28 Sentyabr 2026 10:56
313
CƏMİYYƏT
A- A+
28 Sentyabr Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Günüdür  

28 Sentyabr Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Günüdür  


Ombudsmanın informasiya əldə etmək hüququnun təmin olunmasında rolu


İnformasiya əldə etmək hüququ insan hüquq və azadlıqlarının ayrılmaz tərkib hissəsi olmaqla, şəxslərin öz hüquq və qanuni mənafelərini həyata keçirmək, ictimai həyatda iştirak etmək, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti barədə məlumat almaq hüqunu ehtiva edir. Bu hüququn səmərəli şəkildə həyata keçirilməsi şəxsin məlumat almaq imkanı ilə yanaşı, eyni zamanda ictimai əhəmiyyət kəsb edən informasiyanı qanunvericiliklə müəyyən edilmiş qaydada, müddətdə, dolğun və mümkün qədər əlçatan formada əldə etməsini nəzərdə tutur. 

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən elan edilmiş 28 sentyabr - Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Günü informasiya əldə etmək hüququnun insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olduğunu bir daha önə çəkir. Bu gün həm də şəffaflığın, hesabatlılığın və ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsində informasiya əldə etmək hüququnun roluna diqqətin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

İnformasiya əldə etmək hüququ demokratik cəmiyyətlərdə şəffaflıq, hesabatlılıq və açıq idarəetmə prinsiplərinin təmin edilməsində mühüm rol oynayır. Dövlət orqanlarının və digər informasiya sahiblərinin sərəncamında olan ictimai əhəmiyyətli məlumatların qanunvericiliyə uyğun olaraq açıqlanması və vətəndaşların informasiya sorğularının səmərəli şəkildə cavablandırılması dövlət idarəçiliyində açıqlığın daha da gücləndirilməsinə, ictimai nəzarətin həyata keçirilməsinə və dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinə xidmət edir. Bu baxımdan, informasiya əldə etmək hüququ dövlət orqanlarının fəaliyyətinin ictimaiyyət üçün hesabatlılığını təmin edən mühüm hüquqi mexanizmlərdən biri kimi çıxış edir. 

Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsində hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı təsbit edilmişdir. Bununla yanaşı, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu informasiya əldə etmək hüququnun həyata keçirilməsinin hüquqi, təşkilati və təminat mexanizmlərini müəyyən edir, informasiya sahiblərinin vəzifələrini, informasiya sorğularının icrası qaydalarını və bu hüququn pozulması hallarında hüquqi müdafiə imkanlarını tənzimləyir. 

Rəqəmsal texnologiyaların sürətli inkişafı və süni intellekt əsaslı sistemlərin dövlət idarəçiliyi, müxtəlif xidmətlər və sahələrdə tətbiqinin genişlənməsi insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi baxımından yeni vəzifələr müəyyən edir.. Süni intellekt texnologiyalarından istifadənin genişlənməsi böyük həcmli məlumatların toplanması, sistemləşdirilməsi və emalına imkan yaratmaqla yanaşı, şəxsi məlumatların qorunması, şəxsi həyatın toxunulmazlığı, qərar qəbuletmə proseslərinin şəffaflığı və hüquqi məsuliyyət kimi məsələlərin xüsusi diqqətdə saxlanılmasını zəruri edir.

Qeyd etməliyəm ki, müasir dövrdə süni intellekt texnologiyalarının insan həyatının müxtəlif sahələrinə sürətlə inteqrasiyası və bununla əlaqədar insan hüquq və azadlıqlarının müdafiəsi qarşısında yeni çağırışların yaranması nəzərə alınaraq,  18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilmişdir. Tədbirdə süni intellektin insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqinin vacibliyi, habelə bu sahədə qanunçuluq, hesabatlılıq, bərabərlik və insan ləyaqətinə hörmət prinsiplərinin təmin edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olmuşdur. Bu yanaşma informasiya əldə etmək hüququ baxımından da xüsusi əhəmiyyət daşıyır. 

