Müzəffər Ali Baş Komandan İlham Əliyevlə işğaldan azad edilmiş Ağdam torpağında birinci görüş 28 may 2021-ci ildə oldu.
44 günlük Zəfər müharibəsi yenicə başa çatmış, düşmən kapitulyasiya aktını imzalayaraq təslim olmuşdu.
Ermənistanın özü qarışıq dostları və dəstəkçiləri də məğlubiyyətlə barışmaq istəmirdilər.
Nəyəsə ümid bəsləyib, sanki nəyinsə dəyişəcəyini gözləyirdilər...
Lakin güclü orduya, yeni nəsil silah-sursata, ən müasir taktika və strategiyaya malik Azərbaycan özünə əmin və arxayın vəziyyətdəydi.
Nəyi nə vaxt və necə etməyi yaxşı bilən Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə hərb cəbhəsində deyil, diplomatiya və informasiya müharibəsində də qalib gəldiyindən səbirlə, ardıcıllıqla nəzərdə tutduqlarını zamanında həyata keçirirdi.
HƏLƏ QARŞIDA:
* Ekoloqların və QHT-çilərin etiraz aksiyaları;
* Ölkənin ərazi bütövlüyünün bərpası;
* Dövlət suverenliyinin və Konstitusiya əsaslarının təmin edilməsi;
* Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması kimi heç də sadə və asan olmayan proseslər vardı!
Bütün bu gərginliklərə və çətinliklərə baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir neçə istiqamətdə səmərəli fəaliyyət göstərirdi:
* İşğaldan azad olunan ərazilər minalardan təmizlənir;
* COVID-19-un yaratdığı maneələr dəf olunur;
* Şərti sərhədlərdə müdafiə imkanları genişləndirilir;
* "Böyük qayıdış" Dövlət Proqramının tələblərinə uyğun bərpa və quruculuq işləri sürətləndirilir;
* Keçmiş məcburi köçkünlər isə doğma el-obalarında yeni salınan "smart" tipli yaşayış məntəqələrinə qayıdacaqları günü səbirsizliklə gözləyirdilər;
* "Dəmir yumruq" da hazır vəziyyətə gətirilmişdi.
Dövlət başçısı cənab İlham Əliyevin tapşırığı əsasında ilk olaraq Ağdam şəhərinin yeni baş planı hazırlandı.
Yenə də dövlət başçısının qərarı ilə həmin baş planın təqdimatı mərasimi Ağdamda - əvvəlki Ağdamın izi-tozu belə qalmayan, barbar düşmən tərəfindən yerlə yeksan edilərək xarabalıqlara çevrilən boş bir ərazidə - müvəqqəti olaraq yaradılmış yeni "çadır-salon" da keçirildi.
Mərasimə gedərkən yolboyu ürəksıxan, üzücü mənzərələrlə rastlaşırdıq.
İçimizdə qələbə sevinci, bu fərəhdən doğan bir qürur olduğundan xarabalıqlar əhatəsində özümüzü tox tutmağı bacarırdıq.
Həm də bilirdik ki, tezliklə cənab İlham Əliyev bu xarabalıqları yeni və müasir yaşayış məskənlərindən birinə çevirəcəkdir!
Axı Prezidentimiz həmişə dediyini edir, onun sözü ilə əməli birdir!
Hamı təqdimat yerinə, zəmanəmizin ən böyük sərkərdəsi və dövlət xadimi Müzəffər Ali Baş Komandanla görüşə tələsirdi...
... Çox fərəhli, çox səmimi, mehribanlıqla yoğrulmuş tarixi bir görüş alındı.
Həmin görüşdə bu sətirlərin müəllifinə də çıxış etmək nəsib oldu!
Geri qayıtdıqdan sonra isə yeni təəssüratları yeni bir məqaləyə çevirərək "Azərbaycan" qəzetində dərc etdik.
Həmin çıxış və təəssürat yazısını bir daha diqqətinizə təqdim edirik.
"ELƏ BİR AĞDAM QURACAĞIQ Kİ, BÜTÜN DÜNYA ÜÇÜN ÖRNƏK OLACAQ"
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
Əziz dostlar.
Bu gün Respublika Günüdür. İlk növbədə sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzulayıram.
Görüşümüzün əvvəlində xahiş edirəm ki, İkinci və Birinci Qarabağ müharibələrində Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş planı bu gün təsdiq ediləcək.
Bu baş plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri baş planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək.
Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, Müstəqillik Günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar baş plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.
