20 il əvvəl Prezident İlham Əliyev elə bir regional inkişaf proqramlarına başladı ki, bunların sayəsində Azərbaycanın hər bölgəsi, hər kəndi diqqət mərkəzində oldu. Respublikanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilən 4 dövlət proqramı - 2004-2008-ci, 2009-2013-cü, 2014-2018-ci və 2019-2023-cü illəri əhatə edən bu proqramlar artıq başa çatıb.
Bu barədə danışarkən bir vacib məqamı da unutmaq olmaz. Belə ki, bir neçə ildir ölkədə görülən işlər təkcə sonuncu proqramda nəzərdə tutulanlarla məhdudlaşmır. Başqa sözlə, işğal altında olan torpaqlarımızı azad edəndən sonra ölkəmiz üçün daha geniş tikinti-quruculuq meydanı açıldı. Düşmənin xarabalığa çevirdiyi şəhər və kəndlərimizi təzədən tikib-qurmağa başladıq. Bəlkə kimsə güman edə bilərdi ki, əsas gücün Qarabağa və Şərqi Zəngəzura yönəldiyi hazırkı dövrdə digər bölgələrdə görüləcək işlər bir o qədər də diqqət mərkəzində olmayacaq. Lakin dövlətimizin başçısı 44 günlük Vətən müharibəsindəki Zəfərdən az sonra bəyan etdi ki, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması prioritet olsa da, digər bölgələrin də heç biri diqqətdən kənarda qalmayacaq. Bu gün həm işğaldan azad olunmuş ərazilərimizdə gedən geniş quruculuq, həm də respublikanın digər rayonlarında həyata keçirilən layihələr məhz Prezidentimizin sosial-iqtisadi inkişaf strategiyasının bəhrəsidir.
Bir sözlə, ölkənin bütün regionları tarazlı şəkildə inkişaf edir. Dövlət başçısının cari il aprelin 9-da Gəncə şəhərinə, eləcə də Qəbələ və Hacıqabul rayonlarına səfərləri çərçivəsində açılışını etdiyi və təməlini qoyduğu obyektlər də elə bu inkişafın bariz nümunəsi idi. Təkcə bir gündə fəaliyyətinə start verilən və təməl daşı qoyulan obyektlərin özü də ölkədə sosial-iqtisadi istiqamətdə aparılan işlərin hərtərəfli, çoxsahəli və çoxşaxəli olduğunu simvolizə edirdi.
İnkişafın mühüm şərtlərindən biri rahat və müasir yoldur. Regionların inkişafına yönəldilən dövlət proqramları başlanandan ölkədə hər il ən azı min kilometr yol çəkilib, yaxud əsaslı təmir edilib. Vətən müharibəsindəki qələbədən sonra yolların şəbəkəsi daha da genişlənməkdədir. Elə bölgələrə növbəti səfərində Prezident İlham Əliyev Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak etdi. Bu avtomobil yolu Qəbələ rayonunda 17 minə yaxın əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirir. Yol həmçinin bu məntəqələrin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.
Prezident həmin gün daha bir avtomobil yolunun açılışını etdi ki, bu da Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yoludur. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan bu yol isə Hacıqabulun 8 yaşayış məntəqəsini birləşdirir. Yolun uzunluğu 39 kilometrdir.
Hacıqabuldan söz düşmüşkən, qeyd edək ki, rayonda "Agro Dairy" MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi kənd təsərrüfatının inkişafı üçün bir töhfədir. Prezidentə məlumat verilərək qeyd edildi ki, layihə çərçivəsində 2022-ci ildə 2555 hektar sahənin suvarılması təmin olunub. Layihənin gələn il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulur.
Bu gün ölkəmizin prioritetlərindən biri də "yaşıl enerji"dir. Artıq 230 meqavatlıq bir günəş-elektrik stansiyası istifadəyə verilib. Bir neçə layihə uğurla gerçəkləşməkdədir. Bununla belə, ənənəvi enerji sahəsində də yeni obyektlər istifadəyə verilir və Azərbaycanın nurunu artırır. Bunlardan biri Prezidentin Qəbələ rayonunda açılışında iştirak etdiyi 110/35/10 kV-luq "Hacıalılı" elektrik yarımstansiyasıdır.
Qeyd edək ki, Qəbələ elektrik şəbəkəsi ümumilikdə 31 min 502 abonenti əhatə edir. "Azərişıq" ASC tərəfindən rayon ərazisində aparılan yenidənqurma işləri çərçivəsində Qəbələ şəhərinin, 2 qəsəbənin və 13 kəndin elektrik təsərrüfatı yenilənib. İstehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi məqsədilə "Hacıalılı" yarımstansiyasının gücü artırılmaqla müasir tələblərə uyğun yenidən tikilib. Yarımstansiyanın ərazisində Regional Təlim Mərkəzi də inşa edilib.
Sosial obyektlərin sayı ildən-ilə artır. Yeni məktəblər, xəstəxanalar, idman kompleksləri istifadəyə verilir, köhnələr əsaslı təmir olunaraq təzələnir, müasirləşdirilir. Məsələn, tikintisi keçən il sona çatan 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanası. Onun altımərtəbəli əsas binası üç blokdan ibarətdir. Müəssisədə terapiya, uşaq xəstəlikləri, nevrologiya, ümumi cərrahiyyə, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, qəbul, laboratoriya, təcili tibbi yardım, doğum, doğuşdan sonrakı fizioloji şöbələr və hamiləliyin patologiyası şöbəsi də fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu Xəstəliklər Korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsi üçün binalar tikilib.
Prezident İlham Əliyevin Gəncədə təməlini qoyduğu şəhər stadionu və açılışını etdiyi idman sarayı da insanların sağlamlığına, sağlam həyat tərzinə xidmət edəcək. Belə ki, Gəncə şəhər stadionu 60 il əvvəl istismara verilib. Prezidentin 6 oktyabr 2023-cü il tarixli sərəncamına əsasən, stadionun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün maliyyə ayrılıb. Layihələndirmə işləri artıq yekunlaşıb. Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq.
Tikinti işləri bu ilin martında tamamlanan Gəncə İdman Sarayının isə ümumi sahəsi 40 min kvadratmetrə yaxındır. Burada bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. İdman sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a evsahibliyi etməyə hazırlaşdığı bir vaxtda ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə Ekoloji Park Kompleksinin tikilməsi xüsusi önəm kəsb edir. Gəncəyə səfəri zamanı Prezident İlham Əliyevə Ekoloji Park Kompleksində görülən işlər barədə də məlumat verildi.
Ölkəmizin Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan bu kompleks Gəncəçayın sağ sahilində 11 hektar ərazini əhatə edir. Unikallığı, fərqli dizaynı ilə seçilən kompleksdə şəhərin sakinlərinin və turistlərin rahatlığı üçün bütün şərait yaradılır. Hazırda kompleksdə son tamamlama işləri həyata keçirilir.
Söz yox ki, belə bir Ekoloji Park Kompleksi ilin sonunda COP29-da iştirak etmək üçün ölkəmizə gələn qonaqların da zövqünü oxşayacaq və onlara Azərbaycanın ekologiya sahəsində də əldə etdiyi nailiyyətlərdən xəbər verəcək.
Flora SADIQLI,
"Azərbaycan"