeyri-adiliyi ilə diqqət çəkir. Abidə hündür qara qranit pyedestalda, tuncdan və qranitdən hazırlanmış yarımdairəvi formada qurulmuşdur. Abidədə mübariz qəhrəmanın cəsurluq, igidlik yağan çöhrəsi diqqət çəkir. Heykəltaraş kəşfıyyatçının gözlərinə xüsusi diqqət yetirmiş, onu daha da qabartmışdır.
Rixard Zorge XX əsrin ən cəsur kəşfiyyatçılarından biri olmuş, cəsarəti və xüsusi bacarığı ilə faşizm üzərində qələbənin qazanılmasına böyük töhfələr vermişdir. Əfsanəvi kəşfiyyatçı Rixard Zorge 1895-ci ildə Bakıda dünyaya göz açmışdı. Birinci Dünya müharibəsində əvvəlcə Almaniya tərəfdə vuruşmuş, sonra isə sovet kəşfiyyatına işləməyə başlamışdır. Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci Dünya müharibəsindən əvvəl və müharibə dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş Zorgenin ləqəbi "Ramzay" olmuşdur.
Rixard Zorge 1941-ci il oktyabrın 18-də Tokioda həbs olunub. O, 1944-cü il noyabrın 7-də həmin şəhərdə saxlanıldığı həbsxanada asılaraq edam edilmişdir. Həbsxana protokolunda edamın icrası barədə belə yazılmışdır: "Dar ağacından çıxarılandan sonra məhbus Rixard Zorgenin ürəyi 8 dəqiqə döyünüb". Keçmiş SSRİ 1964-cü ilə qədər Zorge adında bir xəfiyyəsinin olduğunu inkar etmişdi. İosif Stalinin almanəsilli xəfiyyəyə olan mənfi münasibəti səbəbindən Zorgenin ölümündən sonrakı 20 ildə belə onun barəsində danışılmamışdı. Amma illər sonra Rixard Zorgenin bacarıqlı kəşfiyyatçı olduğu barədə məlumatlar yayılmışdır.
Bu günlərdə Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin abidəsi üzərində yüksəktəzyiqli su püskürtmə üsulu ilə təmizləmə işləri yekunlaşıb. Qəhrəmanın abidəsi ilkin vəziyyətinə qaytarılıb.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"