Mən Ağdam rayonunda işğal dövründə doqquz dəfə olmuşam. Bildiyiniz kimi, şəhər işğal altında olduğu üçün rayonun mərkəzini biz Quzanlı qəsəbəsində müəyyən etdik. Quzanlı və digər kəndlərdə dəfələrlə olmuşam. Bu ərazi ilə bağlı bir çox tədbirlər keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdir. Burada bir çox sosial layihələr icra edildi, bir çox məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edilmişdir və deyə bilərəm ki, ölkə üzrə olan göstəricilərdən daha da yüksək göstəricilər burada var. Qazlaşdırma təxminən 100 faizdir, elektrik enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. Çünki mənfur düşmən bu bölgəni sudan da məhrum etmişdi. Bir sözlə, işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır.
İşğal dövründə Ağdam şəhərinin dağıntılarını, o şəhərin bir hissəsini mən təmas xəttində dəfələrlə olarkən binokl ilə görürdüm. Hər dəfə, bax, təmas xəttində olarkən və bu dağıntıları uzaqdan seyr edərkən öz-özümə deyirdim ki, biz mütləq qayıdacağıq. Nəyin bahasına olursa-olsun, qayıdacağıq. Tarixi ədaləti bərpa edəcəyik. Düşməni torpağımızdan qovacağıq və buna nail olduq.
Çalışırdıq ki, bunu sülh yolu ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora - işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Aqressor təbii olaraq, daha da azğınlaşırdı, daha da qudururdu və bu torpaqları əbədi işğal altında saxlamaq istəyirdi və bu, sirr deyil.
Əgər mən Prezident kimi birinci mərhələdə müəyyən ümidlərlə yaşayırdımsa, son mərhələdə artıq bu ümidlər də aradan qalxdı. Çünki Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Mən bunu açıq-aydın bildirirdim.
Bütün danışıqlar dövrü - 2003-cü ildən son hadisələrə qədər hər zaman Azərbaycan xalqına həqiqətləri çatdırırdım. Hər zaman deyirdim ki, biz heç vaxt bizim torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik.
Deyirdim, məsələnin həlli elə olmalıdır ki, bu, yarımçıq həll olmasın. Məhz buna görə bizim mövqeyimiz bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. Ona görə Ağdam rayonuna binoklla baxarkən, bax, mən bu günü görürdüm və bilirdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi.
Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün.
Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı. Bir daha gördü ki, Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər.
Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik. Ancaq ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Baxın, görün, Ağdam şəhəri yoxdur, yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Onu da mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yəni artilleriya atəşinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər. İndi mən müharibədən sonra Ağdama ikinci dəfə səfər edirəm. Birinci dəfə Ağcabədi istiqamətindən gəldim. Bu dəfə isə Bərdə istiqamətindən gəldim. Hər iki istiqamət üzrə bir neçə müdafiə xətti var, istehkamlar var. Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur. Bunu hansısa yadplanetli, necə deyərlər, ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü. Bunun da bir neçə məqsədi var idi. Birincisi, bizə olan nifrət. İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin.
Ancaq səhv etdilər. Onlar dərk edə bilmədilər ki, bizim üçün, xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Ermənistan isə məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə bura deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Mən maşınla yüz kilometrlərlə torpaqları gəzərkən gördüm ki, sağda-solda hər şey dağıdılıb, talan edilib. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Mən bunu demişəm, bir daha burada Respublika Günündə Ağdam şəhərində demək istəyirəm, bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, bax, ermənilərin aqibətinə bənzər olacaq.
Müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq. Müharibə tarixdir, şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə, heç vaxt Qələbə qazanmazsan. Dırnaqarası "qəhrəman erməni əsgərləri" bizim əsgərlərimizi görərkən müharibənin artıq ikinci mərhələsində silahları yerə qoyub qaçırdılar, bu gün də qaçırlar.
Bu gün əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Mən bunu bir neçə gün bundan əvvəl mayın 10-da Naxçıvanda olarkən demişdim. Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə var, dərhal düşməni yerindəcə məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular. İndi görün, bütün dünya bunlara gülür. Baş nazir bir versiyanı deyir, baş qərargah rəisinin müavini başqa versiya deyir, özü də bir gündə. Bu versiyalar da yalandır. Yəni 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi - əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. İndi görün, necə, hansı rüsvayçı durumdadırlar. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı bir-birinin üstünə atırlar - indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə.
Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir.
Biz isə öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr, - altı ay artıq keçibdir, - bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir.
Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci baş plan artıq təsdiqlənir. İndi Şuşa şəhərinin Baş planı hazırlanır, artıq bir müddətdən sonra təsdiqlənəcək. Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin baş planları üzrə iş gedir. Amma birinci baş plan, bax, burada təsdiqlənəcəkdir. Artıq bir neçə tədbir keçirildi. Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Siz yaxşı bilirsiniz ki, bu məktəbin çox böyük tarixi var, 140 illik tarixi var. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda mənim göstərişimlə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. "İmarət" kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda "İşğal" muzeyi və "Zəfər" muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm "Zəfər", həm "İşğal" muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası "yaşıl enerji" zonası olacaq. Bütün şəhərlər "ağıllı şəhər" konsepsiyası əsasında qurulacaq. Yəni bu gün bu görüşdən sonra birlikdə bizə bu təqdimat göstəriləcəkdir.
Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik. Bir daha dediyim sözlərə qayıtmaq istəyirəm, mən bu 17 il ərzində - 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq.
Bir məqama toxunmaq istəyirəm, bilirəm ki, müharibə dövründə mənim "Twit"lərimi, mənim çıxışlarımı xalqımız səbirsizliklə gözləyirdi. Mən öz çıxışlarımda və bütün "Twitter"imdə də hər zaman həqiqətləri deyirdim və yazırdım. Bir gün fikirləşdim, dedim ki, yəqin, ağdamlılar fikirləşirlər ki, bəs nə üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, nə üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir nə üçün. Çünki əgər biz bu istiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə, biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa - alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik.
Çox güman ki, Ermənistan tərəfi də bunu dərk edib və artıq ağ bayraq qaldırmağa məcbur olub, bizim qarşımızda diz çöküb. Otuz il bizə meydan oxuyan, bizim əsəblərimizlə oynayan, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən diz çökdü bizim qabağımızda, ağ bayraq qaldırdı, təslim oldu və kapitulyasiya aktına imza atdı. Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq.
BU XOŞBƏXTLİYİ BİZƏ SİZ NƏSİB ETMİSİNİZ
MİLLİ MƏCLİSİN DEPUTATI BƏXTİYAR SADIQOVUN ÇIXIŞI
Möhtərəm cənab Prezident, bu gün həyatımızın ən xoşbəxt günlərindən biridir. Yeni Qarabağımızın, yeni Ağdamın təməli qoyulur. Biz də bunun iştirakçısına çevrilmişik.
Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan kimi Siz nəsib etmisiniz.
Bu xoşbəxtliyi təkcə bizə yox, keçmiş məcburi köçkünlərə yox, bütün Azərbaycan xalqına bəxş etmisiniz.
Siz bizim itmiş inamımızı qaytarmısınız.
Bizim ölməkdə olan ümidlərimizi yenidən dirçəltdiniz, yeni həyat verdiniz.
Çox sağ olun, minnətdarıq.
Siz Azərbaycan xalqını dünyaya yenidən qürurlu xalq, döyüşkən xalq, itirilmiş torpaqlarını qaytaran xalq kimi təqdim etdiniz.
Möhtərəm cənab Prezident, 44 günlük Vətən müharibəsində Siz əsl möcüzə yaratdınız, - buna başqa ad vermək mümkün deyil, - bizim hamımızın gördüyümüz və şahidi olduğumuz möcüzə.
Siz yeni ordu qurdunuz, yeni vətənpərvər gənclər nəsli yetirdiniz.
Siz milli birlik yaratdınız.
Siz bu ordumuzu ən yeni silahlarla silahlandırdınız. XXI əsrin müharibəsini apararaq ən yeni taktika və strategiya tətbiq etdiniz.
Bu gün hətta Amerika Birləşmiş Ştatları kimi güc mərkəzi də Sizin taktikanızdan, İkinci Qarabağ müharibəsindəki taktikadan öyrənir və ordusunda dəyişiklik aparır.
Siz "dəmir yumruğ"unuzla düşmənin başını əzdiniz, belini qırdınız.
Siz Ermənistanı təkcə hərb meydanında darmadağın etmədiniz, diplomatiya sahəsində, informasiya müharibəsində də biabırçı məğlubiyyətə uğratdınız.
Siz informasiya müharibəsinin yeganə baş qəhrəmanısınız.
Möhtərəm cənab Prezident, Siz bizi bəxtəvər günlərə, xoşbəxt günlərə gətirmisiniz.
Siz özünüz də xoşbəxt insansınız. Beşəsrlik dövrdə itirilmiş Azərbaycan torpaqlarını geri qaytaran qüdrətli sərkərdəsiniz.
İkiəsrlik Qarabağ münaqişəsini uğurla həll edən Müzəffər Ali Baş Komandansınız.
Müqəddəs ata vəsiyyətini yerinə yetirən xoşbəxt övladsınız.
Azərbaycan xalqını ən ülvi arzusuna çatdıran əsl xilaskarsınız.
Var olun, sağ olun.
Möhtərəm cənab Prezident, Siz bizə demişdiniz ki, bizi Qarabağa qaytaracaqsınız, Ağdama qaytaracaqsınız.
Çox sağ olun, bu gün Ağdamdayıq.
Siz demisiniz, Qarabağı cənnətə çevirəcəyik, bir-birindən gözəl layihələr var.
