01 Fevral 2023 03:27
910
SİYASƏT
A- A+

2022-ci il - Möhtəşəm quruculuq dövrü

 

Prezident İlham Əliyev ötən il regionların inkişafı istiqamətində çox mühüm layihələrin açılışını edib, yeni müasir infrastrukturların təməlini qoyub 

 

Yüksək nailiyyətlərlə zəngin olan daha bir ili arxada qoyduq. İqtisadi qüdrəti getdikcə artan Azərbaycan dövləti qlobal postmüharibə dövründə belə heç bir sosial layihəni təxirə salmadı. 
Həmçinin regionların inkişafına dair dövlət proqramında nəzərdə tutulmuş bütün layihələr gerçəkliyə çevrildi və bununla da bir daha təsdiq olundu ki, regionların yüksəlişi ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. 
Prezident İlham Əliyev hər zaman regionların inkişafını diqqətdə saxlayır və bu istiqamətdə dövlət proqramlarının icrası ilə özü maraqlanır, il ərzində gərgin iş qrafiki olsa belə, rayonlara tez-tez səfərlər edir. Bu səfərlər çərçivəsində dövlət başçısı yeni-yeni obyektlərin açılışını edir, bəzilərinin təməlini qoyur və vətəndaşlarla birbaşa ünsiyyətdə olur. Ölkə rəhbərinin indiyədək təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008, 2009-2013, 2014-2018 illər dövlət proqramları uğurla həyata keçirilib. Ötən il görülən işlər və bu il də davam etdiriləcək tədbirlər 2019-2023-cü illəri əhatə edən dövlət proqramı əsasında aparılır.
Dövlət başçısı ötən il ərzində regionlara 30 səfər edib ki, bunlardan 21-i Qarabağ və Şərqi Zəngəzura olub. Bu da onu göstərir ki, müharibədən sonra işğaldan azad olunmuş ərazilərə dövlət başçısının səfərləri müntəzəm xarakter alıb. 2022-ci ildə də işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri sürətlə davam edib. Yeni yollar çəkilib, Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub, yeni mərkəzlər açılıb, yaşayış komplekslərinin əsası qoyulub, mədəniyyət və dini abidələr bərpa edilib. Görülən işlər nəticəsində ötən il Böyük qayıdışın ilk mərhələsi də baş tutub. 

 

Qarabağ və Şərqi Zəngəzura 21 səfər

 

