13 Avqust 2026 15:25
2156
SİYASƏT
A- A+
İlham Əliyev Zəngəzur dəhlizinin təşəbbüskarıdır 

İlham Əliyev Zəngəzur dəhlizinin təşəbbüskarıdır 


Bu layihənin reallaşması regionda çoxtərəfli iqtisadi inteqrasiyanın bünövrəsini qoyacaq və dayanıqlı sülhü təmin edəcək


Cənubi Qafqazın siyasi və iqtisadi mənzərəsində baş verən dəyişiklik regionun nəqliyyat xəritəsini kökündən yeniləyir. Nəqliyyat dəhlizlərinin qlobal miqyasda yenidən qurulduğu, alternativ ticarət yollarına tələbatın sürətlə artdığı müasir dövrdə Azərbaycan həyata keçirdiyi uzaqgörən siyasi kursla bu dəyişikliyin mərkəzində dayanır. Bu xəttin real müstəvidə təzahürü strateji layihələrin reallaşdırılması istiqamətində atılan addımlarda özünü göstərir. 

Azərbaycanın geostrateji mövqeyinin gücləndirilməsi daxili bölgələrin, xüsusilə də Naxçıvanın strateji imkanlarının tam reallaşdırılması ilə sıx bağlıdır. Regionda reallaşdırılan irimiqyaslı layihələr muxtar respublikanın həm iqtisadi, həm də logistik baxımdan yeni mərhələyə keçməsini zəruri edir. Bu kontekstdə avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri bölgənin hərtərəfli inkişafında müstəsna əhəmiyyətə malik yeni mərhələnin əsasını qoydu. Dövlətimizin başçısının Naxçıvana budəfəki səfəri yalnız bir sıra sənaye, nəqliyyat, şəhərsalma və sosial obyektlərin açılışı kimi deyil, muxtar respublikanın inkişaf çərçivəsinin müəyyənləşdirilməsi baxımından mühüm tarixi hadisəyə çevrildi. Səfər zamanı verilən tapşırıqlar, qəbul edilən qərarlar bir daha sübut etdi ki, Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı və müdafiə potensialının ən müasir texnikalarla, yeni komando qüvvələri ilə gücləndirilməsi dövlətimizin əsas prioritetlərindəndir. 

Səfərin önəmli məqamlarından biri dövlətimizin başçısının Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə və Zəngəzur dəhlizi ilə bağlı mesajlar oldu. Prezident İlham Əliyev müsahibədə Zəngəzur dəhlizini, sadəcə, nəqliyyat xətti kimi deyil, Naxçıvanın təhlükəsizliyini, iqtisadi dirçəlişini, enerji ixracını və Azərbaycanın qlobal logistika strategiyasını özündə birləşdirən çoxşaxəli layihə kimi təqdim etdi. Dövlətimizin başçısı vurğuladı ki, Bakı üçün Zəngəzur dəhlizi hər şeydən əvvəl kommunikasiya bağlantısının bərpası, daha sonra isə beynəlxalq nəqliyyat magistralına çevrilmə layihəsidir. Prezident İlham Əliyev müsahibəsində dəhlizin gündəmə gətirilməsində Azərbaycanın qətiyyətli mövqeyini xüsusi vurğulayıb: "Zəngəzur dəhlizinin yaradılması, bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq". 

Milli hədəflərdən olan bu proses zaman keçdikcə beynəlxalq müstəviyə çıxaraq qlobal güclərin də diqqət mərkəzinə düşüb. Ermənistanın müxtəlif bəhanələrlə prosesi tormozlamaq cəhdlərinə baxmayaraq, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən tarixi görüş bu məsələdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Artıq Zəngəzur dəhlizi, yaxud digər adı ilə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) təkcə iki ölkə arasındakı münasibətlərin mövzusu deyil, ABŞ-nin də dəstəklədiyi genişmiqyaslı geosiyasi və logistik layihə kimi qəbul edilir. Dövlətimizin başçısı müsahibədə bu məqama diqqət çəkib: "TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək".