Bu layihələrin baş müəllifi Sizsiniz. Biz inanırıq ki, tezliklə gözəl Qarabağda asudə, şən yaşayacağıq. Həmişə Sizinlə qürur duyacağıq. Biz Sizinlə fəxr edirik, cənab Prezident. Bayramınız mübarək! Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!
YENİ QARABAĞIN BAŞ QURUCUSU
Həmişə Bakıdan səfərə çıxanda "Ağdama gedirik" desək də, əslində, Ağdamın Quzanlı qəsəbəsinə getmişik...
Bu dəfə isə, həqiqətən, Ağdam şəhərinə gedirdik!
Ulu Tanrıya dua edə-edə...
Bizə bu xoşbəxtliyi nəsib edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkür və minnətdarlıq duyğuları ilə!..
Həm də qeyri-adi bir məramla...
Yeni tikiləcək Ağdam şəhərinin təməlqoyma mərasimində iştirak edəcəkdik!
Bəzən insan uzun illər həsrətini çəkdiyi xoşbəxtliyə qovuşanda səadət duyğularından başı gicəllənir, istəyinə yetdiyinə inanmaqda çətinlik çəkir...
Doğrudanmı biz öz Ağdamımıza gedirik?!
28 il həsrətini çəkdiyimiz, uzaqdan yana-yana, qovrula-qovrula baxdığımız Ağdama!
Hamımıza belə bir hiss hakim kəsilmişdi.
***
Yolboyu sevinc hissi bizi tərk etmirdi.
Mühəndislərin söylədiyi kimi, birinci dərəcəli rahat asfalt yolla maşınımız şütüyürdü.
Pəncərədən isə bizə çoxdan tanış olan, gözümüzün öyrəşdiyi mənzərəni seyr edirdik.
Arabir mobil telefona nəzər salır, yeni baş verən hadisələri də öyrənirdik.
Yenidən tikilib qurulan, öz gözəlliyi ilə turistləri və qonaqları heyran qoyan qədim və gözəl Bakımızı tərk edirik.
Əbəs yerə mayı ayların gözəli saymırlar.
Bu ayda yenidən canlanan təbiət ən gözəl libasını geyinərək bəzənir, ağaclar yaşıl dona bürünür, çöl-çəmən laləzara çevrilir.
Müstəqillik dövründə böyüməyən, genişlənib abadlaşmayan kənd və qəsəbə, rayon mərkəzləri qalmayıb.
Yolboyu onlara fərəhlə, razılıqla tamaşa edirik.
Hamı özünə yeni, yaraşıqlı, hər bir rahatlığı olan ev tikib, güzəran qurub.
Elə kəndlərimiz var ki, insanlarımız ikimərtəbəli evlərlə qane olmayıblar, özlərinə üçmərtəbəli "villa"lar tikdiriblər.
Getdiyimiz yol da, bizi sürətlə aparan "Mersedes" markalı avtobus da, seyr etdiyimiz abad, yaraşıqlı yaşayış məntəqələri də, cibimizdəki mobil telefon da, hətta gözəl Qarabağın azadlığa qovuşması da müstəqilliyimizin bəhrəsidir.
Dövlət müstəqilliyimiz, onun sayəsində təbii sərvətlərimizə sahib çıxmağımız belə bir güzəran qurmağa şərait yaradıb!
Ən əsası dövlətimiz milli maraqları təmin edən uğurlu siyasət yeridib, dövlət başçısı daim vətəndaşlarının yanında olub, onların arzu və istəklərini gerçəkləşdirib.
***
Bəli, müstəqillik gözəl, əvəzsiz nemətdir.
Ancaq onun şirin bəhrəsindən doyunca dada bilməmişdik.
30 il əvvəl özlərini Xalq Cümhuriyyətinin varisləri kimi bu müstəqilliyi Konstitusiya aktı şəklində bəyan edənlər yalnız müstəqil dövlət olduğumuzu ucadan söyləmişdilər.
Vəssalam!
Müstəqil ölkəmizi inkişaf etdirəcək iqtisadiyyatımız, bu respublikanı dünya dövlətləri sırasına çıxaracaq siyasətimiz, yeni dövləti qorumağa qadir ordumuz, ölkə daxilində həmrəylik, barış və intibah yaradan daxili siyasətimiz, gələcəklə bağlı aydın və uzaqgörən proqramlarımız yox idi.
Ölkəyə başçılıq edənlərin bir qismi Azərbaycanın SSRİ tərkibində qalması barədə referendum keçirir, başqa bir qrup hakimiyyət hərisi isə iqtidara gəlmək, şəxsi maraqlarını təmin etmək barədə düşünərək anarxiya və başıpozuqluq yaradırdı.
Sadə xalq isə torpağını necə qoruyacağını, düşməndən nə sayaq müdafiə olunacağını, dərdini kimə deyərək kimdən əlac umacağını kəsdirə bilmirdi...