İnformasiya əldə etmək hüququnun effektiv müdafiəsində Ombudsman təsisatı xüsusi institusional rola malikdir. Ombudsmanın fəaliyyətinin hüquqi əsasını təşkil edən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən, Müvəkkil dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin və onların vəzifəli şəxslərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir. Konstitusiya Qanununun 13-1-ci maddəsi informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxılması ilə bağlı Müvəkkilin səlahiyyətlərini müəyyən edir. Bu səlahiyyətlərin daha səmərəli həyata keçirilməsi məqsədilə Ombudsman Aparatında 2020-ci ildə İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi yaradılmış, şöbənin strukturunda informasiya əldə etmək hüququnun təmini, eləcə də təhlil və monitorinq istiqamətləri üzrə fəaliyyət göstərən sektorlar formalaşdırılmışdır. Şöbənin fəaliyyət istiqamətlərinə informasiya əldə etmək hüququnun pozulması ilə bağlı müraciətlərin araşdırılması, bu sahədə monitorinq və təhlillərin aparılması, hüquqi maarifləndirmənin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun təbliği və təşviqi, müvafiq sahədə beynəlxalq əməkdaşlıq daxildir. 

Müvəkkilin ünvanına daxil olan müraciətlər əsasında informasiya sahiblərinin qanunvericilikdən irəli gələn vəzifələrə riayət olunması vəziyyəti araşdırılır, zəruri hallarda aidiyyəti qurumlardan məlumat və sənədlər tələb edilir, aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülür.

İnformasiya əldə etmək hüququnun pozulması hallarında qanunvericiliklə müəyyən edilmiş məsuliyyət mexanizmlərinin tətbiqi bu hüququn təmin edilməsinin mühüm hüquqi vasitələrindən biridir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin         3 may 2017-ci il tarixli, 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 371-374, 381.2, 381.3 və 554-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar barədə işlər üzrə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili adından inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilir. Nəticə etibarilə, hüquq pozuntusuna yol vermiş informasiya sahibləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyət tədbirlərinin tətbiqi ilə bağlı məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilir. Bu mexanizm informasiya əldə etmək hüququnun pozulması hallarına hüquqi qiymət verilməsinə, informasiya sahiblərinin qanunvericiliklə müəyyən edilmiş vəzifələrinin icrasının təmin edilməsinə və həmin hüququn müdafiəsi üzrə təsirli hüquqi təminatların formalaşdırılmasına xidmət edir. 

İnformasiya əldə etmək hüququ barədə ictimai məlumatlılığın artırılması da Ombudsmanın fəaliyyətinin mühüm istiqamətlərindəndir. Bu məqsədlə ötən bir il ərzində bir sıra dövlət qurumları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan qurumlar, Sosial Xidmətlər Agentliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi, Dövlət Məşğulluq Agentliyi, DOST Agentliyinin vəzifəli şəxsləri üçün maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, Abşeron, Yevlax, Şəki, Şirvan, Xankəndi şəhər və rayonlarında “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlimlər keçirilmişdir. Bununla yanaşı, Ombudsman Aparatı tərəfindən hazırlanmış maarifləndirici materiallar məlumatlılığın artırılması istiqamətində mühüm vasitədir. Xüsusilə qeyd etmək istərdim ki, vətəndaşlar üçün “İnformasiya əldə etmək hüququmuzu bilək!” adlı buklet, informasiya sahibi olan qurumlar üçün “İnformasiya əldə etmək hüququnu təmin edək!” adlı buklet, miqrantlar üçün "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin informasiya əldə etmək hüququ" adlı bukletlər (Azərbaycan, ingilis, rus və Ukrayna dillərində), media subyektləri və jurnalistlər üçün “Media subyektlərinin və jurnalistlərin informasiya əldə etmək hüququ” adlı buklet, "Right of access to information!" adlı broşür və "Implementation of the Law on Access to Information in Azerbaijan: The activities of the Commissioner for Human Rights (Ombudsman) of the Republic of Azerbaijan" adlı buklet hazırlanaraq çap olunmuşdur. Maarifləndirmə materialları geniş milli və beynəlxalq ictimaiyyət arasında yayılmış, həmçinin ölkəmizdə fəaliyyət göstərən 30-dan çox kitabxanalara göndərilmişdir.