Siyasi baxımdan Zəngəzur dəhlizinin reallaşması regionda dayanıqlı sülhün, təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın bərqərar olması üçün mühüm platformadır. Bu layihə təkcə bilavasitə marşrut üzərində yerləşən dövlətlərin deyil, geniş coğrafiyada yerləşən bütün regional ölkələrin uzunmüddətli iqtisadi və strateji maraqlarına tam cavab verir. Nəqliyyat və logistika imkanlarının şaxələndirilməsi region xalqları arasında ticarət dövriyyəsini artırmaqla yanaşı, diplomatik münasibətlərin də konstruktiv müstəvidə inkişafına güclü təkandır. Qarşılıqlı iqtisadi asılılığın və birgə maraqların yaratdığı bu yeni regional model Cənubi Qafqazda münaqişə risklərini minimuma endirir, eskalasiya ehtimallarını neytrallaşdırır və beləliklə, gələcək nəsillər üçün uzunmüddətli sabitlik, təhlükəsizlik və tərəqqi mühitini təmin edir. 

Vacib məqamlardan biri Zəngəzur dəhlizinin multimodal xarakter daşımasıdır. Yəni söhbət yalnız avtomobil və ya dəmir yolundan getmir, eyni zamanda yüksək gərginlikli elektrik xətlərinin, fiber-optik rabitə kanallarının və digər kommunikasiya infrastrukturunun bu marşrut boyunca çəkilməsi nəzərdə tutulur. Bu isə "dəhliz" anlayışını daha geniş nəqliyyat-enerji platforması səviyyəsinə qaldırır. Xüsusilə dəmir yolu şəbəkəsinin yenidən qurulması və ötürücülük qabiliyyətinin artırılması iqtisadi səmərəliliyin əsas göstəricisidir. Əgər əvvəllər mövcud infrastrukturun imkanları məhdud idisə, indi qarşıya qoyulan hədəflər tamamilə fərqli miqyasdan xəbər verir. Bu infrastruktur hədəflərinə toxunan Prezident İlham Əliyev qeyd etmişdir: "Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin. Onun üçün bu gün mövcud olan dəmir yolu yenidən qurulmalıdır, reabilitasiya edilməlidir". 

Naxçıvan dəmir yolunun müasir standartlara uyğun bərpası muxtar respublikanın tranzit potensialını bir neçə dəfə artıracaq. Layihənin iqtisadi rentabelliyi onun qlobal nəqliyyat qovşaqlarına inteqrasiya olunması ilə ölçülür. Zəngəzur dəhlizi yalnız "Şərq-Qərb" marşrutunun, yəni Mərkəzi Asiya, Çin, Azərbaycan, Türkiyə və Avropa xəttinin mühüm halqası olmaqla kifayətlənməyəcək, eyni zamanda "Şimal-Cənub" nəqliyyat dəhlizinə tam inteqrasiya olunacaq. Zəngəzur istiqamətindən Naxçıvana daxil olan yük axınları Culfa dəmir yolu məntəqəsi vasitəsilə İrana, oradan isə Fars körfəzinə və Cənubi Asiyaya çıxış əldə edəcək. Bu, Azərbaycanın İranla ikinci dəmir yolu bağlantısını formalaşdıracaq və yüklərin daha tez və ucuz daşınmasına şərait yaradacaq.

Prezident İlham Əliyev bu strateji qovşağın coğrafi əhatəsini və Naxçıvanın mərkəzi rolunu belə izah edib: "Qeyd etdiyim kimi, bu, "Şərq-Qərb" nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda "Şimal-Cənub" nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün "Şimal-Cənub" nəqliyyat dəhlizi deyəndə, adətən, Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt, İran ərazisində layihə nəzərdə tutulur. Layihənin icrası, bildiyimə görə, ya başlayıb, ya da başlayacaq. Hər halda, Azərbaycan ərazisində bu layihə hazırdır. Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. "Şimal-Cənub" nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır". 

Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşən Naxçıvanın unikal coğrafi mövqeyi ona təxminən 200 milyonluq böyük bir regional bazara birbaşa çıxış imkanı verir. İndiyədək regiondan keçən yük axınlarının əsasən bir istiqamətə yönəldiyini nəzərə alsaq, Naxçıvan üzərindən açılan yeni xətlər qlobal ticarət üçün əvəz-olunmaz alternativə çevrilir. Avropa ilə Asiya arasında illik ticarət dövriyyəsinin və yükdaşımaların dəyərinin yüz milyardlarla dollar həcmində artması Orta dəhlizə və ona inteqrasiya olunan Zəngəzur marşrutuna xüsusi önəm qazandırır. Bu nəhəng ticarət axınlarının bir hissəsinin Naxçıvandan keçməsi regional iqtisadiyyat üçün geniş imkanlar deməkdir.

İqtisadi dividend yalnız yüklərin fiziki olaraq muxtar respublikadan keçməsi ilə bitmir. Məqsəd tranzit hərəkətini daxili iqtisadi dinamikaya çevirməkdir. Yük axınlarının artması Naxçıvanda anbar, çeşidləmə, gömrük, logistika, sığorta və texniki xidmət sahələrinin sürətli inkişafına təkan verəcək. Bunun üçün nəqliyyat magistralı boyunca istehsal müəssisələrinin, yeni sənaye parklarının və logistik mərkəzlərin qurulması nəzərdə tutulur. Tranzitlə başlayan iqtisadi dövriyyə Naxçıvanda yeni iş yerlərinin açılmasına, xammalın əlavə dəyərli məhsula çevrilməsinə və yerli əhalinin rifahının yüksəlməsinə xidmət edəcək. 

Zəngəzur dəhlizinin strateji əhəmiyyətini tamamlayan mühüm istiqamətlərdən biri də onun "yaşıl enerji" və rəqəmsal kommunikasiya mərkəzi kimi formalaşmasıdır. Günəş və külək enerjisi potensialı zəngin olan Naxçıvan yaxın gələcəkdə irimiqyaslı "yaşıl enerji" istehsalçısına çevriləcək. Dəhliz boyunca çəkiləcək yüksək gərginlikli elektrik xətləri Naxçıvanda istehsal olunan bərpaolunan enerjinin Azərbaycanın əsas enerji şəbəkəsinə, eləcə də Türkiyə üzərindən Avropa bazarlarına ixracına imkan yaradacaq. Eyni zamanda layihə çərçivəsində çəkilməsi planlaşdırılan fiber-optik rabitə xətləri Asiya ilə Avropa arasında ən qısa rəqəmsal data marşrutunu formalaşdıraraq Naxçıvanı regional rəqəmsal mərkəzə çevirəcək. 

Bundan əlavə, dəhlizin fəaliyyətə başlaması regionda humanitar, sosial və turizm əlaqələrinin də inkişafına ciddi təkan verəcək. Blokadanın tam aradan qalxması ilə Naxçıvanın zəngin mədəni-tarixi irsi, müalicəvi turizm mərkəzləri və ekoloji turizm potensialı beynəlxalq ziyarətçilər üçün daha əlçatan olacaq, bu da xidmət sektorunun şaxələnməsini təmin edəcək. 

Yekun olaraq qeyd etmək olar ki, Zəngəzur dəhlizi çoxdankı arzumuzun gerçəkləşməsi ilə yanaşı, Avrasiya məkanında sülhün, sabitliyin, iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı zəmanətinə çevriləcək. Bu dəhliz regional nəqliyyat, "yaşıl enerji", rəqəmsal texnologiyalar və ticarət axınlarının kəsişdiyi strateji mərkəz olaraq Azərbaycanın qlobal geoiqtisadi mövqeyini daha da möhkəmləndirəcək. 


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!