Dövlət başçısı ötən il ərzində dörd dəfə Şuşa şəhərinə, beş dəfə Füzuliyə, iki dəfə Cəbrayıla, iki dəfə Ağdama, iki dəfə Laçına, iki dəfə Zəngilana, Ağcabədiyə, Kəlbəcərə, Qubadlıya və bir dəfə isə Tərtərə səfər edib. Bütün səfərlər isə yeni sosial-iqtisadi obyektlərin açılışları və təməlqoyma mərasimləri ilə yadda qalıb. Şuşaya səfər çərçivəsində ölkə başçısı bir sıra tarixi-memarlıq və dini abidələrin bərpası və konservasiyası, bir sıra obyektlərdə, hoteldə, yaşayış kompleksində gedən işlərlə tanış olub. Dövlət başçısı V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının keçirildiyi zaman və Zəfər Günündə də Şuşada olub. 
Prezident Füzuliyə səfərlərində yeni peşə məktəbinin, xəstəxananın əsasını qoyub, həmçinin yeni çəkilən yolda görülən işlərlə, hərbi hissədəki şəraitlə tanış olub. Ali Baş Komandan Vətən müharibəsinin ikinci ildönümündə Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyaraq şəhidləri anıb. 
May və oktyabr aylarında Cəbrayıla gedən dövlət başçısı yeni yolu istifadəyə verib, həmçinin dəmir yolu xəttinin stansiyalarının, enerji qovşağının, yarımstansiyanın əsasını qoyub. Eyni zamanda Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Mərkəzinin, "Ağıllı Tingçilik" və "Dostluq meşəsi" Kompleksinin təməli qoyulub. Azərbaycan və Türkiyə prezidentləri bununla bağlı keçirilən mərasimdə iştirak edib.
Ölkə rəhbərinin Ağdama səfərləri də bir sıra obyektlərin, mərkəzlərin təməlinin qoyulması ilə yadda qalıb. Bunlardan ən əsası Atçılıq Nəsilartırma Mərkəzi, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin əsasının qoyulması, dəmir yolu və Avtovağzal Kompleksinin, yeni hotelin, yaşayış məhəlləsinin təməlinin qoyulmasıdır. Prezident Ağdamda Xurşidbanu Natəvanın  qəbirüstü abidəsinin açılışını da edib. 
İlham Əliyev Laçına səfəri zamanı isə 2021-ci ildə əsası qoyulan Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olub. Həmçinin yeni inşa edilən tunel, su anbarı layihələri ilə tanış olub.
Dövlət başçısının Zəngilana səfərlərini xatırladığımız zaman, təbii ki, Şərqi Zəngəzurun ilk "hava qapı"sı olan Zəngilan Beynəlxalq Hava Limanının açılışı ilk yerdə durur. Bu aeroportun açılışı Azərbaycan və Türkiyə prezidentlərinin - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə baş tutub. İki qardaş prezidentin iştirakı ilə, həmçinin "Dost Aqropark" "ağıllı kənd" təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışı da olub. Eyni zamanda ötən il Zəngilan şəhərinin Baş planı təqdim olunub, İşğal və Zəfər muzeylərinin, ilk yaşayış binasının, həmçinin məktəbin əsası qoyulub. Zəngilanın Ağalı kəndi həm də Böyük qayıdışın ilk ünvanıdır. Ölkə başçısı ötən il "ağıllı kənd" layihəsinin  birinci mərhələsi üzrə açılışda iştirak edib, növbəti səfərində ağalılılarla görüşüb. 
Ağcabədiyə səfəri çərçivəsində isə yeni yarımstansiya, yol, DİN-in Daxili Qoşunlarının hərbi şəhərciyi istifadəyə verilib. Prezident həmçinin "Ağcabədi taxıl Aqropark"da yaradılan şəraitlə tanış olub. 
İyunun 26-da Kəlbəcərə gedən dövlət başçısı su-elektrik stansiyasının, hərbi hissənin açılışını edib. Eyni zamanda Kəlbəcər şəhərinin Baş planı təqdim olunub, İşğal və Zəfər muzeylərinin, Rəqəmsal İdarəetmə Mərkəzinin, "İstisu" mineral su zavodunun və "İstisu" sanatoriyasının əsasları qoyulub. İlham Əliyev elektrik, su elektrik stansiyaları, avtomobil yolunda görülən işlərlə yerində tanış olub. 
Prezident Qubadlıya səfərində də su anbarları layihələri ilə tanış olub. Eyni zamanda şəhərin Baş planı təqdim olunub, İşğal və Zəfər muzeylərinin, Rəqəmsal İdarəetmə Mərkəzinin və 35 kilovoltluq yarımstansiyanın təməlini qoyub. 
Tərtərə səfərində isə Suqovuşan qəsəbəsində bir sıra obyektlərin əsası qoyulub, açılışları olub. Burada turizm kompleksinin təməlinin qoyulmasında və ilk idman yarışlarının təlim-məşq toplantısında dövlət başçısı iştirak edib. 
2023-cü ildə də Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daxil olan ərazilərdə yenidənqurma və bərpa işləri sürətlə aparılacaq. Prezidentin də dediyi kimi, işğaldan azad edilmiş torpaqlarımızda görülən tədbirlər, həyata keçirilən irihəcmli layihələr, ərazilərin dirçəlişi milli prioritetimizdir. 

 

Regionların sosial-iqtisadi inkişafı prioritetdir

 