1918-ci ildə - Xalq Cümhuriyyətinin qurulduğu dövrdə Azərbaycanın torpaqları hesabına özlərinə dövlət yaradan ermənilər isə yaranmış vəziyyətdən istifadə edərək yeni ərazilərimizi ələ keçirmək üçün "miatsum" hərəkatına başlamışdılar.
Onlar havadarlarına arxalanaraq əməli addımlar atırdılar.
Həqiqi rəhbərindən, dünyaşöhrətli siyasətçi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevdən ayrı düşən Azərbaycan xalqı isə bu mürəkkəb situasiyadan qurtulmaq, baş verənlərdən baş açıb kimə güvənəcəyini kəsdirə bilmirdi.
Gözlənilənlər ən pis, ən ağır formada baş verdi: ermənilər nəinki Dağlıq Qarabağı, hətta ətrafındakı 5 rayonu da işğal edərək niyyətlərinə çatdılar!
Xalqın etimadını doğrultmayan, torpaqların müdafiəsini təşkil edə bilməyən, ölkəni Vətəndaş müharibəsi həddinə çatdıran maymaq, qorxaq, səriştəsiz dövlət başçıları isə xalqın əli ilə iqtidardan qovuldular.
Azərbaycan xalqı başqa bir istəyinə qovuşdu:
Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdı.
Ancaq, necə deyərlər, artıq iş-işdən keçmişdi...
Azərbaycan özü boyda problemlərin içində boğulurdu:
* bir miyondan çox qaçqını və məcburi köçkünü yerləşdirmək, onların həyat və yaşayışını qaydaya salmaq;
* müharibədə atəşkəsə nail olaraq yeni ərazilərin işğalına imkan verməmək;
* Vətəndaş müharibəsinin alovlarını söndürmək, əhalidəki külli miqdarda silah-sursatı yığmaq, xaos və anarxiyanın qarşısını almaq;
* bazar iqtisadiyyatına keçidi şərtləndirən zəruri islahatlar aparmaq;
* milli maraqların təmin olunduğu neft müqavilələrini imzalayaraq təbii sərvətlərdən istifadəni qaydaya salmaq;
* yeni iş yerləri yaradaraq xalqın güzəranının yüksəlməsinə nail olmaq;
* müstəqil dövlətçiliyin atributlarını yaratmaqla müstəqil daxili və xarici siyasət yürütmək;
* Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, məsələni sülh yolu ilə nizama salmaq və s. kimi problemlər təxirəsalınmaz həllini gözləyirdi!
Bu qədər problemləri olan dövlətdə müstəqilliyin verdiyi imkanlardan bəhrələnmək mümkün idimi?!
Amma Ulu Öndər Heydər Əliyev mümkün olmayanları da mümkün etdi!
Azərbaycan, sözün həqiqi mənasında, müstəqil xarici siyasət yeritməyə, əsaslı islahatlar keçirərək bazar iqtisadiyyatı prinsipləri ilə fəaliyyət göstərməyə başladı, dünya birliyinin bərabərhüquqlu üzvləri sırasında özünə yer aldı.
Lakin ömür vəfa etmədi, Ulu Öndərimiz Qarabağ probleminin həllini siyasi varisi İlham Əliyevə saxlayaraq: "Mən ona özüm qədər inanıram və əminəm ki, mənim axıra çatdıra bilmədiyim məsələlərin həllinə nail olacaqdır" vəsiyyətini edərək ölməzliyə qovuşdu.
Bir qədər sonra keçiriləcək tarixi və unudulmaz görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyev xilaskarı olduğu Qarabağın baş şəhəri sayılan Ağdamın Baş planının təsdiqlənmə mərasimini niyə məhz 28 maya saldığını söyləyəcəkdi: "Mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, Müstəqillik günüdür".
Sonra bu fikrinə bir qədər də aydınlıq gətirəcəkdi: "Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi".
Hələlik isə keçmiş təmas xəttinə, ömrünü başa vurmuş cəbhə bölgəsinə yaxınlaşırdıq...
İllərlə həsrətini çəkdiyimiz Ağdamla yeni görüşə tələsirdik.
Mənfur düşmənlərimizin Ağdamda törətdikləri vəhşiliklərdən, kənd və qəsəbələri, şəhərləri viran qoyduqlarından, meşələri qırdıqları və təbii sərvətlərimizi talan etdiklərindən, hətta məscid və qəbiristanlıqları belə dağıtdıqlarından yaxşı xəbərdar idik.
Dəfələrlə televiziya ekranlarından bu qandonduran mənzərəni izləmiş, bir qismini gözlərimizlə görmüşdük.
Bəli, düşmən düşməndir.
Amma babalarımız da həmişə qarşılarında mərd düşmən olmasını istəmişlər.