Cəmiyyətin informasiya əldə etmək hüququnun məzmunu və onun həyata keçirilməsi mexanizmləri barədə məlumatlılığının artırılması məqsədilə tərəfimizdən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun əsas müddəalarını, informasiya sahiblərinin vəzifələrini, informasiya sorğusunun təqdim edilməsi və icra müddətlərini, habelə informasiya əldə etmək hüququnun pozulması ilə bağlı Ombudsmana müraciət imkanlarını əhatə edən maarifləndirici sosial videoçarx hazırlanmış və müxtəlif televiziya kanallarında yayımlanaraq geniş ictimaiyyətə təqdim edilmişdir. Videoçarxda, həmçinin informasiya əldə etmək hüququnun pozulması hallarında Ombudsmanın qanunvericiliklə müəyyən edilmiş protokol tərtib etmək səlahiyyətinə dair məlumatlara yer verilmişdir.

İnformasiya əldə etmək hüququnun təmin olunması vəziyyətinin öyrənilməsi və bu sahədə qanunvericiliyin təhlili məqsədilə Ombudsman Aparatının aidiyyəti struktur bölməsi tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir, dövlət orqanlarına və digər informasiya sahiblərinə sorğular göndərilir, daxil olmuş cavablar qanunvericiliyin tələbləri baxımından təhlil edilir. Aparılan təhlillərin nəticələri əsasında informasiya əldə etmək hüququnun həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, informasiya sahiblərinin bu sahədə vəzifələrinin daha səmərəli icrasının təmin edilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində müvafiq təklif və tövsiyələr hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilir. 

Bu sahədə fəaliyyətimiz beynəlxalq əməkdaşlıq istiqamətində də davam etdirilir. Azərbaycan Ombudsmanının Beynəlxalq İnformasiya Komissarları Konfransının (ICIC) fəaliyyətində iştirakı informasiya əldə etmək hüququnun müdafiəsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl yanaşmaların müzakirəsi və milli təcrübənin beynəlxalq platformalarda təqdim edilməsi baxımından əhəmiyyətlidir. 2025-ci ildə ICIC tərəfindən hazırlanmış xüsusi buraxılışda informasiya əldə etmək hüququnun təmin edilməsi və bu sahədə hüquqi maarifləndirmə ilə bağlı fəaliyyətimiz də əks etdirilmişdir. Bu il İnformasiya Komissarlarının Beynəlxalq Konfransı (ICIC) çərçivəsində informasiya əldə etmək hüququ ilə bağlı müraciətlərin araşdırılması prosesində süni intellektin tətbiqi, proaktiv şəffaflıq, məxfilik və fərdi məlumatların qorunması istiqamətləri üzrə işçi qruplarının yaradılması və fəaliyyətinin müzakirə olunması məqsədilə keçirilmiş Şəffaflıq və İnformasiya Hüququ üzrə Avropa Şəbəkəsinin (ENTRI) Assambleyasının I onlayn toplantısında Azərbaycanın Ombudsman təsisatının müsbət təcrübələri bölüşülmüş, koordinasiyalı yanaşmanın əhəmiyyəti diqqətə çatdırılmışdır.   

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi şəhərsalma və memarlıq sahəsində həyata keçirilən tədbirlərin, qəbul olunan qərarların və bu sahədə idarəetmə proseslərinin ictimai əhəmiyyətini bir daha ön plana çıxarır. Şəhərsalma siyasəti insanların yaşadığı mühitin formalaşdırılması, yaşayış və ictimai məkanların təşkili, ərazilərdən istifadə, tikinti və yenidənqurma, nəqliyyat və infrastrukturun inkişafı kimi məsələləri əhatə etdiyindən, bu sahədə qəbul edilən qərarlar şəxslərin gündəlik həyatına, mülkiyyət və ondan istifadə hüquqlarına, əlverişli və təhlükəsiz yaşayış mühitinə, eləcə də digər hüquq və qanuni mənafelərinə birbaşa və ya dolayı təsir göstərə bilər. Bu baxımdan, şəhərsalma və memarlıq sahəsində ictimai əhəmiyyətli məlumatların qanunvericiliyin müəyyən etdiyi qaydada əlçatan olması şəffaf və hesabatlı idarəetmənin mühüm şərtlərindən biridir. Şəhərsalma sahəsində informasiya əldə etmək hüququnun təmin olunması yalnız vətəndaşların informasiya sorğularına cavab verilməsi ilə məhdudlaşmamalı, qanunvericiliyə əsasən açıqlanmalı olan ictimai əhəmiyyətli məlumatların informasiya sahibləri tərəfindən əvvəlcədən və əlçatan formada ictimaiyyətə təqdim edilməsini də əhatə etməlidir.

