Xankəndidə seçki hazırlığı davam edir
Respublikamız mühüm siyasi hadisə ərəfəsindədir. Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Hazırda ölkə üzrə bütün seçki dairələrində seçkiyə hazırlıq işləri davam edir, deputatlığa namizədlər özlərinin təşviqatı ilə məşğuldurlar.
Namizədlər üçün bərabər imkanlar yaradılıb
Ötən ilin sentyabr ayında erməni separatizminin əsarətindən xilas edilən Xankəndi şəhəri də seçkiyə hazırlaşır. Bu, müstəqilliyimiz dövründə birbaşa Xankəndinin özündə təşkil edilən ikinci seçki olacaq. İlk seçki 2024-cü ilin fevralında keçirilən növbədənkənar prezident seçkiləri olub. Tariximizə Zəfər seçkisi kimi həkk olunan həmin seçkilərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri 122 saylı seçki dairəsinin Xankəndi şəhərindəki 14 saylı seçki məntəqəsində səs veriblər.
Qarşıdan gələn parlament seçkilərinə hazırlıq prosesinin davam etdiyi bir ərəfədə Xankəndi şəhərinə gedərək 122 saylı seçki dairəsi üzrə seçkiyə hazırlığın gedişatı ilə maraqlandıq. Qeyd edək ki, bu seçki dairəsinin hüdudları çərçivəsində 15 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdən ikisi - 14 və 15 saylı seçki məntəqələri işğaldan azad edilmiş ərazilərdə yerləşir. 14 saylı seçki məntəqəsi Xankəndi şəhərini əhatə edir. 15 saylı seçki məntəqəsi isə Kərkicahan qəsəbəsindəki orta məktəb binasında yerləşir.
Xankəndidə olarkən hər iki seçki məntəqəsində seçkiyə hazırlıq işlərinin aparıldığını müşahidə etdik. 122 saylı Xankəndi Dairə Seçki Komissiyasının sədri Ağalar Əliyevin sözlərinə görə, seçki məntəqələri Mərkəzi Seçki Komissiyası tərəfindən lazımi avadanlıqlarla, o cümlədən texniki vasitələrlə təmin olunub. Onların fasiləsiz elektrik enerjisi, telefon və internetlə təmin olunması xüsusi diqqət mərkəzindədir.
Onu da öyrəndik ki, məntəqə seçki komissiyalarının sədrlərinin və üzvlərinin maarifləndirilməsi üçün MSK tərəfindən treninqlər keçirilir, seçkilərə hazırlıq və səsvermə günü görüləcək işlər onlara izah edilir. Bu treninqlər komissiya üzvlərinin seçki təcrübəsinin artırılmasında mühüm əhəmyyət kəsb edir. Məntəqə seçki komissiyalarının üzvlərinin müxtəlif partiyaları təmsil etmələri isə respublikamızdakı demokratiyanın göstəricisidir.
Namizədlərə gəldikdə, DSK sədri bildirdi ki, seçki marafonunda 122 saylı Xankəndi seçki dairəsində 7 nəfər Milli Məclisə deputat seçilmək uğrunda mübarizə aparır. Onlardan 2-nin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb. 5 namizəd isə namizədliyini müstəqil şəkildə verib. Namizədlər artıq təşviqat prosesinə başlayıblar. Onların seçicilərlə görüşü üçün Xankəndi şəhərində açıq və qapalı yerlər müəyyən olunub. Bütün seçki məntəqələrinin qarşısında təşviqat lövhələri quraşdırılıb. Hər bir namizədin təşviqatla məşğul ola bilməsi üçün bərabər imkanlar təmin edilib.
Qarabağdakı seçkilər erməni separatizminə son qoyulduğunu dünyaya bəyan edir
Bir vaxtlar 122 saylı seçki dairəsi üzrə seçkilər respublikamızın müxtəlif bölgələrində keçirilirdi. Torpaqlarımızın işğaldan azad edilməsindən və erməni separatizminə son qoyulmasından sonra isə Qarabağ torpaqları aid olduğu dövlətin və xalqın seçkilərinə evsahibliyi edir. Əlbəttə, işğaldan azad edilmiş ərazilərimizə qayıdan vətəndaşlarımızın sayı artdıqca Qarabağ və Şərqi Zəngəzurdakı seçki məntəqələrinin də sayı çoxalacaq.
Bununla bağlı qəzetimizə danışan 122 saylı Xankəndi dairə seçki komissiyasının sədri Ağalar Əliyev bildirdi ki, bir vaxtlar ən böyük arzumuz torpaqlarımızın azad edilməsi idi: "Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bizi bu arzuya qovuşdurdu. Buna görə mən bir şuşalı kimi, hər zaman dövlətimizin başçısına minnətdar olacağam. Məhz İlham Əliyevin sayəsində biz Qarabağa, Şərqi Zəngəzura qayıtdıq. Bu gün isə dövlətimiz azad edilmiş ərazilərimizi əzmlə qurur, bərpa edir, ona ikinci həyat verir.
Bu baxımdan azadlığa qovuşmuş ərazilərdə keçirilən seçkilər də respublikamızın demokratik inkişafı ilə yanaşı, xalqımızın Vətən müharibəsindəki qələbəsini və Qarabağda erməni separatizminə son qoyulduğunu bütün dünyaya bəyan edir. Bu seçkilərin timsalında dünya Azərbaycanı daha yaxından tanıyır və ermənilərin Qarabağla bağlı iddialarının saxta olduğunu öyrənir".
Həm 122 saylı seçki dairəsindən, həm Xankəndi şəhərindən xoş təəssüratlarla ayrılırıq. Onu da qeyd edək ki, ötən ilin sentyabrında separatçılardan azad edilən Xankəndi Azərbaycan şəhəri kimi özünün tarixi simasını özünə qaytarır. Şəhərdə respublikamızın bütün dövlət orqanlarının fəaliyyəti təmin edilib, mükəmməl xidmət sahələri və infrastruktur yaradılıb.
Xankəndidə seçki məntəqələrindəki müşahidələrimiz burada parlament seçkilərinə hazırlıq işlərinin, bütövlükdə seçki prosesinin Mərkəzi Seçki Komissiyasının Təqvim Planına uyğun davam etdiyini təsdiq edir. Beləliklə, bu seçki bir daha Azərbaycanın demokratik inkişafının təcəssümünə çevriləcək və tarixə ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti təsbiti kimi həkk olunacaq.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Bakı-Xankəndi-Bakı