Çünki özləri mərd olmuşlar, insanlarla döyüşmüşlər, qocadan, qadından, uşaqdan, daş-divardan qisas almağı özlərinə sığışdırmamışlar.
***
28 ildən sonra "Dördyol" adlanan ərazidən Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz şücaəti sayəsində düşməndən geri alınan Ağdamın ərazisinə daxil oluruq...
Dərhal əhvali-ruhiyyəmiz dəyişir, içimizə qapılır, keçmiş günləri, qoyub gəldiyimiz Ağdamı yenidən xəyalımızda canlandırırıq.
Yol yoldaşımız olan millət vəkili Aqil Abbasın "Dolu" romanında "Dünyanın ən varlı şəhəri" adlandırdığı Ağdamı...
Əcnəbilər bu mənzərəni atom bombası ilə dağıdılmış Xirosima şəhərinə bənzədirlər...
I Qarabağ müharibəsi dövründə əliyalın Ağdam camaatı və respublikanın hər yerindən onlara köməyə gələn igidlər sovet imperiyası tərəfindən silahlandırılan ermənilərə yaxşı toy tutmuş, ciddi təlafat yaşatmışdılar. Ancaq üstümüzə göndərilən nizami ordu ilə sonadək bacarmamışdılar...
Düşmən isə ağdamlıların hayfını onların məcburiyyət qarşısında tərk etdikləri vətənlərindən, daşından, torpağından, təbiətindən, ev-eşiyindən çıxmışdı...
Əslində, gördüyümüz bu mənzərə faşist Ermənistanı ilə sülhpərvər, multikultural ənənələrə sahib Azərbaycan xalqı arasındakı mahiyyət fərqindən yaranmışdı.
Və bizim bu səfərimizdə həm də düşmənin vandal əməli ilə xalqımızın sülhpərvər niyyətinin müqayisəsini görürdük.
Bu gün Ermənistan acınacaqlı durumdadır!
Döymədikləri qapı, yalvarmadıqları dövlət başçısı, yalamadıqları daban qalmadı.
Amma nə havadarları, nə hələ də arxalarında dayanaraq sözlərini deyənlər onları Müzəffər Ali Baş Komandan İlham Əliyevin müqəddəs qəzəbindən, "dəmir yumruğ"undan xilas edə bildilər!
Ermənistan ordusu döyüş meydanında məhv edildi!
İlham Əliyev onları diplomatiya sahəsində, informasiya müharibəsində də təkbaşına rüsvayçı məğlubiyyətə uğratdı.
Yalnız Azərbaycan rəhbərinin qoyduğu şərtlər yerinə yetirildikdən sonra düşmənə aman verildi, hərbi əməliyyatlar dayandırıldı!
Ermənistan rəhbəri hansısa qaranlıq zirzəmidə gizlənərək kapitulyasiya sənədinə imza atdı!
"Dəmir yumruğ"un zərbəsindən Ermənistan hələ də özünə gələ bilməyib.
Daxili didişmələr, dağılan iqtisadiyyat, aybaay artan xarici borc, əhalinin sürətli miqrasiyası bu dövləti çıxılmaz duruma salıb.
Əslində, Ermənistanı dövlət adlandırmaq da gülünc görünür.
Vassala və forposta çevrilən bu ölkənin sərhədlərini özgə əsgərləri qoruyurlar.
Strateji obyektləri başqalarına satılıb.
Hazırda Azərbaycan ərazisində qoyub getdikləri məğlub əsgərlərinin leşlərini axtarmaq, onları gizlincə dəfn etməklə məşğuldurlar.
Amma yenə də faşist xislətlərindən, qisasçılıq niyyətlərindən əl çəkmək istəmirlər.
Bəli, biz I Qarabağ müharibəsini uduzduq, torpaqlarımızı qoruya bilmədik.
Odur ki, viran qoyulmuş Ağdamın ürəkağrıdan mənzərəsini seyr etmək məcburiyyətindəyik!
Ancaq Tanrı bizə Heydər Əliyev kimi nadir şəxsiyyət, dövlət xadimi qismət etdi, o, bizi toparladı!
Tanrı bizə İlham Əliyev kimi parlaq zəka sahibi, uzaqgörən, qətiyyətli sərkərdə bəxş etdi!
Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Zəfər müharibəsində torpaqlarımızı geriyə qaytardı, murdar düşməndən qisasımızı aldı!
Bu gün də onun qüdrətli "dəmir yumruğ"u hazır vəziyyətdədir!
Düşmən başını qaldıran kimi ilan başıtək əziləcəkdir!
Bəli, biz ümumilikdə iyirmi beş mindən artıq şəhid versək də, torpaqlarımızı qaytardıq, Vətənimizə sahib çıxdıq!
Prezidentimizi sevir, onunla qürur duyur və inanırıq ki, xilaskarı olduğu Qarabağı yenidən tikib-quraraq əsl cənnətə çevirəcəkdir!