Prezident İlham Əliyev 2022-ci il ərzində ümumilikdə Gəncə şəhəri, Göygöl, Qobustan, İsmayıllı, Ağsu, Şəki, Şabran, Oğuz və Abşeron rayonlarına səfərlər edib. Səfərlərin hər biri isə mədəniyyət, turizm, kənd təsərrüfatı, iqtisadiyyatın müxtəlif sahələrinə olan diqqət və qayğını özündə ehtiva edir.
Prezidentin ötən il ilk səfəri Gəncə şəhərinə olub. Yanvarın 30-da Gəncəyə gələn dövlət başçısı Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı "Toçka-U", "Smerç", "SCUD" və digər raket qurğularından endirilən zərbələrə məruz qalmış şəhərdə Gəncə Memorial Kompleksinin təməlini qoyub və kompleksin yaradılacağı ərazi ilə tanış olub. Səfər çərçivəsində İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional "ASAN xidmət" Mərkəzinin açılışlarında iştirak edib, həmçinin Prezidentin iştirakı ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə lokomotiv deposu istismara verilib və Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub.
Ölkə rəhbəri ötən il iki dəfə Abşeron rayonuna səfər edib. Fevral ayında səfəri zamanı Prezident "Qobu" Enerji Qovşağının açılışını edib. Sentyabrdakı səfərində isə Saray qəsəbəsində yeni inşa edilən  2 saylı məktəbdə yaradılan şəraitlə tanış olub.
İyunun 26-da Göygölə səfərində isə iki tunelin açılışını edib. 
Avqustun 12-də Ağsu şəhərinə səfər edən dövlət başçısı Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışını edib. Eyni zamanda "Ağsu Aqropark"ın fəaliyyəti ilə tanış olub. 
Eyni gündə Prezident İlham Əliyev Qobustan və İsmayıllıya da səfər edib. Qobustanda  "Diri Baba" türbəsində aparılan yenidənqurma işlərilə tanış olub, İsmayıllı rayonunda isə "Basqal Resort&Spa" hotelinin açılışını edib, "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə maraqlanıb. Prezident İsmayıllıya səfər zamanı mətbuata verdiyi müsahibəsində bildirib: "Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır". 
Azərbaycanda son illər turizm ilə bağlı  mühüm işlər görülür, turizm sənayesinin inkişafı istiqamətində tədbirlər həyata keçirilir. Dövlət başçısı regionlarda turizmin inkişafına dəstək məqsədilə müxtəlif istirahət mərkəzlərinin, hotellərin əsasını qoyur, həm xarici, həm də yerli turistlərin istirahəti üçün əlverişli şəraitin yaradılması ilə bağlı tapşırıqlarnı verir. 2022-ci ildə də bu istiqamətdə işlər görülüb.
Prezident İlham Əliyev dekabrın 2-də Şəkiyə səfər zamanı Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılmış bərpa işləri ilə tanış olub. Yeri gəlmişkən Prezidentin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Mehriban Əliyevanın nəzarəti ilə bölgələrdə məscidlərin, tarixi abidələrin bərpasına xüsusi önəm verilir. Xan məscidi də belə komplekslərdən biridir. Tarixi məsciddə bərpa işləri 2021-ci ilin may ayından etibarən həyata keçirilib. Fond bərpa işləri ilə yanaşı, qazıntılar zamanı aşkar olunan və Şəki xanı nəslinə aid olduğu ehtimal edilən skelet nümunələri üzrə tədqiqatların aparılmasına da dəstək göstərib.
Məscidin yanında yerləşən qəbiristanlıqdakı əsas 13 qəbir xan nəslinin nümayəndələrinə aiddir. Qəbiristanlıqda yalnız xan nəslinin nümayəndələri dəfn olunduğundan "Xan qəbiristanlığı" adı verilib.  Prezident hər zaman həm islam, həm də digər dinlərə aid, həm də azsaylı xalqların abidələrinə ehtiramla yanaşaraq onlara xüsusi diqqət göstərir. Belə abidələrin qorunması, bərpası üçün tapşırıqlar verir. 
Şəki səfərində dövlət başçısı "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə də tanış olub. Qoruğun ərazisində Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilindəki iki abidənin təmir-bərpa işləri yekunlaşıb. Prezident Oğuz-Şəki yolunun yenidən qurulmasından sonra açılışını edib, Orta Zəyzid kəndində "GreenFactory" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) quru meyvə istehsalı müəssisəsində, Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olub. 
Azərbaycan Prezidentinin Oğuza səfərində isə kiçik su elektrik stansiyaları silsiləsi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib, "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olaraq aqroparkın qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub. Həmçinin aqroparkın  torpaq sahəsini suvarma suyu ilə təmin edən qurğular işə salınıb. 
Dekabrın 29-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda "Şabran" İstirahət Kompleksinin açılışında iştirak ediblər.
Ümumiyyətlə, ölkə rəhbəri neft sahəsi ilə yanaşı dövrün tələblərinə uyğun olaraq qeyri-neft sektoruna, xüsusən kənd təsərrüfatına diqqətin artırılmasının vacibliyini daim vurğulayır. Kənd təsərrüfatı məhsullarına olan tələbatın ölkəmizin istehsalı hesabına təminatı istiqamətində son illər uğurlu addımlar atılır. Belə ki, kənd təsərrüfatı texnikaları təkmilləşdirilir, yeni, müasir avadanlıqlar alınır, fermerlərə dəstək məqsədilə subsidiyalar ayrılır, dövlət tərəfindən onlara lazımi dəstək göstərilir. Elə görülən işlərin nəticəsidir ki, son illərdə ölkəmizdə kənd təsərrüfatı sürətli inkişaf edir. Prezident İlham Əliyev  bölgələrə səfərləri zamanı kənd təsərrüfatının inkişafına yönəlmiş mərkəzlərin təməlini qoyur, açılışını edir. 
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində 2022-ci ilin ölkəmiz üçün uğurlu olacağını dediyini xatırladan Prezident İlham Əliyev qeyd etdi ki, belə də oldu. Dövlət başçısı bildirdi ki, qarşıda duran bütün vəzifələr icra edilib, Azərbaycan daha da güclənib: "Biz ənənəvi olaraq regional inkişaf proqramı ilə ciddi məşğul olmuşuq. Mənim regionlara bu il 30 səfərim olubdur, o cümlədən 21 səfər azad edilmiş torpaqlaradır".
Bölgələrə səfərləri müntəzəm xarakter daşıyan dövlət başçısının da dediyi kimi, vəziyyətlə tanış olması, əlavə göstərişlər verməsi, işlərə birbaşa nəzarəti görülən tədbirlərin vaxtında icrasına imkan verir, həmçinin regionların inkişafını sürətləndirir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video