İnformasiya əldə etmək hüququ demokratik və hüquqi dövlətin əsas göstəricilərindən olmaqla, insan hüquq və azadlıqlarının səmərəli həyata keçirilməsinin, ictimai iştirakçılığın və dövlət idarəçiliyində şəffaflıq və hesabatlılığın təmin edilməsinin mühüm hüquqi vasitəsidir. Bu hüququn təmin olunması yalnız şəxsin sorğu əsasında müvafiq informasiyanı əldə edə bilməsi ilə məhdudlaşmır, eyni zamanda, ictimai əhəmiyyətli məlumatların qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında, dolğun, düzgün və əlçatan formada təqdim edilməsi, informasiya sahiblərinin üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməsi və hüquq pozulması hallarında effektiv hüquqi müdafiə mexanizmlərinin mövcudluğu baxımından da mühüm əhəmiyyət daşıyır. 

Müasir rəqəmsal transformasiya şəraitində bu hüququn məzmunu və onun həyata keçirilməsi mexanizmləri yeni çağırışlarla qarşılaşır. Xüsusilə süni intellekt texnologiyalarının dövlət idarəçiliyində və sosial həyatın müxtəlif sahələrində tətbiqinin genişlənməsi informasiya əldə etmək hüququ ilə yanaşı, şəxsi məlumatların və məxfiliyin qorunması, hüquqi məsuliyyət kimi məsələlərin də diqqətdə saxlanılmasını zəruri edir. Bu baxımdan, rəqəmsal mühitdə informasiya əldə etmək hüququnun təmin olunması texnoloji inkişafla insan hüquqlarının müdafiəsi arasında hüquqi balansın qorunmasını tələb edir.

Beləliklə, informasiya əldə etmək hüququ yalnız müəyyən məlumatın əldə olunması imkanını ifadə edən hüquq deyil, həm də şəffaf və hesabatlı idarəetmənin, ictimai iştirakçılığın və digər insan hüquq və azadlıqlarının səmərəli həyata keçirilməsinin mühüm hüquqi təminatıdır. Bu hüququn təmin olunması dövlət orqanlarının fəaliyyətində açıqlıq və hesabatlılığın artırılması ilə yanaşı, şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olan məlumatlara çıxışının təmin edilməsinə, hüquqi məlumatlılığın yüksəldilməsinə və hüquq mədəniyyətinin inkişafına xidmət edir. Bu baxımdan, informasiya əldə etmək hüququnun müdafiəsi və onun həyata keçirilməsi üçün mövcud mexanizmlərin davamlı təkmilləşdirilməsi müasir dövrün mühüm tələblərindən biri olaraq qalmaqdadır.


Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə 

Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vəkillər Kollegiyasının nümayəndə heyəti Polşada beynəlxalq konfransda iştirak edib    

11:47
28 Sentyabr

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

11:45
28 Sentyabr

Son iki gündə 99 cinayətin açılması təmin edilib  

11:43
28 Sentyabr

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər 

11:39
28 Sentyabr

ASCO bərələri ilə avtotexnika daşımaları artıb

11:38
28 Sentyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

11:29
28 Sentyabr

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam  

11:28
28 Sentyabr

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

11:25
28 Sentyabr

Qızıl 107 dollar ucuzlaşıb

11:23
28 Sentyabr

Birjalarda neft bahalaşıb

11:11
28 Sentyabr

28 Sentyabr Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Günüdür  

10:56
28 Sentyabr

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib  

10:37
28 Sentyabr

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub  

10:03
28 Sentyabr

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

09:47
28 Sentyabr

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

09:26
28 Sentyabr

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

07:27
28 Sentyabr

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

07:10
28 Sentyabr

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

22:03
27 Sentyabr

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

20:58
27 Sentyabr

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib

19:59
27 Sentyabr

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

19:52
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!