Viran qoyulmuş Vətən mənzərəsi bizə nə qədər ağır gəlsə də, inam və təsəllimiz də böyükdür:
* Torpağımıza qayıtmışıq;
* Vətənimizə sahib çıxmışıq;
* Güclü ordumuz və güclü iqtisadiyyatımız var;
* Xalq rəhbərini sevir, onun ətrafında birləşərək bütün problemləri həll etmək iqtidarındadır;
* Sabah bu gündən daha yaxşı, daha firavan olacaqdır!
10 mindən çox itki verən Ermənistanın isə sabahı yoxdur!
Qonşularına qarşı ərazi iddiaları olan, daim başqa dövlətlərin əlində alətə çevrilən, özünə dövlət qurmağa qadir olmayan, ağıllı, hamının qəbul etdiyi rəhbər tapmayan bu faşıst dövlətini hansı aqibət gözlədiyi bəllidir.
Biz şəhidlər və itkilər versək də, məqsədimizə çatdıq və daha heç kəs, heç zaman bizdən torpaq qopara bilməz!
Otuz il Qarabağın xarabalıqlarında dilənçi həyatı sürən, bu gün isə məhv edilmiş orduya, qorxaq fərarilər yığnağına arxalana bilməyən, korrupsioner dövlət başçılarına inanmayan, özgə torpağından birdəfəlik qovulanlar ağır itkilərinə, dövlətsiz qalmalarına, şərəfsiz duruma düşmələrinə görə özləri günahkardırlar.
Artıq biz qisasımızın yeni mərhələsinə qədəm qoyuruq:
* işğaldan azad edilmiş ərazilərin bərpası;
* məcburi köçkünlərin geriyə qaytarılması;
* Qarabağımızın dirçəldilərək cənnətə çevrilməsi mərhələsinə!
***
Ağdamda heç zaman belə möhtəşəm görüş olmamışdır!
Prezidentimizi görən kimi elə bil üstümüzə gün doğdu!
Xalqımızın ümidi, pənahı cənab İlham Əliyev dünyanın hər bir guşəsində, hər bir tədbirdə ən çox arzu edilən və sevilən qonaqdır!
Hər yerdə onu hörmətlə qarşılayır, diqqətlə dinləyir, müdrik fikirlərindən, səmərəli təkliflərindən bəhrələnirlər.
Koronavirus pandemiyası dünya ölkələrini öz qapılarını bağlamaq məcburiyyətində qoysa da, ünsiyyətin yeni forması, videokonfranslar yeni körpülər yaradıb.
Və biz bu yeni formatın mükəmməl nümunələrinin dəfələrlə canlı şahidinə çevrilmişik!
İlham Əliyevlə canlı ünsiyyət isə hər kəsə qismət olan xoşbəxtlik deyil!
Prezidentimizin xoş aurası, sadə və səmimi davranışı, inamlı və qətiyyətli çıxışı bizi özgə bir aləmə apardı!
Viranəliyin şokundan ayılaraq yeni layihələrin yaradacağı xoş mənzərələrin təsiri altına düşdük.
Ağdamın dirçəlişindən danışan Qarabağın xilaskarı İlham Əliyevin hər kəlməsi, hər fikri canımıza yağ kimi yayılırdı.
Çünki deyilənlərin təsdiqini, hər bir məqamın nəzərə alındığını yeni Ağdamın Baş planında aydın görürdük.
Həm də yaxşı bilirik ki, bu planın ideyası dünyanın ən uzaqgörən, ən işıqlı və ən zövqlü zəka sahibi olan cənab İlham Əliyevdən gəlib.
Sözünün sahibi olan cənab İlham Əliyevdən...
Deyir, Allah dərd verəndə, dərman da verir!
Bəli, yurdumuz viran qoyulsa da, onu qısa müddətdə dirçəltməyə qadir Rəhbərimiz, güclü iqtisadiyyatımız, vətənpərvər insanlarımız da var!
Prezidentimiz Ağdamı nəinki ən müasir şəkildə yenidən tikib-qurmaq, üstəlik, düşmən üçün gözdağına çevirmək niyyətindədir!
Odur ki, qarşıya qəti tələb qoyub:
* Hər şeyin yaxşısı Ağdamda olmalıdır!
* Ağdam ən müasir yaşayış məntəqəsinə çevrilməlidir!
* Bütün dünyaya örnək olan Ağdam qurulmalıdır!
* Burada yaşayanlar özlərini rahat və asudə hiss etməlidirlər!
***
İlahi, Ağdamda nələr olmayacaqdır!
Müstəqillik dövründə sərhədlərimiz açılmış, istənilən ölkəyə gediş-gəliş başlamışdır.
Yaranan imkandan bəhrələnənlərimiz, dünyanın ən gözəl guşələrində istirahət edənlərimiz də çoxdur!
