Yanvarın 22-də İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində Müdafiə Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, qazilər, məktəblilər iştirak ediblər. Əvvəlcə şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.
Tədbirdə çıxış edənlər Vətən müharibəsi zamanı 44 gün ərzində Azərbaycan Ordusunun keçdiyi Zəfər yolundan bəhs edib, Elvin Şükürlü kimi qəhrəman oğulların cəsarəti və misilsiz şücaəti sayəsində ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdırıblar. Xalqımızın şəhidləri heç zaman unutmayacağı, onların şərəfli döyüş və həyat yolunu nəsillərdən-nəsillərə örnək kimi çatdıracağı vurğulanıb.
Sonra 221 saylı məktəbdə şəhidin adını daşıyan sinfin şagirdləri şeirlər səsləndiriblər.
Şəhidin qardaşı kapitan Elnur Şükürlü AZƏRTAC-a müsahibəsində deyib: “Elvinlə bir yerdə döyüşmüşük. Uşaqlıqdan şəhid olduğu dövrə qədər, 23 yaşına kimi vaxtımızı bir yerdə keçirmişik. O, şəhidlik kimi uca zirvəni fəth etməzdən əvvəl də yüksək insani keyfiyyətləri və düşüncələri ilə fərqlənirdi. Hər zaman ön cəbhədə xidmət etməyə can atırdı. İkimiz də ön cəbhədə Vətən keşiyində dururduq. Hər dəfə atəşkəs pozulanda və ya hansısa təxribata qarşılıq vermək tapşırığı alanda bir-birimizlə əlaqə saxlayır və valideynlərimizi bir-birimizə tapşırırdıq. Ən son 2020-ci il sentyabrın 26-da əlaqə saxladıq və hər zamankı kimi halallaşdıq. Elvin sentyabrın 28-də Kəlbəcər - Murovdağ istiqamətində Üçtəpələr postunun azad edilməsində xüsusi şücaət göstərib. Təəssüf ki, elə həmin istiqamətdə də şəhid olub. Dörd ay itkin şəhid kimi axtarışda oldu. Biz onu 2021-ci il yanvarın 22-də uğrunda canından keçdiyi Vətən torpağına tapşıra bildik. Qardaşımla fəxr edirəm. Bu gün onun torpağa tapşırılmasından dörd il ötdü. Vətən sağ olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlıqları bir ömür yaşayacaq, qanları ilə yazdıqları tarix heç zaman unudulmayacaq”.
Döyüş yoldaşı, ehtiyatda olan hərbi qulluqçu, Vətən müharibəsi veteranı Cəlal Zeynalov Elvin Şükürlünün çox cəsarətli bir komandir olduğunu bildirib: “Elvin komandir kimi öz əsgərlərinə doğması kimi yanaşırdı. Öz tabeliyində olan əsgərlərin, hərbi qulluqçuların qayğısına qalırdı. Onun atası Azad Şükürlü Birinci Qarabağ müharibəsi qazisidir. Öz övladlarını vətənpərvərlik ruhunda tərbiyə edib və qəhrəman kimi yetişdirib”.