Gizlətmirəm, həmişə dünyanın harasındasa gözəl, maraqlı, heyrətamiz bir şey görəndə ürəyimdə paxıllıq da etmişəm:
Bunlardan bizdə niyə yoxdur!
Kiçik bir haşiyə çıxmaq istəyirəm.
1941-1945-ci il müharibəsindən sonra yetmişinci illərə qədər Azərbaycan çox yoxsul yaşayırdı (əslində, bütün SSRİ bu gündə idi). Əllinci illərdə evlərdə ağ nöyüt lampası yandırılar, ağ nöyütlə işləyən "maşınka"larda çay qaynadılar, xörək bişirilər, otaqlar isidilərdi.
Hələ nə Mingəçevir Su-Elektrik Stansiyası vardı, nə kifayət qədər maşın, mexanizm.
Ağdam bazarında ağ neft də satılırdı.
Ağdamlı dəmirçilərin ağ dəmirdən düzəltdikləri 20 litrlik neft qabları dəbdə idi.
Bazarda xüsusi hamballar da vardı. Həmin qabları ağ nöyütlə doldurduqdan sonra arxalarına yükləyər, müəyyən haqq məbləğində evə gətirməyə kömək edərdilər.
Bir qədər imkanlılar nöyüt alanda bazarlıq da edər, sonra bazarın qabağında "xaltura" üçün dayanan eşşək arabalarına yükləyərək fəxrlə yanınca gedər, dolu zənbilin aşıb dağılmamasına "nəzarət" edərdilər.
Sonra bu eşşək arabalarının yerini "Molotov moskviçləri" , "Zimbalalar", daha sonra "Qaz-21" və "Qaz-24" "Volqa"ları tutdu!
Son dövrlərdə isə "VAZ-2106"lar dəbə minmişdi.
Yeni salınan Ağdamda isə tramvaylar, həm də ən müasirləri, elektriklə işləyən təkərsiz tramvaylar cövlan edəcəkdir!
Ağdam şəhərinə içməli su Qaraqaya adlanan yerdən gətirilərdi.
Əhaliyə çatmazdı.
Hər məhəllədə bir ya bir neçə su kranı qoyulardı.
İnsanlar əllərində vedrə növbəyə duraraq evlərinə su daşıyardılar!
Yeni Ağdamda motorlu qayıqların üzə biləcəyi 2 kilometrlik kanal olacaqdır!
İnsanların dincəlməsi, zövq alması üçün göl yaradılacaq, şəlalə gurlayacaqdır.
79 kilometrlik velosiped yolu çəkiləcəkdir.
Ağdamın öz dağüstü parkı, cürbəcür karuselləri olacaqdır.
Yeni Qarabağ qəbiristanlığı salınacaqdır.
Şəhərin yeni Baş planının bütün elementlərini sadalamaq niyyətində deyiləm.
Sadəcə, əvvəlki Ağdamla yeni Ağdamın fərqini nəzərə çatdırmaq istəyirəm.
Təqdimetmə mərasimində hər bir ideyanın Prezidentimizə məxsus olduğunun, hər bir layihənin onun tapşırığı və nəzarəti altında həyata keçirildiyinin şahidinə çevrildik.
Baş planla tanışlıqdan sonra Ağdamın xarabalıqlarını unutduq, bədbin ovqatdan qurtulduq.
Buna həm də İlham Əliyevin sadə, səmimi davranışları, isti, xoş münasibəti səbəb oldu!
Prezidentimiz hər birimizlə şəkil də çəkdirdi!
Uzun müddət Ağdam itkisi, Ağdam nisgili, Ağdam ayrılığı bizi sıxıb, əzib hərdən isə ümidsiz duruma salıb.
İndi yeni Ağdamın təməlini qoyanlardan biri olduğuma görə özümü hədsiz dərəcədə xoşbəxt sanıram!
Bu xoşbəxtlik duyğularını bizə yaşadan, Ağdamımızı, bütün Qarabağımızı bizə qaytaran xalqımızın xilaskar oğlu, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir!
* Beş əsr ərzində itirilmiş torpaqları geri qaytaran qüdrətli Sərkərdə İlham Əliyev!
* İkiəsrlik Qarabağ münaqişəsinə uğurla birdəfəlik son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyev!
* Müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən İlham Əliyev!
* Azərbaycan xalqını ən böyük arzusuna çatdıran Xilaskar İlham Əliyev!
***
Şükür Tanrımıza!
Dünən Ulu Öndərimizlə fəxr edirdik!
Bu gün isə Prezidentimiz İlham Əliyevlə qürur duyuruq!
Allah bu xoşbəxtliyi, bu xoş günləri bizə çox görməsin!
Bəxtiyar SADIQOV
"Azərbaycan" qəzeti, 1 iyun 2021-ci il